backend

Azərbaycanda Həcc ziyarəti bahalaşdı

Azərbaycanda Həcc ziyarəti bahalaşdı
























Ödənişlər yalnız manatla qəbul olunacaq

Azərbaycanda bu gündən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb.

qaynarxett.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var.

Bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

İdarədən onu da bildiriblər ki, bəzi mətbuat orqanlarında ödənişin ABŞ dolları ilə aparılması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil. Ödənişlər zəvvarlardan Azərbaycan manatı ilə qəbul olunacaq. QMİ eyni zamanda xəbərdarlıq edir ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız bu idarədə aparılır, digər qurumlar tərəfindən sənəd qəbulunun aparılması məsuliyyət yaradır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq.

Qeyd edək ki, ötən il Həcc ziyarəti üçün ən yüksək qiymət 4100 manat, ən aşağı qiymət isə 3250 manat olub.