backend

Dünya millətlər savaşına qalxırkən, Bico kəndi məhv olur!

Dünya millətlər savaşına qalxırkən, Bico kəndi məhv olur!


















Seymur Əhməd

Bicolulara bəzəksiz-düzəksiz, birbaşa müraciət:


A.Bakıxanovun təbirincə, mehribanlıq gözəl xasiyyət olsa da, bəzən qəzəb də öz yerində bəyənilir.... Mizə Tərxanın status yazısındakı fikirləri də emosiyalıdı, amma yerində və zamanında işlənib. Onun müraciətinin davamı olaraq, mən də aşağıdakı fikirlərimi paylaşmaq istəyirəm:
Bico kəndinin adını üstündə daşıyan mənsəb sahiblərinin, imkanlı şəxslərin əksəriyyətinin bu günkü yaşam şəraiti onlara yayda toz, qışda palçıq içində batan kəndimizi görməyə imkan vermir (Təbii ki, kəndin xeyir-şərində, qayğılı günlərində camaatın yanında olanlar istisnadır). İmkanları daha da bol olsun! Biz belə deyirik! Yeri gələndə, fəxr də edirik onlarla, amma quru-quru! Onların bəzisi ümumiyyətlə bicolu olduğunu danırlar. Ki, birdən kimsə ondan hansısa xeyriyyə işində iştirakını istəyər!.. Düzdü, o imkanı, vəzifəni, var-dövləti bizlərlə şərik qazanmayıblar, ancaq vicdan prizmasından yanaşanda, hər bir bicolunun qazandığı uğurlarda Bico kəndinin danılmaz payı var, - ən azından suyuna, havasına, torpağına, çörəyinə və bir də şərəfli adına görə!
Guya onlar bilmirlər ki, bu gün Bico Ağsunun yox, Azərbaycanın xəritəsindən silinmək üzrədi?!. Onlar eşitmirlər ki, Şirvan mahalında Biconun adı çəkiləndə bu kəndin keçmişini tanıyanların ürəyində indi bizə qarşı yazıqlıq və kinayə hissi formalaşır?!. Halbuki adımız qürurumuz olub həmişə!.. Qeyrətimiz çatsa bu gün Bico soyğunçuların, tamahkarların iradəsindən əziyyət çəkməz! Təpərimiz olsa, bu kəndin taleyini, hamılıqla, ürəyi bu kəndin ürəyi ilə döyünən oğulların iqtiranına və ixtiyarına verərik!
Bizim imkanımız, imkanlılarımızınsa canıyananlığı, vətənpərvərliyi yoxdu!
Onlara demək istəyirəm ki, nüfuzunuzun, vəzifənizin, sərvətinizin əlinizdən çıxacağından qorxursunuzsa, əmin olun, adınız heç yanda çəkilməyəcək! Bizi verin qabağa, amma kömək göstərin bu kəndi xarabazarlıqdan yaşayış məskəninə çevirək! Bələdiyyə seçkilərində, rəhbərlik təyinatında hamılıqla iştirak edək! Dostbazlığı, qohumbazlığı unudaq! Keçmişə hörmət, gələcəyə təminat naminə qüvvələrimizi birləşdirək, Biconu parazitlərdən, viruslardan təmizləyək!..
Ağsu rayonunun 10 evdən ibarət kəndləri də mavi yanacaqla təmin olunub, amma Bico və onun kimi bir neçə mütiləşmiş dib kənləri hələ də səhərləri təzək tüstüsü ilə açır. Nə rüşvətxor başçıların, nə də tamahkar deputatların "yaşayış məntəqələri siyahısı"nda Biconun adı yoxdu.
Hörmətli həmkəndlilər, Bico imkanlıları! İnsanlar iki halda birləşməyə daha çox cəhd edir: bir əhval-ruhiyyələri, güzəranları yaxşı olanda; bir də həyatları bərbad olanda, günləri qara gələndə! Deyirlər, qaradan artıq rəng olmaz. Biconun qara günləri də arxada qalıb!
Bilirik ki, sizlərin bir neçə dəfə etimadını, etibarını doğrultmayıblar, amma bu gün hissə qapılmaq vaxtı deyil!.. Əgər müraciətlərimiz damarlarınızı tərpədəcəksə, bu səhifədə Bico ilə bağlı istədiyiniz suala cavab tapa biləcəksiniz. Yetər ki, dədə-baba yurdunuzun baxımsızlığı qeyrətinizə toxunsun!