backend

"Ölkədə hamı nəyisə gözləyir..." - Qorxmaz İbrahimli

"Ölkədə hamı nəyisə gözləyir..." - Qorxmaz İbrahimli























Bu günlərdə 50 illik yubileyini qeyd edən tanınmış ictimai-siyasi xadim, Aydınlar Partiyasının sədr müavini Qorxmaz Ibrahimli "Ədalət" qəzetinə müsahibə verib. qaynarxett.az həmin müsahibəni təqdim edir:

- Qorxmaz bəy, yubileyiniz mübarək. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm. Bu yaş gənclik yaşı olmadığı kimi, qocalıq da deyil. Özümü qayət rahat hiss edirəm. Bu əlli ili o qədər nikbin və aktiv yaşamışam ki, şikayət edə bilmərəm. Təbii ki, zaman-zaman səhhətimdə müəyyən problemlər yaranıb, amma Allahın izni və iradəm sayəsində onların da öhdəsindən gəlmişəm. Hazırda özümə fərqli bir yaşam tərzi seçmişəm. Hər səhər saat 5-də qalxıb dəniz kənarına gedir, 10 km yürüş edir, daha sonra dənizə girib soyuq suda üzürəm. Bu proses, qış aylarında küləkli günlər xaric, demək olar, hər gün davam edib. İndi də elədir.

Sabah dənizdə günəşin doğuşunu qarşılamaq bir ayrı kefdir. Hər kəsi belə bir həyat yaşamağa dəvət edirəm. Belə olacağı halda insanlar həm qocalmaz, həm də səmimi, xeyirxah olarlar. Alatoranda dəniz kənarına gəlib sahibsiz itlərlə özünəməxsus şəkildə salamlaşır və hərəkətə başlayırsan. Səlis düşünmək üçün də səhər gəzisinə ehtiyac var. Orada çox rahat olursan. Gəncləşirsən. Qocalıq özünü bürüzə verməkdən utanır sanki.

Qocalmağa hələ vaxtımız olacaq. Bir də mən ruhu qoca insanlardan deyiləm. Elə yeniyetmə var ki, ruhu qocadır. Onlara davamlı öz üzərlərində işləməyi tövsiyyə edirəm. İnsan gərək öz üzərində çalışsın. Vücud deyil, biz beynimizin və ruhumuzun gücü ilə vücudumuzu idarə etməliyik.
Burda bir şeyi xüsusilə vurğulamaq, sizin qəzet vasitəsilə bütün jurnalistlərdən xahiş etmək istəyirəm. Hər səhər sahilində gəzməyə getdiyim çox dəyərli Xəzər dənizimizi və ölkəmizi çirklənməkdən qorumalıyıq. Xüsusən çimərlik mövsümü gəldikcə mən insanlarımızın sahili necə çirkləndirdiklərini görüb əsəbiləşir və xəcalət çəkirəm. Eyni şeyi küçələrimizdə də görürəm. İnsanlar anlamırlar ki, üzərində gəzdikləri hər yer onların evidir. Əgər bir insan yediyi yeməyin qalığını orada atıb gedirsə, içdiyi suyun çüçəsini sındırıb ayaqyalın gəzən bizlərin həyatını təhlükəyə məruz qoyurlarsa, demək evlərində də davranış və mədəniyyətləri odur.

Baxın, məni bu, çox sürətlə qocaldır. Sizdən artıq dərəcədə xahiş edirəm, bu məqamı xüsusi bəndlə oxucularınıza çatdırın. Birləşərək bir kampaniya başladaq. İnanın, hər hansı bir siyasi fəaliyyətdən daha vacibdir bu məsələ. Millətimizin və dövlətimizin inkişafına böyük töhfədir.

- Keçdiyiniz ömür yolu nələrlə yadda qaldı? İstədiklərinizə nə dərəcədə nail olmusunuz?

