backend

ABŞ-ı SSRİ-nin aqibəti gözləyir?

ABŞ-ı SSRİ-nin aqibəti gözləyir?

















Amerikanın süqutu dönməzlik nöqtəsinə çatıb

Əsrin əvvələindən ABŞ-ı təqib edən tam bir silsilə iqtisadi və geopolitik uğursuzluqlar hazırda daha bir tərkiblə tamamlanıb: bir neçə gün əvvəl İŞİD-in ABŞ ərazisində gerçəkləşdirməyə vəd etdiyi nüvə hücumu təhlükəsi ilə. Cəfəngiyyatdır? Nə qədər ki yalana çıxmayıb (biz isə ümid edirik ki, bu heç vaxt baş verməyəcək), tam cəfəngiyyat kimi səslənir. Lakin burada məsələ irəli sürülən hücumun gerçəkləşdirilmə imkanlarından daha çox həmin təhdidin nə qədər səhlənkarlıqla edildiyindədir. Yəqin ki, İŞİD ABŞ-dan qorxmur. Həm də niyə qorxmalıydı?
Amerikalı girovların başının kəsilməsindən, Amerka təlimatçılarının yaxşı təlim keçdiyi İraq əsgərlərinin döyüş zonasını tələsik şəkildə tərk etməsindən, külli miqdarda Amerika hərbi texnikasının ələ keçirilməsindən və kim bilir, daha hansı üzə çıxmayan qorxulu faktlardan sonra terrorçu ordu, ən azı, kağız üstündə özünü dünyanın birinci dövləti kimi qələmə verən Amerikanı hətta qorxuda da bilir. İŞİD özünə məxsus ifrat zorakılığa güvənib artıq dünyanın bir çox ölkələrinin anladığı həqiqəti ifadə edir: ABŞ-ın süqutu dönməzlik nöqtəsinə çatıb.
Rusiya Ukraynada elan edilməmiş savaşda Qərblə vuruşdu və qələbə çaldı. Çin hazırda öz “dəniz Krımı”nı – süni adalar inşa etdiyi və öz ərazisinin tərkib hissəsi saydığı Güney Çin dənizindəki arxipelaqı işğal edir, lakin bir neçə dövlət adalara iddiasını bildirir. Çinin bu cür manevrlərinə münasibətdə Birləşmiş Ştatların etiraz və xəbərdarlıqlarını Pekində bezdirici ağcaqanad vızıltısı kimi laqeydliklə qarşılayırlar.
Artıq neçənci dəfədir ki, Amerika iqtisadiyyatının vəd edilmiş bərpası sonda 2015-ci ilin I rübündə 0,7%-lik tənəzzüllə nəticələndi. İqtisadi dirçəliş haqda bu qədər yalan açıqlamalardan, bütün geopolitik uğursuzluqlardan, polisin qəddarlığı nəticəsində Ferqyusonda və Baltimorda törəmiş iğtişaşlardan sonra, bəlkə də, əvvəllər ağla gəlməyən sualı verməyin vaxtıdır: Birləşmiş Ştatların sovet nümunəsi əsasında kollapsa düşəcəyinə hazırlaşmağımız lazım gələcəkmi? Müxtəlif səbəblər üzündən sualı müsbət cavablandırmaq olar. Bu o demək deyil ki, bu cür süqut qaçılmazdır və hətta ağlabatandır. Lakin onun potensial mümkünlüyü və bu cür hadisələrin sürükləyə biləcəyi çox böyük nəticələr səbəbindən istənilən məsuliyyətli hökumətin, ən azı, strateji ssenari kimi ona hazırlaşmağı lazımdır.
Bəs bu cür kollaps niyə mümkün görünür? İzahat ölkənin birliyini təmin edən amillərdə gizlənib. Birləşmiş Ştatlar milli strukturların hətta böhran vaxtı da öz vəhdətini qoruyub saxlayan milli əlamətlər üzrə qurulmayıb. Hətta coğrafi müəyyənlik də yoxdur: ABŞ-ın Kanada ilə ümumi sərhədi, demək olar ki, tamamilə süni xarakter daşıyır. Elə Birləşmiş Ştatların özü də tarixi prosesin az və ya çox dərəcdə spontan gedişatında əmələ gəlmiş dövlət yox, əslində, süni dövlətdir. Bu, böyük uğurla baş tutmuş genişlənmə planının nəticəsidir.
ABŞ-da yeganə və daha əhəmiyyətli birləşdirici amil məhz budur – uğur. Artıq XIX əsrdə konfederasiyanın üsyanı ilə aydın oldu ki, ölkə böyük tənəzzül potensialına malkdir. Lakin Amerka layihəsinin əzəmətli müvəffəqiyyəti uğurla qidalananan bir div yaratdı. Və indi bu div aclıqdan əziyyət çəkir. Azadlıq idealları haqda bütün ritorikalara baxmayaraq, mühacirlərin ABŞ-a can atmağının əsas səbəbi maddi varlanmadır. Bəs bu perspektv artıq o qədər də aşkar görünməyəndə ölkənin birliyini nə qoruyub saxlayacaq? Artıq yorğan hamıya çatmayanda varlı ştatların yerli elitası yoxsul ştatlara maddi yardımdan imtina etməyə başlayacaq. Amerikalıların, həqiqətən də, “dünyəvi din”i olmuş və ölkənin uzun və zəngin trayektoriyasını müəyyən etmiş uğur kultu bu qayda ilə potensial parçalanma üçün yanacağa çevriləcək.
