backend

Sakinlər gecə-gündüz səksəkədə

Sakinlər gecə-gündüz səksəkədə































Yasamal rayonunun Şərifzadə küçəsi 122, blok 1-də yaşayan sakinlər yaşadıqları binanın qəzalı vəziyyətindən şikayət edirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti “Qaynar xətt” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 122, blok 1-də yaşayan sakinlər tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Ərizədə deyilir:

“Sizə bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan binanın birinci girişi qəzalı vəziyyətdə olmasına baxmayaraq müraciət etdiyimiz yerlər bizi ancaq müxtəlif dövlət orqanlarına yönləndirir. 2013-cü ildən bu vaxta qədər Yasamal rayon 32 saylı MİS, həmin rayonun İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur. 2013-cü ildə ANS şirkətlər qrupunun çəkilişindən sonra binanın təmir ediləcəyi deyilsə də hazırda mənzillər yararsız haldadır. 2014-cü ildə Kanal 13-ün də apardığı çəkiliş nəticəsiz qaldı. Divarlarda yaranan nəmişlikdən səhhətimiz pisləşib, pilləkənlərdən və tavandan qopan hissələr hər an kiminsə həyatına təhlükə yarada bilər. Həmçinin təmir olunan mənzillərdə də yeni çatlar əmələ gəlib. Əgər yüngül bir problem olsaydı yəqin ki, bu çatlar davamlı olaraq artmazdı. Bizə dövlət orqanlarından gələn cavab məktubları isə eynidir. Məktublarda maliyyə vəsaiti ayrıldığı təqdirdə Departament tərəfindən təmir-bərpa işlərinin yerinə yetiriləcəyi deyilir. Halbuki 2 il ərzində sadəcə baxış keçirdirlər. Binanın qarşısında yeni bir tikinti üçün yer qazılması da təsirsiz ötüşmədi, çatlar daha da artdı. Daha sonra vəziyyətin pisləşdiyini görüb qazıntını dayandırsalar da həyat şəraitimizi çox bərbad hala saldılar. Sizdən xahiş edirik ki, bu məsələ ilə maraqlanasınız və bizi bu təhlükəli həyatdan xilas edəsiniz. Ümidvarıq ki, müraciətimizi nəzərə alaraq ölçü götürəcəksiniz.

Tarix: 26.02.2015”


Redaksiyadan: Yuxarıda nəzərinizə çatdırdığımız şikayət məktubu əməkdaşımız tərəfindən araşdırılır. Növbəti sayımızda həmin araşdırma barədə geniş yazını oxuya bilərsiniz.