- Sizinlə müsahibədə tam olmasa da, azacıq əhatə etməyə çalışacağam. Elə gözəl bir həyat yaşamışam ki, gecə-gündüz verdikləri üçün Allaha şükr edirəm və zövq alıram. Allahım mənə elə bir ailədə doğulmağı nəsib edib ki, hər kəs belə bir arzuda bulunardı məncə. Elə bir insanlardan tərbiyə və elm öyrənmişəm ki... Gözümü açıb ucqar dağ kəndində evimizə gələn şair və yazıçıları görmüşəm. Bəşəriyyətin tapıntılarından biri olan Məmməd Araz ailəsində doğulmuş mən Allahıma necə tükənməz şükranlarımı ərz eləməyim?!
Belə bir ailədə doğulmaq həm də məndə məsuliyyətli və diqqətli olmaq keyfiyyətini formalaşdırıb. Baba və nənələrim daxil olmaqla, yanlışlarımdan dolayı böyüklərimin adına ləkə gətirməməyə çalışdım. Orta məktəbə getdiyim gündən sona qədər yaxşı oxumağımla yanaşı, həm də çox dəcəl uşaq oldum. Yaşıdlarım və ətrafımdakı insanlar arasında hər zaman dominant oldum. Bu da Allahın mənə verdiyi bir xoşbəxtlik idi. Orta məktəbdən sonra Sibirdə çəkdiyim əsgəri xidmətim zamanı da ləyaqətimi qoruyaraq, hörmət qazanmışam.

Şüurlu həyatımın əsas fazası Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunduqdan sonra başladı. Allahdan tələbəliyim tam mən istəyən dövrə - Azadlıq mübarizəsinin alovlandığı dövrə düşdü. Aldığım təməl biliklər və tərbiyəm gərəyi Azadlıq mübarizəsinin ön sıralarında olan adlardan oldum. Bu dediklərimi təvazökarlıqdan uzaq kimi qəbul etməyin, lütfən.
Sovet repressiyasını yaşamış ailəmin təsiri təbii ki, danılmazdır. Böyük Əbülfəz Elçibəylə tanış olmaq, birgə mübarizə meydanına atılmaq, Xudu Məmmədov kimi bir əmi ilə bərabər (sevimli əmimin can dostu olduğu üçün əmim idi) olmaq gözəl ömrümün anlarındandır. Universitetdə tələbə hərəkatının başçılarından oldum. Gözəl mübarizə dostlarım oldu. Bəziləri şəhid oldular, ruhları şad olsun.

Bu mübarizəmiz ucuz başa gəlmədi. İmperiya qoşunları millətimizə zülm yaşatdı. Qarabağda erməniləri üstümüzə qısqırtdı. Xəyanətkar ermənilər torpaqlarımızı işğal etdilər. Ana və bacılarımıza divan tutdular. Böyük dərddir bu…
Ancaq sonuc sevindirici oldu. İmperiya çökdü və üçrəngli bayrağımız müstəqilliyimizin simvolu olaraq tək dünyanın hər yerində deyil, həm də şəhidlərimizin ruhunda dalğalandı. Bizlərin qəlbində dalğalandı.

Eyni zamanda, fürsət bulub sevimli mərhum Şəhlamla evləndik və üç gözəl qızımız dünyaya gəldi. Allahım bu gözəl balalarımı böyütməyə fürsət belə tanıdı, Ona şükürlər olsun. Daha hansı qazandığımdan danışım...
Təbii, qazandıqlarımla yanaşı, itirdiklərim də oldu. Allahın hökum ilə itirdiklərim məlum. Bir də itirdiyimiz Qərbi Azərbaycanda soydaşlarımızın yaşadıqları dədə - baba torpaqlarımız, Dağlıq Qarabağın tamamən və Aran Qarabağın böyük bir hissəsi məni bir ömür yandıracaq. Yaşadığım müddətdə bunları xəyanətkar qonşumuzdan geri almasaq, Qiyamət gününə qədər qəbirdə yanacağam. Şəxsi mənada qazandıqlarım və itirdiklərim çox olub. Ancaq böyük anlamda qazandığım Vətənimin müstəqilliyinin bərpası, itirdiyim isə dediyim kimi torpaqlarımız olub.

