backend

Aslanov Aslanovun “qorxulu yuxusu” danışdı - (Video)

Aslanov Aslanovun “qorxulu yuxusu” danışdı - (Video)
















“Yeni Müsavat” qəzetinin bugünkü sayında “Aslan Aslanovun “qorxulu yuxusu” ölkəyə qayıdır” sərlövhəli məqalə dərc olunub

Məqalədə bildirilir ki, Şəmkirin sabiq icra başçısı A.Aslanovun təzyiqləri nəticəsində ölkədən qaçmış Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı, hazırda axtarışda olan və bu səbəbdən xaricdə gizlənən Bəhmən Nəsibov ölkəyə qayıtmağa hazırlaşır.

Yazıda o da bildirilir ki, sabiq hərbi komissar keçmiş icra başçısının özünün və qohumlarının ona qarşı qanunsuzluqları haqda ifadə vermək niyyətindədir. Əlavə olunur ki, hətta B.Nəsibovun artıq ölkəyə qayıtması haqda da xəbər var...

Məqalədə daha sonra 4 il qabaqkı bu qalmaqalın tarixçəsindən bəhs olunur. Yazıda deyilir: “Yada salaq ki, 2011-ci ildə B.Nəsibov ölkədən qaçaraq başına gələnlərlə bağlı redaksiyamıza məktub yollamışdı. Hərbi komissarın açıqladığı faktlar o dövrdə müdafiə naziri olan Səfər Əbiyevi və kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tutan, de-fakto hərbi komissarlıqlara nəzarət edən A.Aslanovu çox rahatsız etmişdi. B.Nəsibov Əbiyevlə Aslanovun əməlləri barədə şok faktlar açıqlamışdı.

“Yeni Müsavat”ın 31 oktyabr, 2011-ci il tarixli sayında “Səfər Əbiyevin Aslanı...” sərlövhəli yazıda B.Nəsibov bildirirdi: “Qəzetinizin internet saytında Ali Hərbi Akademiyanın dinləyicilərinin Müdafiə Nazirliyinin rəhbərliyi barəsində ifşaedici müraciətlərini oxudum. Orada göstərilən faktlarla tam razıyam. Müraciətlərin birində Azərbaycan ordusunda “rüşvətin xaç atası” kimi təqdim olunan, kənd təsərrüfatı nazirinin müavini, faktiki olaraq Səfər Əbiyevin “qaranlıq məsələlər üzrə” məsləhətçisi Aslan Aslanovun cinayətkar hərəkətləri barədə məlumat vermək istəyirəm. Mən hazırda axtarışdayam.

Səfər Əbiyevin şəxsi göstərişi ilə saxta ittihamlarla Hərbi Prokurorluq tərəfindən ləkələndiyimə görə xarici dövlətlərin birində yaşayıram. Keçmiş respublika hərbi komissarı Əlağa Hüseynov təqaüdə göndərildikdən sonra hərbi komissarlıq sistemi de-fakto tam olaraq Aslan Aslanovun nəzarətinə keçdi. Aslanov məni və bir çox hərbi komissarları Bakıya yanına çağırdı. Mənə dedi ki, səni nazir Səfər Əbiyev vəzifədən çıxarmaq istəyir, vəziyyətin yaxşı deyil. Həqiqətən də bu görüşdən bir neçə gün qabaq Respublika Hərbi Komissarlığından eşitmişdim ki, nazir Əlağa Hüseynovun adamı kimi mənim işdən çıxarılmağım barədə əmr verəcək. Aslanov mənə dedi ki, Əbiyevlə danışıb, vəzifədə qalmağın barədə xahiş edəcəm, sən get təcili 150 min manat tap gətir. Mən borc-xərc edərək 120 min manat düzəldib “müəllimə”, yəni Aslan Aslanova - o, orduda bu ləqəblə tanınır - verdim.

