backend

Manatın batmış mandatına bir sükut mesajı

Manatın batmış mandatına bir sükut mesajı











Fəaliyyət Qurbanov

...Yatdığımızı yatmışıq, bu bazar ertəsi ayıldan olsaydı, bizi böyük dəyişikliklər gözləyirdi,bəlkə də. Ayıltmadılar deyə, dolların manatı yıxıb sürüməsi mənzərələrinə baş bankirimizlə birlikdə "azarkeşlik edə bilmədik. Susduq ki, "iynəyə oturub kayfla" köhnə yuxularda oynadığımız "qaytağı"nın soncuğunu qoşa təpiklə alnımıza nakolkalamasınlar, ayıbdır axı...Çoxluq üçün hallanmaq vərdiş halını alıb. Dərvişlik tərki-dünyalıqdı. Ağıllı adamlara vedrə bağlayan impulsiv idarəçilik cəmiyyətində görünür belə məsləhətdi. Bizim inkir-minkirlə onsuz da söz güləşdirən halımız yoxdu. Adamı korrupsiyada ittiham edib başını əkərlər, balqabaq bitər. Mən sözümün müşkülünü hələ yerli-yataqlı ortaya qoymamışam qadoyalım, onu açmağa nə var ki? Hərgah bacarmırsansa get də aç sehrli sandıqlarını, içindəki qəpik-quruşla eşələ, sonra da kamali-ədəblə qulaq ver yalançı “lazım”lara, çörəyi neynirsən?.. Mənə bax e, dərdli deyinmələrdən qulağımı,gözlərimi dincə qoysam da dilim dinc durmur. Çünki, bizim bütün ehtiyacın mayasını pula urcah eləyiblər. Ona görə çox danışıram ki, bəlkə pul verib susduran oldu ən yaxşı halda. Hansı yaxşıfdı, deyinə-deyinə dəlilik kağızı əldə edib buna görə dövlətdən maddi təminat qarantı qazanmaq, yoxsa?..
Bunlar mənim bu aləmdəki kinderlik psixologiyasına fərdi və individual xəyali baxışlarımın ziqzaqvari təzahürləridi, kimsə anlamaq istəmir. Parazitar dolanışığın günbəgün intişar tapdığı, əxlaq və mənəviyyatın kommersiya maraqlarına uyğun sertifikatlaşdırıldığı, gözəgörünməz "çamur mədəniyyəti"nə önəm verildiyi bir dönəm qapıları kəsdirib.Belə getsə kütləvi iblisləşmələrdən heç kəs canını qurtarmayacaq. Buna heç çalışan belə olmayacaq. Çünki, eqoist formalaşdıran bir cəmiyyətdə "cəbiş müəllimlik" ayıb sayılır, mənəvi-ruhi aclıq isə qəbahət deyil. Burda qəbahətin sənin imkansızlığındı. Onsuz da hamının qəlbində varlanmaq adlı bir xəyal qurulub. O xəyalın projektorunda “şapka tanağını tərs qoyub” opponentlərlə arxayın “haqq-hesab” çürütmək projesi də var. Nə isə, bunlar dədə-baba adəti olsa da, xırda-mırda şeylərdi.
Bu naqolay problemlərdən urus çarı İkinci Nikolay da bəlkə baş açmazdı. Biz də durub onun işləklərindən dəm vururuq. Boş şeydi, vallah-billah boş şeydi...İş olan yerdə problemlər də olur. Problemlərin içindəki çabalarla yenə həmənki əzəmətində qalmaq, millət qarşısında əvvəlcə teleefirdən "züyüldəmək", sonra da selektor vasitəsilə kabinetdən dollara qarşı zəfər yürüşü sərgiləmək tam qələbə sayılmasa da, imitasiya kimi maraqlı mənzərədi. Elə isə, gəlin son devalvasiyadan sonra bir kabinetlik bankirliyin ideal ovqatına bir sükut mesajı göndərək. Mümkündürmü? Sonra gec olacaq. Deyilənə görə, tezliklə Məğribdən bir ulduz, Məşriqdən də bir ulduz göyün yetmiş yeddinci qatında, olsun ki, Əkizlər bürcündə toqquşacaq. İo-Kio baba deyir ki, fəsad olmasın deyə, təcili təzə-tər çiçəklərdən ibarət çəmənlik salınmalıdır. Paytaxtdan saatı 20 manata, yox e, 20 dollara yalan üstündə cəh-cəh vurmağa bir neçə bülbül də dəvət edib kollektivin başını qatmaq pis olmazdı.