backend

Nazirlər Kabinetində köhnə eşalon yola salına bilər

Nazirlər Kabinetində köhnə eşalon yola salına bilər

















Rəsizadənin müavinləri yol üstündədir…

Son vaxtlar ölkə rəhbərliyi bir sıra struktur islahatları aparmaqla “ortada yeyib, qıraqda gəzən”lərin sayının azaldılmasına start verdi. Daha doğrusu, oxşar səlahiyyətləri olan, funksionallığı aşağı qurumların ləğvinə, yaxud onların səlahiyyətlərinin yaxın orqanlar arasında bölüşdürülməsinə start verdi.
Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və ölkədə əhaliyə elektrik enerjisi təchizatı göstərən 4 dövlət qurumu “Azərişıq” ASC-də birləşdirildi. Bununla da bu xidmətlərin birbaşa fəaliyyətinə dəxli olmayan bir çox administrativ vəzifələr aradan qalxdı.
Ekspertlər ölkə rəhbərliyinin bu addımını dəstəkləməklə yanaşı, struktur islahatlarının hətta bir qədər gecikdiyini bildirirlər. Onların fikrincə, iqtisadiyyatı yalnız neft-qaz üzrə ixtisaslaşan Azərbaycanın hökumət aparatı həddindən artıq şişirdilib. “Bizim bir sahəmiz var və onu da idarə etmək elə də çətin deyil. Adətən çoxsahəli iqtisadiyyatları idarə etməkdə çətinliklər olur. Amma buna baxmayaraq, təkcə nazirlikləri götürəndə, bizdə 20 nazirlik, üstəgəl komitələr var. Halbuki, dünya iqtisadiyytının 20 faizini tutan Amerika kimi ölkədə cəmi 16 nazirlik fəaliyyət göstərir. Böyük Britaniyada 17, Almaniyada isə 12 nazirlik işləyir”, — bunu təxminən on gün əvvəl tanınmış iqtisadçı, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev mətbuata açıqlamasında bildirmişdi.
Ekspertin fikrincə, bəzi nazirliklər və komitələri ləğv etməklə onları başqa nazirliklərin tərkibində şöbə və ya departamentə çevirmək olar. “Məsələn, Müdafiə Sənayesi Nazirliyini İqtisadiyyat və Sənaye Nazirliyinin daxilində bir bölmə eləmək olar, ayrıca bir nazirlik yaratmağa nə ehtiyac var? Bir çox ölkələrdə gömrük ayrıca departament kimi Daxili İşlər Nazirliyinə tabedir, vergi xidməti isə Maliyyə Nazirliyinin sanballı bir departamentidir”, — deyə Oqtay Haqverdiyev vurğulayır.
İqtisadçı ekpertin sözlərinə görə, iqtisadiyyat sahəsinə aid nazirlik və komitələrin əsasnamələrində çoxlu təkrarlar var: “Məsələn, Maliyyə Nazirliyinin əsasnaməsi ilə İqtisadi İnkişaf Nazirliyinin əsasnamələrində müəyyən fərqlər var, amma bəzi funksiyaları eynidir”.
Onun sözlərinə görə, funksiyaların belə yayqınlaşması fəaliyyətin effektivliyini aşağı salır. Oqtay Haqverdiyev misal kimi bir sıra nazirliklərdə nəzarət funksiyasının olmasını göstərir. Onun fikrincə, yoxlama ilə məşğul olan qurumlar sovet dövrünün tək nəzarət qurumu olan Xalq Nəzarətinin effektivliyin vermir. Səbəb nazirlik və komitələrə özlərini yoxlamaq səlahiyyətinin verilməsidir:“Ona görə də indi qurumlar heç kimdən çəkinmirlər. Halbuki SSRİ vaxtı hər hansı obyekt tikiləndə onu müstəqil komissiya qəbul edirdi, çox vaxt da qəbul etmirdi, müəyyən düzəlişlər edilməsini tələb edirdi. Normativlərə və standartlara əməl olunmayanda, günahkarları hətta həbsxanaya da göndərirdilər”.
Oqtay Haqverdiyev vaxtı ilə işlədiyi Nazirlər Kabinetinin fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Nazirlər Kabinetinin indiki strukturu bir növ SSRİ vaxtından qalıb və Azərbaycan SSR Nazirlər Sovetinə oxşayır: “Burada da böyük islahatlar aparılmalıdır. Bizdə prezident respublikasıdır, Nazirlər Kabinetinin funksiyaları tamam başqa olmalıdır.Tutaq ki, prezident hansısa bir qərar çıxarır, Nazirlər Kabineti onun qaydalarını təsdiq eləməlidir. Eyni şöbələr Prezident Administrasiyasında da, Nazirlər Kabinetində də olmasına baxmayaraq, onların funksiyaları fərqli olmalıdır. Nazirlər Kabinetinin böyük aparatı var və onlarda da ixtisarlar aparılmalıdır”.
Bir sözlə, belə iddialar da var ki, ölkə rəhbərliyinin struktur islahatları hökumət kabinetinə də sirayət edə bilər. İstisna edilmir ki, Nazirlər Kabineti aparatı da kiçildilsin, buradakı bir çox şöbələr birləşdirilsin və yaxud ləğv olunsun. Bundan başqa, baş nazir müavinlərindən humanitar sahəyə məsul olan Elçin Əfəndiyevin səlahiyyətlərinin digər baş nazir müavinlərindən birinin səlahiyyətlərinə daxil edilməsi gözləniləndir.
Eyni zamanda hesab olunur ki, baş nazir müavinləri İsmət Abbasovla Abid Şərifovun səlahiyyətləri də birləşdirilə bilər. Belədə isə bu iki vitse-spikerdən birinin vəzifəsi ilə vidalaşması mümkün sayılır.
Hər halda Nazirlər Kabinetindəki struktur islahatları yalnız büdcə vəsaitlərinə qənaət baxımından deyil, həm də onun daha çevik orqana çevrilməsi baxımından arzuolunan hesab edilir. Ekspertlərin bu gözləntilərinin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Odur ki, prosesləri qabaqlamağa çalışmayaq. Yəqin ki, qarşıdakı dövrdə bu deyilənlərə də tamamilə aydınlıq gələcək.