O isə yanımdaca Səfər Əbiyevə zəng edərək “bu, bizim adamdır, Əlağanın adamı deyil, hər şey qaydasındadır” dedi. Həqiqətən məni işdən çıxarmadılar. Üç ay işləyərək növbəti çağırışı yola verdim. Çağırış bitəndən sonra “müəllim” mənə zəng edərək vəziyyətimin yenə də yaxşı olmadığını, nazirin məni işdən çıxarmaq istədiyini söylədi. Mən ona hələ də 120 min manat borcu qaytara bilmədiyimi, vəziyyətimin ağır olduğunu dedim. Aslanov cavabında əlavə 100 min manat tələb edərək vəzifəmdə saxlanmağıma və yaxın aylarda Bakı şəhərinə yerimi dəyişdirəcəyinə söz verdi. Əlbəttə, əlavə xərc hesabına. Mən Rusiyada işləyən qohumlarımdan birinə zəng edərək 40 min dollar borc aldım.

Onu Azərbaycan manatına çevirərək 30 min manatı Şəmkir rayon komissarına verdim ki, mənim işimi “müəllim”dən xahiş etsin. O, Aslan Aslanovun pulyığanıdır. Ancaq bir neçə gündən sonra məni vəzifəmdə saxlanmaq əvəzinə işdən çıxarılıb cəbhə bölgəsinə göndərilməyim barədə nazirin əmri gəldi. Şəmkir rayon hərbi komissarı Həsrətə verdiyim 30 min manat da belə batdı...”

B.Nəsibov yazırdı ki, barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb: “Artıq başa düşdüm ki, Aslan Aslanovun son dəfə məndən 100 min manat pul istəyini yerinə yetirə bilmədiyim üçün barəmdə bu müdhiş qərar verilib. Bunların caynağından qurtulmaq üçün doğma vətənimi müvəqqəti tərk etdim”.

B.Nəsibov A.Aslanovla bərabər onun qohum və qardaşını da ittiham edirdi: “Aslan Aslanov və onun qardaşlarının, qohumlarının çoxsaylı, zəhlətökən, cinayət xarakterli sifariş və göstərişlərini yerinə yetirəndə artıq sən də cinayət əməlinə yol verirsən. O sifarişləri yerinə yetirməyəndə isə Səfər Əbiyevin qara siyahısına düşərək hər gün müxtəlif üsullarla şantaj olunursan. Aslan Aslanovun Qərb bölgəsinə səfəri bizim qara günlərimiz sayılırdı.

Bizim zonadan keçib getməsi hər bir komissara, o cümlədən mənə 10 min manata başa gəlirdi. Gəncə səbətləri və çox bahalı hədiyyələrdən başqa. Bundan əlavə, Səfər Əbiyevin ad günü və digər bayramlar, Aslan Aslanovun ad günü və digər bayramlarda onlara yığılan pulların və hədiyyələrin sayı-hesabı yox idi. Bəlkə də Səfər Əbiyevin onun ad günü və digər bayramlar münasibətilə yığılan pullar və hədiyyələrdən xəbəri yox idi. Söhbət yüz minlərlə manatdan və çox qiymətli (qızıl, brilyant, digər zinət əşyaları) hədiyyələrdən gedir. Ola bilsin, Aslanov Səfər Əbiyevin adından istifadə edərək bu pulların və hədiyyələrin dalına keçirmiş”.

B.Nəsibov ölkəyə qayıdacağını təqdim etdiyimiz məktubunda da anons etmişdi. O yazırdı: “Mən barəmdəki saxta və qərəzli ittihamdan müvəqqəti yayınmışam və könüllü olaraq Azərbaycana qayıdıb istintaqa gələcəm. Və Aslan Aslanovun məndən aldığı 120 min manatı, Həsrətə verdiyim 30 min manatı, Aslan Aslanova çəkilmiş xərclər və hədiyyələrin haqq-hesabını tələb edəcəm. O pulları verərkən yanımda çoxsaylı şahidlərim olub. Onlar istintaqa gələcəklər. Qoy ədalət mühakiməsi mənim və Aslan Aslanovun hökmünü versin...””