Güman etmək olardı ki, ölkənin silahlı qüvvələri bu cür kollapsın qabağını almağa qadirdir. Başlanğıcda belə də ola bilərdi, lakin müəyyən vaxtdan sonra iqtisadi zəifləmə korporativ maraqları da təhlükə altında qoyardı, “ölü yük” kimi qəbul edilən ən yoxsul ştatlardan qurtulma isə silahlı qüvvələrə nəzarət etməyi bacaranlara az yox, daha çox hakimiyyət təmin edə bilərdi. O zaman parçalanma nəzarətdən çıxa bilər. Sovet İttifaqında buna bənzər proses baş verdi.
Sovet İttifaqının dağılmasındansa Birləşmiş Ştatların fərziyyəyə əsaslanan süqutu dünya üçün daha böyük təhlükəyə çevrilərdi. SSRİ böyük tarixi nüvənin – Rusiyanın ətrafında formalaşmışdı. Buna görə də kollaps tarixən müəyyən edilmiş sərhədlər üzrə inkişaf etdi. Eyni hal digər sovet respublikaları üçün də doğrudur. Onlar Sovet İttifaqının tərkibində olarkən özəl biçimlənmiş həyatını yaşayırdı. Belə ki dağılma xətləri əvvəlcədən müəyyən edilmişdi. Bu xətlərin o qədər də aydın olmadığı yerlərdə dağılma münaqişələrlə müşayiət olundu. Abxaziya və Güney Osetiya müstəqillik uğrunda Gürcüstana qarşı vuruşurdu, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa nəzarət uğrunda mübarizə və Naxçıvanla bağlı mübahisələr başladı, Moldova iki hissəyə bölündü, Ukrayna və Rusiya Sevastopola nəzarət uğrunda mübahisəyə qalxdı. Bu münaqişələr indi də həll edlməmiş qalır və yaxud zaman-zaman kəskinləşir.
Təsəvvür edirsiniz ki, hesablamaya görə, mülki əhalidəki odlu silahların sayı 200 milyona çatan Birləşmiş Ştatlar kimi bir ölkədə nələr baş verə bilər? Fərz edilən parçalanmanın ştatların sərhədləri üzrə baş verəcəyi az ağlabatandır. Bir tərəfdən Amerikanın bəzi ştatları qədim tarixə malikdir və öz qayğısına qalmağı bacarmaqdan ötrü yetərincə varlıdır. Lakin onların əklsəriyyətinə azdan-çoxdan özbaşına ərazilər ayrılması da dəqiqdir. Qərbdəki bəzi ştatların sərhədlərini cızan birbaşa xətlər bu faktı sübut edir. Ştatların əksəriyyətinin dənizə çıxışı yoxdur və nə istehsal etsə, ixrac baxımından başqalarından asılı olacaq. Həm də Meksika sərhədindəki bir çox mahallarda xeyli sayda meksikalılar və yaxud kollaps halında, şübhəsiz ki, müdafiə üçün cənub ölkəsinə müraciət edəcək meksikalı-amerikalı əhali var.
Bundan başqa, Sovet İttifaqının dağılması iqtisadi baxımdan Qərbin əlverişli dövrünə düşdü. Sovet İttifaqının hissələrinin iqtisadi cəhətdən udulması təbii və hətta çox maraqlı proses idi. Lakin hətta Çinin indiki iqtisadi uğuru da nəzərə alınmaqla dünya iqtisadiyyatının bərbad durumuna görə bu gün belə bir imkan olmayacaq.
Ehtiyatlı olmağımızın daha bir səbəbi yüzlərlə Amerika hərbi bazasından ibarət olan, bütün dünyaya səpələnmiş və bir çox hallarda yerli hökumətlərdən daha yaxşı silahlanmış “imperiya”dır. Onları kim və necə idarə edəcək? SSRİ-nin dağılma dərsləri bizə nikbinlik təlqin etmir.
Eyni zamanda əsas problem qalır: ABŞ-ın nəhəng nüvə cəbbəxanasını kim nəzarətə götürəcək? Kollaps zamanı sovet strateji qüvvələri üzərində nəzarəti təmin etməkdən ötrü Moskvanın əlində yetərincə hakimiyyət olduğu SSRİ-də baş verənlərdən fərqli olaraq Birləşmiş Ştatlarda buna bənzər heç nə yoxdur.
Sadalanan dəlillər yüksəlməkdə olan dünya dövlətləri liderlərinin sovet üslubunda Amerika süqutunun hələ də ehtimal xarakterli, lakin etinasız yanaşılmasına dəyməyən durumuna görə mümkün fəaliyyət ssenariləri işləyib hazırlamağı üçün kifayətdir.
Antoniu Jeliş (kiçik), “Carta Maior” (Braziliya), 08.06.2015

Tərcümə: strateq.az