backend

Ağcabədinin icra başçısından prezidentə qarşı sabotaj: 5 çamodan pul söhbəti – VİDEO

Ağcabədinin icra başçısından prezidentə qarşı sabotaj: 5 çamodan pul söhbəti – VİDEO

















Ağcabədi rayonunun Ofşar kənd ərazisindəki qış yataqlarında yerləşmiş, işğal olunmuş rayonların köçkün düşmüş sakinləri cumhuriyyət. az-ın elektron poçtuna müraciət ediblər. Şikayətçi Elqayıt Kərimovun dediklərini olduğu kimi diqqətinizə çatdırırıq:

“Ofşor kəndində 96 sahibkar var. Bizlər uzun illərdir ki, bu ərazidə yerləşmişik. Hər yataqda 1000-2000 arası qoyun var. Vaxtı ilə kolxoz dövründə bu yataqlarda otuz-otuz iki min baş qoyun var idi. Hazırda bu ərazidə 100. 000 mindən artıq qoyun, 5000 min baş qaramal saxlanılır. Ərazi 12. 000 min hektardan ibarətdir. Sahibkarlar burada tikinti tikib, şərait qurublar, su üçün banklardan kredit götürüb artezianlar vurublar. Ağcabədinin icra başçısı Şahin Məmmədov yuxarı instansiyalara yalandan informasiya verib ki, güya buralarda yaşayış yoxdur və torpaqlar istifadəsiz vəziyyətdədir. Onların fikri budur ki, bu ərazilərdən məskunlaşmış əhalini, fermerləri buralardan çıxarmaq və ərazini şumlayıb taxıl əkməkdir. Hazırda bu ərazilərdəki fermer təsərrüfatlarından üst-üstə 40. 000 min adam yararlanıb dolanışığını təmin edir. Prezident dəfələrlə bildirib ki, hər hansı bir işi həyata keçirmək üçün istifadəsiz torpaqlardan istifadə edin. Prezident deməyib ki, məşğul əhalini yerindən-yurdundan didərgin salın. İcra başçıları Şahin Məmmədov və Raqub Məmmədov bu əraziləri hansısa iş adamına satmaq üçün işə keçiblər. Bu ilin aprel ayının 13-də hər iki icra başçısı ərazidə yaşayan sahibkarları yığaraq iclas keçirdilər. Şahin Məmmədov iclas zamanı elan etdi ki, 2 ay ərzində buralardan köçün. O, qeyd etdi ki, ərazidə taxıl əkiləcək. Biz Şahin Məmmədova sual verdik ki, bəs bizlər bu qədər qoyunu- malı nə edək, harada yerləşdirək? Cavab verdi ki, kəsin tökün kanala. Biz sahibkarlar buna etiraz edərək iclası tərk etdik. Biz 100 nəfərə qədər sahibkar prezident adminstrasiyasına, nazirlər kabinetinə, kənd təsərrüfatı nazirliyinə müraciət etdik və onların qəbulunda olduq. Hər üç instansiyada bizlərin diqqətinə çatdırıldı ki, narahat olmayın, belə bir təklif yoxdur, qarşısı alınacaq. Biz ədliyyə naziri Fikrət Məmmədovun şəxsən qəbulunda olduq. Nazir bizi dinlədi və məktubumuzu aldı ki, mütləq prezidentə çatdıracaq. Bu vaxta qədər 100-dən artıq müraciətlər etmişik. Şahin Məmmədov iclas zamanı qeyd etdi ki, 2008-ci ildə bu ərazilər üçün onun yanına hansısa iş adamı gəlib və 5 çemodan pul təklif edib. Ancaq o bu əraziləri verməyib. Onda belə çıxır ki, hazırda çemodanların sayı artıb, yəqin o da torpaqları həmin sahibkara satmaq qərarına gəlib. Bu ərazidən hər həftənin bazar günləri, onlarla kamaz qoyun kəsilmək üçün Bakıya, Gəncəyə, Mingəçevirə və başqa rayonlara aparılır. Bəs bu iqtisadiyyat deyilmi? Prezident 2015-ci ili kənd təsərrüfatı ili elan edib. Bəs bu sahibkarlar kənd təsərrüfatı məhsullarını istehsal etmirlərmi? Bizlər də prezidentin ərzaq proqramı təklifinə qoşulmuşuq da, niyə imkan vermirlər ki, işimizlə məşğul olaq? Buralarda bizim dədə-baba qəbirlərimiz var, tarixən bizlər buralarda yerləşib, qoyunçuluqla mışğul olmuşuq. Vaxtı ilə burada bizlər özünü müdafiə dəstəsi yaradıb ermənilərə qarşı vuruşmuşuq. Bizim 5 nəfər şəhidimiz var. Bir milli qəhrəmanımız var. Onların bu torpağa qanı tökülüb. Lazım gəlsə yenə də qanımızın tökülməyinə razı olacayıq, ancaq torpaqlarımızı verməyəcəyik. Xahiş edirik, səsimizi dünyaya çatdırın”.
