backend

İmişlidə Umudəli həkimin ümid verən biznesi

İmişlidə Umudəli həkimin ümid verən biznesi

















Görəsən tibbi təhsili olmayan və rayonun SSİ-də sürücü “işləyən” Qurbanın qanunsuzluğa söykənən fəaliyyətinə, qanun nə vaxt “mütləqi-hakim” kəsiləcək?

İnsan həyatı üçün sağlamlığın varlığı olduqca vacib amildir. Sağlam insan həm də, sağlam cəmiyyətin əsası hesab olunur. Belə bir məntiqi ardıcıllıqla davam etsək o halda bəlli olar ki, sağlam cəmiyyətin varlığı, eyni zamanda dövlətin də güclü olmasını şərtləndirən əsas amillərdəndir. Bu baxımdan hər bir ölkənin səhiyyə sisteminin inkişaf göstəricisi, həmin ölkə üçün olduqca əhəmiyyət daşıyır. Gəlin görək, bu gün Azərbaycan səhiyyəsində vəziyyət necədir? Bugünkü səhiyyəmiz Azərbaycan insanının sağlamlığını layiqincə qoruyurmu? Təəssüf ki, belə bir sualın cavabını yəqin ki, müsbət mənada cavablandırmaq mümkün deyil. Çünki, çox zaman səhiyyəmizin önündə gedənlərin bəyanatlarında və verdikləri hesabatlarda əksini tapan “inkişaf,” heç də reallığı əks etdirmir. Reallığı əks etdirən başqa-başqa mənzərələr var: od qiymətinə “pulsuz” dərmanlar, həkimlərin “bazar sövdələşmələri,” ana və uşaq ölümləri, yarıtmaz təcili yardım xidmətləri, insanların müalicə üçün kütləvi şəkildə xarici ölkələrə üz tutmaları və ölkə vətəndaşlarına bəzən məlum olan digər səhiyyə “möcüzələri” və.s...
Düşündürücü haldır ki, bu gün ümumi vəziyyəti dəyişmək üçün ya səy göstərilmir, ya da görülən tədbirlər nədənsə lazımi bəhrəsini vermir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) qərarına görə, 2008-ci ilin fevral ayının 1-dən etibarən, dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində tibbi xidmət pulsuzdur. Nazirlik rəsmiləri verdikləri bəyanatlarında daim vurğulayırlar ki, nazirliyin belə bir addımı atmasına səbəb, son illər səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlərin beş dəfə artırılmasıdır. Əldə etdiyimiz məlumatlara görə, pullu tibbi xidmətin ləğv edilməsi haqqında SN-nin məlum qərarı, təqribən 700-dək stasionar klinika və 1500 ambulator poliklinikaya şamil edilib. Bundan əlavə, 61 adda dərman, 24 adda sarğı materialının da xəstələrə pulsuz verilməsi nəzərdə tutulub.
Bütün bunlar yalnız “nəzərdə” tutulub. Yuxarıda adlarını çəkdiyimiz və dövlət büdcəsindən maliyyələşən poliklinikalarda, klinikalarda tibbi xidmətin doğrudan da pulsuz olduğunu desək, vətəndaşlarımız bəlkə də bunu rişxəndlə qarşılayarlar. Çünki, bu gün səhiyyəmizin o qədər probemləri var ki, onları yazıb qurtarmaq, hər bir jurnalist üçün sanki müşkül məsələdir...
Düzdür, hal-hazırda problemlər olduqca çoxdur və bu çoxluğun əmələ gəlməsinə səbəb olan vəzifə sahiblərinin atdıqları addımlar da, əksər hallarda tam əksəriyyətin qınaq obyektinə çevrilir. Məsələn, bugünkü səhiyyəmizin problemlər məngənəsində boğulmasına səbəb olan vəzifə sahiblərindən biri də, İmişli rayonunun Qaradanlı kənd xəstəxanasının baş həkimi Umudəli “doxtur”dur. Bir neçə gün bundan əvvəl redaksiyamıza daxil olan məlumata görə, o, kənd xəstəxanasını ailə biznesinə çevirməklə, sözün əsl mənasında əməlli-başlıca biznesmen adına da sahib olub. Sadalayacağımız problemlərin varlığı haqda bir qədər araşdırma apardıqda isə, o da bəlli oldu ki, sən demə kənd xəstəxanasında öz ümidilə biznesini quran Umudəli “doxtur”, bu gün əksər kənd sakinlərini ümidsuz bir ünvana