***

Göründüyü kimi, qəzet bunları B.Nəsibovun dilindən nəql edir. Məqalədə o da bildirilir ki, bunları qəzetin redaksiyasına göndərdiyi məktubda sabiq komissar özü yazıb.

Bu gün virtualaz.org saytına məktubla müraciət edən Bəhmən Nəsibov isə fərqli açıqlama verib. Sabiq komissar məktubuna çıxışının videoyazısını da əlavə edib. O, müraciətində bildirir ki, sözügedən qəzetin redaksiyasına heç bir müraciət və ya məktub yollamayıb.

Qeydlərini özü, doğulduğu yer, kimliyi, təvəllüdü və s. haqqında məlumat verməklə başlayan B.Nəsibovun məktubunu olduğu kimi təqdim edirik:

***

“Nəsibli Bəhmən Zahir oğlu, Azərbaycan, İsmayıllı, Şəbyan kəndi, 15.04.66.

Şəxsiyyət vəsiqəsi AZE 02012443, 09.09.2004, İsmayıllı RPŞ.


Son vaxtlar bəzi mətbu orqanlarında, o cümlədən “Yeni Müsavat” qəzetində mənim şəxsiyyətimə, şərəf və ləyaqətimə toxunan məqalələr verilir. Bununla əlaqədar olaraq öyrəndim ki, həmin mətbu orqan mənim xəbərim və onlara heç bir müraciətim olmadan belə məqalələrdən yüksək vəzifəli şəxslərə qarşı istifadə edir. Bu, mənə çox pis təsir etdi.

Bununla bağlı o zaman öz vəkilim Nizami Abbasova, mənə yaxın əziz-doğma qardaşlarıma müraciət etdim. Əlavə olaraq xahiş etdim ki, Azərbaycanda çıxan “Yeni Müsavat” qəzetinin əlaqə nömrələrini tapıb versinlər. Səhv etmirəmsə, 510 01 23 nömrəli telefonla əlaqə saxladım, həmin qəzetin redaktoru Famil Cəfərli mənimlə danışdı. Mən ona bildirdim ki, qəzetin 08.09.11, 13.09.11 və 17.09.11-ci il tarixli saylarında nəyə görə mənim adımdan məqalələr verilir, yüksək rütbəli, vəzifəli şəxslərə qarşı böhtan xarakterli, yəni heç vaxt baş verməmiş məlumatlar verirlər, bu nə qanuna, nə də hər hansı bir çərçivəyə sığmayan məsələdir...

Mənim problemim başqadır. Mən xidmət etdiyim dövrdə də aylarla hospitalda müalicə olunmuşam, hazırda da səhhətimlə bağlı çox ciddi problemlər yaşayıram. Bununla bağlı Avropa ölkələrinin birində müalicəmi davam etdirirəm.

Eşitdiyimə görə, Hərbi Prokurorluq tərəfindən mənim barəmdə cinayət işi qaldırılıb. Bu, mənim hərbi hissəni özbaşına tərk etməyim, həm də hansısa saxta şahidlərin ifadəsi ilə guya hansısa sənədlərin verilməsində rolumun olması ilə bağlıdır. Bu barədə məlumat verirəm ki, hələ xidmət dövründə dəfələrlə raportla müraciət edərək tərxis olunmağım üçün yuxarı komandanlığa müraciət etmişəm. Xidmət etdiyim dövrdə komissarlıqda bütün şəxsi heyətin belə əməllərə yol verməməsi üçün çağırışqabağı əmrlərimdə və həkim komissiyasına verdiyim əmrlərdə bu barədə qeydlər aparılıb. Bunu bilmək istəyənlər gedib qaldırıb əmrlər kitabına baxa bilərlər.

