backend

Məmurları təhqir edən səhifələr bağlana bilərmi?

Məmurları təhqir edən səhifələr bağlana bilərmi?

















Ötən gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə bağlı məsələləri ölkənin tanınmış KİV rəhbərləri ilə müzakirə edib

Tədbirdə bir sıra maraqlı məqamlara toxunulub.

Görüşdə diqqətçəkən məqamlardan biri də Mətbuat Şurasının sədri Əflatun Amaşovun Facebook sosial şəbəkəsi ilə bağlı çıxışı idi. MŞ sədri çıxışında bəzi insanların şərəf və layəqətini alçaldan “Facebook” səhifələrinin bağlanmasını təklif edib.

Ə.Amaşovun təklifinə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzVision.az-a açıqlamasında bir sıra məqamlara toxunub.

Bildirib ki, Azərbaycanda siyasi hadisələrin ən gərgin olduğu vaxtlarda belə, internetdən istifadəyə limit qoyulmayıb. İndiki durumda sosial şəbəkələrə məhdudiyyət qoyulması gözlənilmir: “Hesab edirəm ki, Avopa Oyunları ərəfəsində, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir ərəfədə hansısa “Facebook” səhifəsinin bağlanması yolverilməzdir. İnternet və sosial şəbəkələr açıqdır. Əvvəlki illərlə müqayisədə Azərbaycanda internetin və sosial medianın yaxşılığa doğru dəyişdiyini görürük.

Əvvəllər “Facebook”da , sosial mediada dövlət qurumları, dövlət rəhbərləri, baş redaktorlar, ictimai xadimlər yox idi. Orada sadəcə siravi vətəndaşlar qeydiyyatdan keçmişdilər. Buna görə də bu şəbəkənin dəyəri kifayət qədər aşağı idi. Amma bir neçə ildir bu şəbəkəyə deputatlar, məmurlar daxil olurlar, bir-birlərini izləyirlər”.

Sosial şəbəkələrin real həyat olduğunu hesab edən O.Gündüz qeyd edib ki, təhqirə görə, “Facebook” səhifələrinin bağlanması mənasızdır.

Onun sözlərinə görə, bu kimi məsələlər Azərbaycan qanunvericiliyində tənzimlənir: “Təhqir, şantaj, böhtan real həyatda necədirsə, sosial şəbəkədə də elədir. Təbii ki, Azərbaycan qanunvericiliyi internetə də şamil olunub. İnternetdə bu tipli hərəkətlərlə bağlı məhdudiyyətlər var. Hətta bununla bağlı məhkəmə çəkişmələri də mövcuddur. Kimsə sosial şəbəkədə təhqir olunubsa, məhkəmə orqanlarına müraciət etməlidir. Bundan əlavə “Facebook” rəhbərliyi var. Bununla bağlı onlara da müraciət etmək lazımdır. Düzdür bəzən “Facebook” rəhbərlərinə edilən müraciətlər cavabsız qalır, həllini tapmır”.

Ekspertin sözlərinə görə, əvvəlki qanunvericilikdə “Facebook”da araşdırma aparmaqla bağlı müəyyən problemlər var idi. Bu. yalnız MTN-nin səlahiyyətində idi və belə məsələlərin daha sürətli həll olunmasında müəyyən problemlər yaradırdı. “Amma indi dəyişikliklər olub ki, Prokurorluq, Daxili İşlər Nazirliyi də internetdə, sosial mediada hüquqpozmalarla bağlı araşdırma apara bilirlər. Bu da işlərin daha asanlaşmasına kömək edir”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev AzVision.az-a bildirib ki, təhqirə görə Azərbaycanda “Facebook” bağlana bilməz.

Onun sözlərinə görə, sosial şəbəkədə səhifə açılanda orada xüsusi müddəalar var ki, həmin istifadəçi ona imza atır. “Əgər həmin səhifələrdə dövlətlə bağlı səhvlər gedərsə, o zaman dövlət səviyəsində buna münasibət bildirilir. Belə hallarda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Xarici İşlər Nazirliyi müvafiq yerlərə müraciət edirlər. Lakin ayrı-ayrı şəxslərin təhqir olunmasına görə nazirlik heç bir yerə müraciət edə bilməz. Həmin şəxs özü bu məsələni həll etməlidir. “Facebook” bütün günü onları izləyə bilməz axı? Ora açıq sosial şəbəkədir. Onun özünün qaydaları var”.

Şöbə müdiri əlavə edib ki, bəzən məmurları, tanınmış şəxsləri təhqid edən səhifələr çox vaxt saxta şəxslər tərəfindən yaradılır. Ona görə də həmin səhifələrin əsl sahiblərinin kimliyi məlum olmur: “Çox vaxt “Facebook”da səhifələr saxta şəxslər tərəfindən açılır. Ona görə də məhkəmə onun barəsində qərar çıxara bilmir. Burada söhbət təkcə məmurdan getmir, istənilən şəxsin təhqir olunması qanunla qadağandır. Bununla bağlı nazirlik heç nə edə bilməz. Həmin “Facebook” səhifəsini işlədənin kimliyi bəllidirsə, onu məhkəməyə verə bilər. Amma hər hansı bir təhqirə görə Azərbaycanda “Facebook” bağlana bilməz”, -deyə İ. Əliyev vurğulayıb.