backend

Komitə müxtəlif dini təqvimlər çap edərək yayanlara xəbərdarlıq etdi

Komitə müxtəlif dini təqvimlər çap edərək yayanlara xəbərdarlıq etdi






















“Xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik olur

Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov son günlər müzakirə mövzusu olan müxtəlif “dini təqvim”lərlə bağlı açıqlama verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qaynarxett.az-ya verilən məlumata görə, şöbə müdirinin sözlərinə görə, bu təqvimləri yayan qruplar ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün aktivləşirlər:

“Bu baxımdan, qarşıdan gələn Ramazan ayında müxtəlif “dini təqvim”lər hazırlayaraq dindar kontingent arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər.

Bununla bağlı qeyd edək ki, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycanın bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Ona görə də mərkəzləri və havadarları xaricdə yerləşən bəzi müsəlman dini qrupların bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarına dini-ideoloji konteksdə müdaxilə etmələri qəbul edilməzdir.

Hər il olduğu kimi, Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verir, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanmışdır. Belə ki, həmin təqvim Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər”.

Əliheydər Zülfüqarov qeyd edib ki, vətəndaşlar arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də var:

““Xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır. Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur.

Bir daha vurğulayırıq ki, vətəndaşlarımız Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar”.

Komitə rəsmisi qanunsuz təqvimlər çap edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib:

“Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək”.