İkincisi, “Yeni Müsavat” qəzetində mənim bugünkü vəziyyətimdə onlara heç bir müraciət etmədən barəmdə belə yanlış şeylər yazılır. Onları ən azı düzlüyə dəvət edirəm. Bəsdir, mən sizə xəbərdarlıq etmişdim. Mənim nəinki Müdafiə Nazirliyindən, ümumən göstərilən digər şəxslərdən heç bir narazılığım, şikayətim olmayıb. Xidmət etdiyim dövrdə müdafiə nazirimizdən həmişə razı qalmışam, onun əmrləri bir zabit kimi mənim üçün həmişə əmr olub. O, şərəfli, ləyaqətli bir Azərbaycan hərbçisidir. Bunu mən heç kəsin təsiri altında demirəm, bunu mənə heç kəs deməyib. Mən sadəcə olaraq qəzetdə gedən bu materiallardan hiddətə gəlmişəm.

Bu videomüraciəti, sənədimi göstərdim, telefonla onlara müraciət etdim, rəsmi vəkilimə, yaxınlarıma müraciət etdim. Amma bunların nəticəsi, təsiri olmadı. Təsir etmədisə, öz məqsədləri üçün belə oyunlara əl atırlarsa, təəssüf olsun. Yığışdırsınlar özlərini, belə məsələlərlə insanları ləkələmək, onların şərəf və ləyaqətini alçaltmaq olmaz.

Buna görə də bunlara son qoymalarını tələb edirəm, əks təqdirdə lazım gəlsə, vəkilim bu videomaterialdan onlara qarşı istifadə edəcək.

Mən - Nəsibov Bəhmən Zahir oğlu bu videomaterialı əksimlə (görüntümlə) və səsimlə təsdiq edirəm”.

Qeyd edək ki, B.Nəsibovun vəkili N.Abbasov da 2011-ci ilin sentyabrında “Yeni Müsavat”ın baş redaktoruna və Mətbuat Şurasının sədrinə bu məsələ ilə bağlı müraciət ünvanlamışdı. Həmin müraciətdə deyilirdi: ““Yeni Müsavat” qəzetinin 09.09.2011-ci və 13.09.2011-ci il tarixli saylarında hüquqlarını müdafiə etdiyim Bəhmən Nəsibovun adından həqiqətə uyğun olmayan məqalələr verilib. Bu yazılarda ağır cinayət hadisələri barədə qeyd olunan ifadələr B.Nəsibovun adından verilsə də bu yazılardakı fikirlər onun dilindən səslənməyib.

Belə ki, “Yeni Müsavat”ın 09.09.2011 və 13.09.2011-ci il tarixli saylarında axtarışda olan sabiq hərbi komissar B.Nəsibov “Müdafiə naziri ilə Aslan Aslanov zabiti göstərib dedilər ki...” məqaləsində qeyd olunan sözlərin heç biri B.Nəsibov tərəfindən ifadə olunmayıb. Məqalə müəllifi bununla B.Nəsibovu ağır cinayətdə suçlayıb, şərəf və ləyaqətini alçaldıb, onun və ailə üzvlərinin mənəvi əzablar çəkməsinə, psixoloji sarsıntılar keçirməsinə səbəb olub.

Bunları nəzərə alaraq “Yeni Müsavat”ın 09.09.2011 və 13.09.2011-ci il tarixli saylarında B.Nəsibovun adından verilmiş yanlış ifadələrə dair təkzib verilməsini sizdən xahiş edirəm. Müraciətimə qanunla nəzərdə tutulan vaxtda cavab verilməsini rica edirəm”.

“Yeni Müsavat” qəzetinin bugünkü məqaləsinə Aslan Aslanovun yaxın ətrafından da münasibət bildirilib.

Onlar virtualaz.org saytına açıqlamasında qəzeti həqiqətə uyğun olmayan məlumat yaymaqda ittiham edib: “Bu, onların 1001-ci yalanı idi. 1002-cidə məhkəmədə görüşəcəyik”.