backend

Oktay Şirəliyevin səhiyyəsində daha bir rəzalət

Oktay Şirəliyevin səhiyyəsində  daha bir rəzalət
















“Cəlilabad Mərkəzi Xəstəxanası cəngəllik qanunları ilə idarə olunur. Burada rüşvət, şirinlik vermədən müayinə və müalicə olunmaq, hər hansı sənənd almaq mümkün deyil”

Bu sözləri qaynarxett.az-ya rayon Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşlarından biri söyləyib.
O, bildirib ki, xəstəxanada müasir rüşvət sisteminin ən unikal qaydalarından istifadə olunur: “Rayonda Təcili Tibbi Yardım Stansiyası fəaliyyət göstərsə də, tibbi heyət xəstələrin ayağına deyil, xəstələr onların ayağına təşrif buyurur. Hətta vəziyyət o qədər dramatikdir ki, vəfat edən şəxsləri belə qeydiyyata almırlar. Məcburiyyət üzündən təcili tibbi yardım stansiyasına üz tutanlara, qiymət oxunur. İynə vurulması, təzyiq ölçülməsi xidmətlərinə görə 5, sistem köçürülməsinə görə isə 10 manat şirinlik istənilir. Özü də bu qiymətlər öncədən xəstələrin diqqətinə çatdırılır ki, sonradan yayınma halları olmasın”.
Kəndlərdə sağlamlıq mərkəzlərinin fəaliyyət göstərdiyini deyən həmsöhbətimiz bilirdi ki, bu mərkəzlər formallıqdan o yana keçə bilmir: “Sağlamlıq mərkəzləri yalnız bəzi şəxslərin məvacib almaq, sonradan təqaüdə çıxmaq məqsədi ilə fəaliyyət göstərir. Özü də burada yalnız rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təyin olunmuş şəxslər fəaliyyət göstərə bilir. Ən adi sanitarı belə baş həkimin xeyir-duası olmadan işə götürmək mümkün deyil. Kəndlərdəki sağlamlıq mərkəzində elə işçilər var ki, onlar rayon Mərkəzi Xəstəxanasında ştatdadır. Məvacibi isə kənd sağlamlıq mərkəzindən alırlar”.
Rayon sakinlərinin dəfələrlə Cəlilabad Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova şikayət etdiyini deyən müraciət müəllifi baş həkimin “Mənim arxamda ciddi qüvvələr dayanıb, nə qədər ki, mən varam, şirinlik də olacaq, rüşvət də” misalının rayonda geniş yayıldığını söylədi.
Sonda həmsöhbətimiz söylədi ki, baş həkim rayon Mərkəzi Xəstəxanasının balansında olan dərman pereparatlarını pulla satır və adı olub, özü olmayan xəstələrin adına rəsmiləşdirir.
Ardı var.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq