backend

Nazir: Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq

Nazir: Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq
























“Səhiyyə işçilərinin peşə bayramı qeyd olunur”

İyunun 17-də Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Səhiyyə Nazirliyində geniş tədbir keçirilib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, nazir Oqtay Şirəliyev tibb işçilərini təbrik edərək bildirib ki, dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib:

“5 il əvvəl əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkəmizdə əvvəllər ümumiyyətlə olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb.

Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb”.

Nazir əlavə edib ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəsin tibbi müayinədən keçməsi nəticəsində doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olunacaq:

“Bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir.

Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Artıq dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub”.

Nazirin sözlərinə görə, ötən peşə bayramından keçən bir il ərzində Azərbaycan səhiyyəsində daha bir yenilik toksikoloji laboratoriyanın açılması olub.

Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfərin müxtəlif müayinələrdən keçirildiyini deyən nazir əlavə edib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyasıdır.

O. Şirəliyev qeyd edib ki, Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydalarının təsdiq edilməsi ilə hədsiz qiymət artımı aradan qaldırılacaq.

Nazir əlavə edib ki, son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb.

Daha sonra səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında prezident İlham Əliyevin Sərəncamı səsləndirilib.