backend

Elgizin verilişi sərt tənqid olundu

Elgizin verilişi sərt tənqid olundu






















“Sən qələt eləyib evli kişi ilə yatmısan”

Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS Televiziyasının efirində yayımlanan “Adam içində” verilişini sərt tənqid edib.

qaynarxett.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan şöbə müdiri qeyd edib ki, “Adam içində” verilişi artıq “qırmızı xətt”i keçmək üzrədir. Veriliş cəmiyyətdə harda anormal hal varsa, onu müzakirəyə çıxarır. Məsələn, dünən - 3 mart tarixində ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparıldı. 24-25 fevral tarixində isə zorlama faktı üzərində müzakirə açılmışdı.

Sual oluna bilər ki, hansısa əxlaqsızın, tərbiyəsizin həyat tərzi, işdəkləri cəmiyyətin nəyinə lazımdır? Ümumiyyətlə, verilişin məqsədi nədir? Əgər məqsəd belə halların aradan qaldırılmasına dəstəkdirsə, buna nail olunacağı inandırıcı deyil.

Çünki belə hallar həmişə olub və olacaq. Əksinə, efir vasitəsilə ictimailəşdirmək eybəcərliklərin adiləşməsinə və bir növ təbliğinə rəvac verə bilər. Başqa sözlə, antireklam da reklamdır.

Məsələn, 2 fevral tarixində ekspert Kübra Əliyeva (aktrisa) problemi müzakirəyə çıxarılmış qadını belə aşağılamışdı:

“Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan. Sən qələt eləyib evli kişi ilə yatmısan”.

Bu hallar “Adam içində” verilişinin əslində müsbət missiyasına xələl gətirir. Belə ki, verilişdə sosial problemləri olan insanlara dəstək istiqamətində müəyyən işlər görülür. Xüsusilə həftənin cümə günləri veriliş tamamilə vətəndaşların işlə təmin olunmasına həsr olunur. Bu, orijinal layihədir. Di gəl ki, müzakirəyə çıxarılan bir sıra neqativ mövzular bu müsbət işlərin üzərinə kölgə salmaqdadır”.

Aytən Sadıqzadə