backend

Oqtay Şirəliyev səhiyyəsinin "siması"

Oqtay Şirəliyev səhiyyəsinin "siması"






















Mərkəzi Kliniki Xəstəxanada xəstəni gedər-gəlməzə necə hazırlayırlar?

Mərkəzi Kliniki Xəstəxana maddi-texniki təchizat səviyyəsinə görə ölkənin qabaqcıl pullu müalicə müəssisəsi sayılır. Xəstəxanada həm də dövrümüzün ən bahalı həkimləri çalışır. Həkimlərin peşəkarlıq səviyyəsi barədə bir söz deyə bilməyəcəyəm. Lakin buradakı tibbi xidmətdən razı qalan vətəndaşları barmaqla saymaq olar. Həm də çoxlarının haqq dünyasından fikir bildirmək imkanı xeyli məhduddur, artıq dünyasını itiriblər. Xəstəxanada tibbi xidmətin yumşaq desək effektsizliyini sübut edən amillərdən biri də xəstələrin təkrar müalicə üşün xarici ölkələrdəki müalicə müəssisələrinə üz tutmasıdır. Özü də belə müalicə bizdəkindən qat-qat aşağı xərclə başa gəlir. Səhiyyə naziri Oqtay Şirəliyevin Mərkəzi Kliniki Xəstəxanaya həm də hansı digər təsir rıçaqlarına malik olması barədə əlimizdə konkret bilgi yoxdur. Lakin, bildiyinmizə görə oralarda nazirin sözü keçmir. Klinikanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti də yetərsiz adlandırmaq olar. Odur ki, müvafiq informasiyalara giriş imkanı olan səlahiyyətlilərin klinikanın bu və ya digər hesabatları ilə tanış olmasına ehtiyac görürük. Bunlar öz yerində. Mərkəzi Kliniki Xəstəxananın saytından əldə etdiyimiz bir neçə məlumatı diqqətə çatdırmaq istəyirik.
Maraqlı bir detal. Xəstəxananın daxili qaydalarına görə burada müalicə alan xəstə və xəstə yaxınları nizam-intizama riayət etməlidir, əks təqdirdə Mərkəzi Klinika rəhbərliyi tərəfindən kənarlaşdırılacaqlar. Kənarlaşdırmalar ən müxtəlif formada həyata keçirilir. Bu qayda xəstənin cibi ilə birbaşa qanuni təmasını rəsmiləşdirir. Bə bu təmas nədən ibarətdir? İlk növbədə klinikada yatırdılacaq xəstədən ona göstəriləcək xidmətlərə görə xəstənin müəyyən etdiyi məbləğdə ilkin avans tələb olunur. Müalicə müddəti boyunca göstərilən xidmətin məbləği günlük olaraq bu avansdan çıxılır. Avansa xəstələr kontur adı veriblər. Elə ki, xəstənin konturu bitir, yeni avans ödənilməlidir. Əks halda heç bir məsləhətləşmə aparılmadan xəstəni palatadan çıxarıb verirlər yaradanın ümidinə. Xəstəxanaya stasionar və ya reanimasiya şəraitində müalicə üçün qəbul edilmiş xəstə yaxınlarının şahid olduqları antihumanist hərəkətlər barədə söhbətlərini dinlədikcə sanki adamın qanı donur. Özünüz fikirləşin, xəstəxanaya müalicəyə gəlmiş xəstə hansı intizamsızlığı edə bilər? Bəzi tibb bacıları kimi durub kiminsə kürəyinə bıçaq sancası deyil ki, pulumu qaytar deyə. Belə münaqişələr klinikada ara-sıra baş verib.

Bəli, düzgün yəqin etdiniz, deməli söhbət astronomik ödənişlərin vaxtında özü də avans şəklində xəstə məsləhətçilərinə ödənilməsindən gedir. Ödənişlərin məbləği qeyd etdiyimiz kimi, astronomik göstəricilərilə kəllə-çarxa vurur. Burada günlük müalicənin bəzi preyskurantları adamı dəhşətə gətirir. Qiymətlər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artan sıra ilə dəyişir. Ən ucuz müalicə hesab edilən ambulans xidmətinin qiyməti Bakıda saatda 80 manatdır. Artıq olarsa hər növbəti 15 dəqiqə üçün "sayğac" 28 manat hesablayır. Təcili yardım xidmətləri iş günlərindən asılı olaraq 43-85 manat civarındadır.Təcili yardım manipulyasiyalarının siyahısına nəzər salın: bunların "şotçiki" birdəfəlik yara sarğısına görə 22 manat udur. Əzələ daxilinə inyeksiya-3 manat, vena daxilinə iynə vurdurmaq-11 manat reanimasiyada yatan xəstə təqibi digər tibbi xidmətlərlə birlikdə gündə 1500-2500 manat civarında dəyişir. Bu məbləğ qeyd edim ki, şərtidir. Hamısını sadalamağa isə səbrim çatmır, Mərkəzi Kliniki Xəstəxanada nəfəs almaq da az qala pulludur. Məsuliyyəti isə heç kəs boynuna götürmür. Daxili qaydalarda göstərilir ki, xəstəxana itən əşyalara görə heç bir məsuliyyət daşımır. Kliniki xəstəxana həm də həyatını həkim səhvi üzündən itirən xəstələrə görə də məsuliyyət daşımır. Bu barədə heç bir kompensasiyadan söhbət belə gedə bilməz. Burada həkimə səhvini sübut etmək kimi presedent hələ ki, baş verməyib, çünki sərf eləmir rəhbərliyə, klinikanın imicinə xələl gətirə bilər. Xəstəxanada xəstələrdən müalicəyə görə alınmış ilkin ödənişin qaytarılması prosedurları barədə isə heç bir məlumat yoxdur. Hardan olsun. Axı burada xəstəni gedər-gəlməzə yola salmaq prosedurları müalicəni çoxdan üstələyib. Sadəcə məsələni açıb-ağartmağa ehtiyat edirlər. Oqtay Şirəliyev səhiyyəsinin daha bir "siması" belədir.

Mirkərim Əbdüləliyev