- Yubileyinizlə bağlı sizi təbrik edənlər siyahısında kimlərin adı çatışmır?

- Yubileyimlə bağlı təbrik edəcək adamlar təbrik etdilər. Bundan sonra da kiminsə yadına düşsəm, təbrik etsə, məmnun olacağam.

- Uzun illərdir ki, Aydınlar Partiyasının rəhbərliyindəsiniz. Partiyanın hazırkı durumu necədir?

- Adından da göründüyü kimi, partiyamız ciddi hədəfləri göz önünə alaraq qarşısına bir çox məqsədlər qoyub. Partiyamızda bir çox dəyərli vətəndaşlarımız təmsil olunurlar. Azadlıq uğrunda böyük mübarizə yolu keçmiş insanların çoxluqla təmsil olunduğu bu partiya günümüzdə demokratiya uğrunda mübarizə yoluna davam edir. Hər bir dövlət demokratikləşmənin nə dərəcədə təməl dayaqlar üzərində olmasından faydalanar. Biz də bunu bilərək maariflənmə, özünüdərk əsasları olan bir demokratik Azərbaycan qurmaq istəyirik. Deyim ki, istədiklərimizə nail olmamışıq.
Birincisi, müstəqilliyinin üçüncü dekadasına davam edən ölkəmizdə tam parlament fəaliyyəti formalaşmayıb. Bunun da əsas səbəbi Konstitusiyamıza edilmiş dəyişiklikdir ki, Parlamentin təsir mexanizmini əlindən alaraq zəiflədib. Bu isə hazırda bəzi özbaşınalıqları önləməyin mümkün olmamasına yol açır.

İkincisi, bir partiyanın əsas fəaliyyətini stimullaşdıran parlament təmsilçiliyimizin olmamasıdır. Nədənini bilmirəm, ancaq sədrimiz Qulamhüseyn Əlibəyli on il parlamentdə təmsil olunsa da, öz partiyasını yarartdıqdan sonra seçkidə qələbə qazana bilmədi. Ümüd edirəm, bu seçkilərdə, inşallah ən azından təmsilçilərimiz olar və partiyamız da dövlətimizin inkişafı yolunda qarşısına qoyduğu məramları yerinə yetirərək həm üzvlərimizi, həm də millətimizi məmnun edər.

- Maraqlıdır, partiyadaxili məsələlərdə sizdə olan inqilabçı ruhu hələ də öz sözünü deyirmi?

- Fəaliyyətimizi yaxından izlədiyiniz üçün, sizin də bildiyinizdən şübhəm yoxdur ki, bizim partiyanın rəhbərliyində təmsil olunanların, demək olar, hamısı Milli Azadlıq mübarizə keçmiş insanlardır. Bizim hər birimizin daxilində inqilabçı ruh, Vətən-millət yolunda bütün fədakarlıqlara sinə gərmək əzmi, azadlıq sevdası hakimdir. Və bu amil bizi bir araya gətirib.

- Bildiyimiz kimi, bu il parlament seçkiləri ilidir. Ölkədə seçki hazırlıqlarını necə dəyərləndirirsiniz və siz öz namizədliyinizi verəcəksinizmi?

- Seçki hazırlıqlarında, hələlik heç bir fəallıq müşahidə olunmur. İstər iqtidar, istərsə də müxalifət cəbhəsi, sanki gözləmə mövqeyi tutub. Ölkədə hamı nəyisə gözləyir. Doğrudur, ara-sıra bəzi tərpənişlər baş verir, lakin bunları seçki hazırlığı kimi dəyərləndirmək olmaz. Ümid edirik ki, paytaxtımızda keçiriləcək böyük bir tədbirdən – İlk Avropa Oyunlarından sonra seçki məsələsi aktuallaşacaq. Artıq o zaman proseslərin hansı istiqamətə yön alacağı bəlli olacaq. Və məhz mənim namizədliyimi verib-verməməklə bağlı qərarım həmin proseslərin gedişindən asılı olacaq.