Sözügedən ərazidə məskunlaşmış digər sahibkar Məhərrəm Əliyevin cumhuriyyet.az-a dedikləri: “Mən Ağdam köçkünüyəm. Bu torpaqlar dövlətin ehtiyat fonduna məxsus torpaqlardır. Əgər bu işlər dövlət proqramına uyğun olaraq həyata keçirilirsə, onda rəhbərlik niyə bizləri yığıb məşvərət keçirir? Deməli, məsələyə bizlərin reaksiyasını yoxlayırlar. Məlumdur ki, bu işlər hər iki rayonun icra başçılarının birgə həyata keçirmək istədikləri növbəti qanunsuz bir işdir. Bu ilin aprel ayının 13-də bütün sahibkarların iştirakı ilə görüşdə icra başçısı Şahin Məmmədov öz dili ilə dedi ki, buralar üçün pul təklif olunub. Görürsünüz, siyasi rəhbər necə səhv buraxıb. Mən şəxsən bu vaxta kimi çox əziyyət çəkib bir balaca da olsa şərait yaratmışam. İndi məni buradan çıxarsalar daha o imkanlarım yoxdur ki, hardasa yenidən nə isə tikib-quraşdırım. Bu məmurlar vaxtı ilə araz adlanan ərazidə 85 sahibkarı şirin vədlərlə aldadıb torpaqlarını əllərindən aldılar. Onlara nə kompensasiya verdilər, nə də ki, əlavə yer. Onlar başlı-başına buraxıldı. Hazırda dilənməklə baş salayırlar. Hələ icra başçıları həyasızlıq edib onların adından prezidentə təşəkkür məktubu yazdılar ki, güya onlara cüclü qayğı göstərilib, onlara külli miqdarda pul verilib, güya torpaq bunları qırıb qurtaracaqmış yaxşı olub ki, hökumət vaxtında torpağı onlardan alıb. Görürsünüz necə həyasız adamlara tapşırılıb bizlərin taleyi?Ağdamın icra başçısı Raqub Məmmədov mənim üstümə qışqırıb deyir ki, sən müxalifətə işləyirsən. Mən haqqımı tələb edirəm ki, bizlərə dəyməyin buradan çıxarılsaq övladlarımız, özümüz acından öləcəyik, bu isə mənə qəzəl danışır. Başım çıxmır bunun müxalifətə nə aidiyyatı var? Deyirəm ki, ölmək istəmirəm, yaşamaq istəyirəm, deyir ki, müxalifətə işləyirsən. Bəs sizlər kimə işləyirsiniz cənab başçı? Biz 2011-ci ildə müqaviləmizi yenidən artırmışıq, bütün sənədlər qaydasında ola-ola gəliblər ki, 2 ay müddətində buralardan çıxın. İcra başçıları biz sahibkarları məhkəmə ilə hədələyirlər. Deyirlər ki, sizə kim icazə verib ki, oralarda ictimai evlər tikmisiniz. Bəs biz tövlədə yaşamalıyıq. Görən Şahin Məmmədov və Raqub Məmmədov razı olarlar ki, onların doğmaları, özləri tövlədə yaşasınlar? Bəs onda bizi nə hesab edirlər? Bizlər bütün qohum-əqraba bu təsərrüfatlardan dolanırıq. Bizi buralardan çıxarmaq dövlət üçün əlavə problem yaradacaq. Ən azından 40. 000 minlik işsizlər ordusu. Xahiş edirik əlaqədar qurumlar vaxtında tədbir görsünlər”.
