backend

İlham Əliyevdən Mingəçevirlə bağlı 2 sərəncam və 1 fərman

İlham Əliyevdən Mingəçevirlə bağlı 2 sərəncam və 1 fərman






















2 milyon pul ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.

qaynarxett.az dövlət başçısının saytına istinadən xəbər verir ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılacaq.

Parkın ərazisində innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumlarının yaradılması nəzərdə tutulur.

İlham Əliyevin digər bir sərəncamı ilə Mingəçevir Sənaye Parkını yaradılıb.

Sərəncamda vurğulanır ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Parkın fəaliyyətini təmin etmək üçün “Mingəçevir-Toxucu” ASC-nin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Cəmiyyətin daimi istifadəsinə veriləcək.

Bundan başqa, prezident Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat ayırıb.