aparmaqdadır. Yəni o, xəstəxanada səlahiyyət sahibi olduğundan gecə-gündüz düşünür ki, daha çox var-dövlət qazanmaq üçün hansı addımları atmaq gərəkdir? Bu məqsədlə o, xəstəxananın lazımi şəraiti olmayan otaqlarından birində aptek açır və aptekdə səllahiyyət sahibliyini rayonun SSİ-də sürücü işləyən Qurban adlı oğluna həvalə etməklə, əslində öz adı ətrafında daha çox söz-söhbətin əmələ gəlməsinə şərait də yaradır. Diqqəti o hal da cəlb edir ki, Qurbanın adı Nizami müəllimin müdirlik etdiyi SSİ-nin ştat cədvəlində sürücü kimi getsə də, əslində o arabir iş başında tapılır. Buna səbəb, onun vaxtilə idarə etdiyi nəqliyyat vasitəsini, hələ bir müddət bundan əvvəl çalışdığı idarəyə təhvil verməsi olur.
Adının çəkilməsini istəməyən kənd sakinlərindən bir neçəsi bildirir ki, Qurbanın tibbi təhsili olmadığından o, həkimlərin yazdığı resepti lazımınca oxuya bilmir. Elə ki, müştəriyə resept üzrə dərman vermək lazım gəlir, bu zaman məcbur olub atasının hüzuruna qaçır. Sanki hazırlıq kurslarında təhsil almağa başlayanlar kimi, yeni-yeni dərman preparatlarının adlarını öyrənən Qurban, bu yolla başını “fırlada” bilir. Yerli sakinlərin onu da bildirirlər ki, baş həkim xəstəxananı oğlu Qurbanla birlikdə, sanki şərikli biznes obyektinə çevirib.
Diqqəti cəlb edən hal odur ki, Umudəli həkim yazdığı resept üzrə dərman almaq istəyən xəstələri, tibbi təhsili olmayan, həkim reseptini lazımınca oxumağı bacarmayan oğlunun rəhbərlik etdiyi aptekə göndərir. Və belə bir yolla da, gündəlik xeyli miqdarda var-dövlət də qazana bilir.
Bütün bunlar ciddi problemlər olduğundan, hələ bir neçə gün bundan əvvəl Umudəli müəllimə telefon zəngi açdıq ki, sadalanan problemlərin varlığına münasibətini bildirə bilsin. Sağ olsun Umudəli müəllimi! Çox keçmədi ki o, ünvanladığımız suallara cavab olaraq bildirdi: “Bəyəm lisenziya olmadan, xəstəxananın daxilində aptek açmaq qadağandır? Oğlum Qurbana gəlincə isə, o, Nizami müəllimin rəhbərlik etdiyi SSİ-də sürücü işləsə də, iş olandan-olana işə gedir. Bəyəm həmin idarədə iş var ki, o da vaxtlı-vaxtında işə getsin? Aptekə rəhbərlik etmək məsələsinə gəlincə isə, burada da qeyri-adi bir şey yoxdur. Çünki, o, dərmanları rayondakı depodan alıb həmin aptekə gətirir və kənd sakinlərinin dərmanlara olan tələbatını ödəyir. Yəni, oğlum belə bir addımını atmaqla, düşünürəm ki, heç bir qanunsuzluğa yol vermir” deyən Umudəli həkimin danışdıqları, bizi hələ də düşündürməkdədir.
Əvvəla düşündürücü haldır ki, tibbi təhsili olmayan bir şəxs, hansı əsasla dərman preparatlarının alqı-satqısı ilə məşğul olur? Və Səhiyyə Nazirliyinin müvafiq qurumlarından lisenziya almadan, Umudəli həkimin düzüb-qoşduğu aptekin fəaliyyəti, əslində qanunsuzluğa söykənən fəaliyyət deyilmi? Ən əsası rayonun strateji bir sahəsinə, yəni SSİ-nin fəaliyyətinə cavabdehlik daşıyan Nizami müəllimin iş prinsipinin, Umudəli həkim tərəfindən şübhə altına alınması da, öz-özlüyündə böyük şübhələrə yol açmırmı?. Sözsüz ki, bütün bunların tam əksəriyyətinin qanunsuzluğa söykənən fəaliyyət olduğunu Umudəli “doxtur” bilsə də, o, bu gün də ona “ümid verən” əməllərindən əl çəkmir. Belə olan halda İmişlinin MRX-na rəhbərlik edən cənab Cəsur Paşayevin həyata keçirdiyi idarəçiliyin, olduqca səriştəsiz, natamam bir idarəçilik olduğunu ortaya qoymuş olur. Çünki, sadalanan faktlar hər kəsi belə düşünməyə sövq edir.

“Qulaqburması”