backend

Vasif Talıbov Naxçıvanda bahalaşmanın qarşısını belə aldı

Vasif Talıbov Naxçıvanda bahalaşmanın qarşısını belə aldı



















Manatın devalvasiyası Naxçıvanda bahalaşma doğurmayıb. Dövlət orqanlarının müdaxiləsindən sonra mallar əvvəlki qiymətlərlə satılır

Yerli sakinlərin “Azadlıq” radiosuna verdiyi məlumata görə, devalvasiyadan sonra qiymətlər cüzi qaldırılsa da bu hal çox çəkməyib. Kəskin bahalaşma ancaq siqaret və spirtli içki qiymətlərində müşahidə olunub. Bu dövrdə siqaretin qiyməti 80-100, spirtli içkilərin qiyməti isə 30-40 faiz arası qaldırılıb.

Sakinlər bildirir ki, bir neçə gün öncə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları market və dükanlara gələrək qiymətlərlə bağlı son tapşırıqlarını veriblər. Bundan sonra siqaret və spirtli içkilərdə qiymət artımı 20-30 faizə endirilib, digər məhsulların satışı isə devalvasiyadan əvvəlki qiymətlərlə həyata keçirilir.

Yerli sakinlər qiymət tənzimlənməsini müsbət qiymətləndirsələr də bu halın uzun sürə bilməyəcəyindən narahatdır.

Şərur rayon sakini Vaqif Quliyev deyir ki, qiymətlərin endirilməsini eşidəndə çox sevinib: “Kasıb adamlarıq. Təqaüdlə dolanırıq. Çox narahat idik ki, qiymətlər getdikcə qalxacaq. Dünən getdim dükana, gördüm girişdə yazılıb ki, bundan sonra siqaret və spirtli içkilərdən başqa bütün qiymətlər əvvəlki kimi olacaq. İçəri keçib gördüm ki, qalxan qiymətlər əvvəlki halına qaytarılıb. Düzdür, Naxçıvanda ərzaqda elə də artım olmamışdı. Ancaq qorxurduq ki, burada da getdikcə qalxacaq. Sağ olsunlar ki, müdaxilə etdilər, əvvəlki hala saldılar. Qalxan təkcə siqaretlə spirtli içkilərdir, bu da o qədər də lazımlı məhsullar deyil.

Əsas odur ki, çörək və ərzaq qalxmasın. Ancaq qorxuruq ki, bu cür saxlaya bilməyələr, qiymətlər yenə qalxa. Camaat deyir ki, gözdən pərdə asmaq üçün müvəqqəti endiriblər qiyməti”.

Qiymət tənzimləməsi alıcıları nə qədər razı salsa da satıcılar bundan bir o qədər narazıdır. Mağaza sahibləri deyir ki, qiymətləri aşağı salmağa məcbur edilsələr də topdansatış məntəqələrindən aldıqları məhsullar onlara bahalanmış qiymətlə satılır. Satıcılar bildirir ki, onları məhsulları aldıqları qiymətə, bəzən isə bundan da aşağı satmağa məcbur edirlər.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən mağaza sahibi deyir ki, bir müddət bu cür davam edərsə, iflasa uğrayıb dükanını bağlamaq məcburiyyətində qalacaq: “Bizə gətirdikləri məhsulların hamısında 30-40 faiz bahalanma var. Biz də bu qədər artırmalıyıq ki, nəsə qazanaq. Bizə isə elə şərt qoyublar ki, aldığımız qiymətə satmalıyıq. Yəni aldım qoz, satdım qoz. Necə olacaq - bilmirik. Deyirlər ki, qiyməti qaldırsanız, məsuliyyətə cəlb olunacaqsınız. Bir az da belə davam etsə, dükanı bağlamaq məcburiyyətində qalacağıq. Bizim satdığımız məhsulların böyük əksəriyyəti Naxçıvanda istehsal olunur. Bəzi mallar var ki, xaricdən gətirilir. Heç olmasa özləri istehsal etdiklərini əvvəlki qiymətə bizə versinlər ki, biz də dolanaq. Bütün istehsal bir-iki nəfər məmur qohumlarının əlindədir. Bu qadağanı həmin məmurlar ilk olaraq öz qohumlarına tətbiq etsinlər ki, qiyməti qaldırmasınlar. Özləri bunu kompensasiya etmək üçün istehsal etdikləri məhsullların qiymətini qaldırıb, bizə topdansatış adı ilə verirlər. Sonra deyirlər ki, biz verdiyimiz qiymətə satın, qazancsız işləyin. Onlar öz gəlirlərini qazanmaqda davam edir, yenə əzilən kiçik sahibkarlar olur”.

“Azadlıq” radiosu deyilənləri dəqiqləşdirmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən qiymətlərlərin əvvəlki səviyyədə saxlanması haqda deyilənləri təsdiqləsələr də dükan sahiblərinin iddialarını rədd etdilər: “Naxçıvanda qiymət artımı olmayıb. Təkcə siqaret və spirtli içkilərdə cüzi artım olub. Nazirlik heç kimi buna məcbur etməyib. Necə ola bilər ki, biz deyək, get məhsulu al və aldığın qiymətə də sat? Bunu deyənlər yalan danışır. Naxçıvandakı müəssisələr heç bir məmur qohumuna aid deyil”.

Rəsmi məlumata görə, hazırda Naxçıvanda ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın önəmli hissəsini yerli istehsal ödəyir. Məlumata görə, 332 növ məhsula olan tələbat tamamilə yerli istehsal ödəyir. Ötən il Naxçıvanda təxminən 1 milyard manatlıq sənaye məhsulu istehsal olunub.

Bu məhsullar əsasən “Gəmiqaya Holdinq”, “Cahan Holdinq”, “Ləzzət” MMC kimi böyük şirkətlərdə istehsal olunur. Mətbuatda zaman-zaman səslənən fikirlərdə, həmin şirkətlərin bir qrup şəxsin monopoliyasında olduğu iddia olunur.

İstər Naxçıvan MR Vergilər və İqtisadi İnkişaf nazirlikləri, istərsə də digər səlahiyyətli şəxslər bu iddiaları cəfəngiyyat adlandırıblar.