Ərazidə yaşayan digər sahibkar Fazil Əkbərov cumhuriyyet.az-a bildirib: “Əgər gücünüz çatırsa, bizim fəryadımızı prezidentə çatdırın. Cənab prezidentə deyin ki, Ağcabədi və Ağdam rayonlarının icra başçıları bizim başımıza oyun açırlar. Bu torpaqlar bizim dədə-baba torpaqlarımızdır. Tarixən bu ərazilərdə bizlər qədimdən qoyunçuluqla məşğul olmuşuq. Hərdən fikirləşirəm ki, görün dədə-babalarımız bizi hansı zülmə salıblar. Burada 96 sahibkarın 100. 000 mindən artıq qoyunu var. Əgər prezidentin bu işdən xəbəri varsa onda qoy sualımıza cavab versin, görək bu qədər qoyunu biz neyləyək?Ya bizə desinlər ki, sizə 1-2 il vaxt veririk qoyunlarınızı satın, qırın, təsərrüfatlarınızı məhv edin və bu müddət ərzində buradan çıxın, ya da ki, bu qədər mal-heyvana sahib çıxsınlar. Bizim dağımız, yaylaq yerlərimiz Laçın, Kəlbəcər dağları olub. Yayda oralarda, qışda isə bura dönmüşük. Buralar qış yatağı adlanır. Dağımızı ermənilərə satıblar, indi də aranımızı əlimizdən almaq istəyirlər. Kəndçinin torpağı olmalıdır ki, mal-qoyun saxlasın, əksin, becərsin, yaşasın. Yaxşı bizləri buradan çıxarırsınız, qoyununuzu sat deyirsiniz, torpağı da alırsınız. Bu qədər əhali sonra necə, nə ilə dolanacaq? Heç bu sual ətrafında düşünən olubmu? Şahin Məmmədov deyir ki, qoyun mənlik deyil. Bəs kimlikdir bu qədər heyvan? Prezident deyir ki, mənim üçün hər bir Azərbaycan vətəndaşı eynidir. Bəs elə isə prezident görmür ki, Şahin və Raqub cütlüyü başımıza nə oyun açırlar, niyə onlara dur demir? Burada heç bir dövlət dəstəyi olmadan şərait qurmuşuq. Artezian vurmuşuq, tikili tikmişik. Buğda, arpa, bostan əkirik. Bir sözlə, boş torpaq qoymuruq, əkib- becəririk . Həm özümüz üçün, həm də bazara çıxarırıq. Bütün bunlar iqtisadiyyat demək deyilmi? Mən özüm də, oğlum da ali təhsilli iqtisadçıyıq. Burada özümüzə təsərrüfat yaratmışıq. Dövlət ondansa burada yun zavodu tiksin, biz də dövlətimizə xeyir verək. Bizim dədə-baba sənətimiz qoyunçuluqdur. İndi çomağımızı əlimizdən almaq istəyirlər. Bizləri öz torpaqlarımızdan deportasiya eləmək istəyirlər. Daha ermənilərlə sizin nə fərqiniz oldu? Bizlər xahiş edirik dərdimizi dövləti yönəldən şəxslərə çatdırın. Nə qədər ki, burada qan düşməyib, bunun qarşısı alınsın. Sonra gec ola bilər”.