backend

Emin Rzayevin "Xəzər inşaat 21-ci əsr" tikinti şirkəti ilə işbirliyi faciəyə səbəb ola bilər

Emin Rzayevin "Xəzər inşaat 21-ci əsr" tikinti şirkəti ilə işbirliyi faciəyə səbəb ola bilər
















Baba Rzayevin qardaşı yüzlərlə ailənin həyatını təhlükəyə atıb

Emin Rzayevin "Xəzər inşaat 21-ci əsr" tikinti şirkəti ilə işbirliyi faciəyə səbəb ola bilər

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Baba Rzayevin adı son günlər mətbuatda tez-tez hallandırılır. Bu isə onu göstərir ki, ASC sədri yeni vəzifəsində hələ ki, özünü doğrulda bilməyib. Qeyd edək ki, bu məmurun ailə biznesi haqqında zaman-zaman maraqlı faktlar ortalığa çıxarılıb və mətbuatda sensasiyalı araşdırma yazıları dərc olunub. Həmin məlumatlardan belə məlum olur ki, Baba Rzayev işlərinin böyük hissəsini qardaşı Emin Rzayevə həvalə edib. Bəs Emin Rzayev kimdir? Araşdırmalar göstərir ki, Emin Rzayev 2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınan "Santral Elektrik LTD" şirkətinə rəhbərlik edib.

Aradan bir müddət keçdikdən sonra isə ASC sədrinin qardaşı işlərini böyüdüb və rəhbəri olduğu podratçı şirkətin vasitəsilə əvvəlki "Bakıelektrikşəbəkə"nin, indiki "Azərişıq"ın əsas layihələrinin iştirakçısına çevrilib. Qardaşına arxayın olan Emin Rzayev isə əksər hallarda qanunları pozaraq vətəndaşlara əlavə problemlər yaradır. Baba Rzayevin qardaşının özbaşına əməllərindən narazılıq halı bu dəfə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbənin massiv "D", bina 16-nın sakinləri redaksiyamıza müraciət edərək təhlükəli vəziyyətlə üz-üzə qaldıqlarını bildiriblər: "Deməli vəziyyət belədir. Yaşadığımız binanın yaxınlığında bir neçə il əvvəl "Xəzər inşaat 21-ci əsr" şirkəti tərəfindən yeni binalar inşa olundu. Şirkət daha sonra başqa ərazini aldı və hazırda orada hündürmərtəbəli binalar tikməyi planlaşdırır. Tikilib başa çatan binalarla tikilməsi gözlənilən binaların arasında təxminən 1 kilometrdən çox məsafə var. Şirkətin rəhbərliyi bünövrəsi yenicə qoyulmuş binalara hazır olan binalardan işıq xətti çəkmək istəyir. Bu məqsədlə bir neçə gün əvvəl binamızın qarşısını qazıb yaman günə qoydular. Bunu görən sakinlər məsələyə dərhal müdaxilə etdi. İşin icraçısı Eldar adlı şəxs idi. O özünü ilk əvvəl "Azərişıq" ASC-nin əməkdaşı kimi təqdim etdi. Daha sonra isə Baba Rzayevin qardaşının işçisi olduğunu bildirdi. Sakinlər elektrik xəttinin binanın qarşısından aparılmasına etiraz edəndə Eldar adlı şəxs "bu işə Baba Rzayevin qardaşı xeyir-dua verib.

Tikinti şirkətinin "texniki şərt"i var, camaat 30 min pul verib "texniki şərt" alıb. Siz etiraz etsəniz də, burdan kabel aparacağıq" deyə cavab verdi. Qonşular səs-küy salandan sonra fəhlələr qazıntı işlərini dayandırdılar. Biz Eldardan tələb etdik ki, gedib müvafiq icra orqanının sənədini gətirsin və görək buranı qazmağa icazə verilib, ya yox. Amma o heç bir sənəd gətirmədi. Səhərisi gün "Azərişıq" ASC-nin əməkdaşları hadisə yerinə gəldilər. Biz onlarla söhbət etdik. Məlum oldu ki, qazıntı işləri ASC-dən xəbərsiz aparılır. Nəysə uzun çək-çevirdən, söhbətlərdən sonra Baba Rzayevin qardaşına məxsus şirkətin fəhlələri qazıntı işlərini başa çatdırdılar. Eldar adlı iş icraçısı bizə söz verdi ki, sentyabr ayının 10-da işləri tam başa çatdırıb qazdıqları ərazilərə asfalt çəkəcəklər. Bu adam bizə verdiyi sözün üstündə durmadı. Binamızın qarşısı hələ də bərbad vəziyyətdədir. Uşaqların oynamağa, yaşlıların istirahət etməyə yeri yoxdur. Üstəlik, maşınımızı saxlamağa da yer tapmırıq.

Məcburiyyət qarşısında hər gün 1 manat verib maşınları avtodayanacaqda saxlayırıq. Bu qədər özbaşınalıq olmaz axı. Kim nə bilirsə onu da edir. Camaatın fikrini soruşan yoxdur. Bizim əsas narahatlığımız binamızın qarşısından çəkilən elektrik xətti ilə bağlıdır. Əgər sabah bu xətlərdə güclü qəza baş versə, bizim həyatımız təhlükə qarşısında qalacaq. Kimlərsə pul qazanır, amma bunun qorxusunu, acısını biz yaşayırıq. Nəyə görə axı? Qəzet vasitəsilə yuxarı instansiyalardan kömək istəyirik. Elektrik xəttinin binamızın qarşısından aparılmasına qəti şəkildə etiraz edirik. Xahiş edirik ki, bu məsələyə bir əncam çəkilsin. Yoxsa hamımız "Azərişıq" ASC-nin yerləşdiyi binanın qarşısına toplaşıb orda etirazımızı edəcəyik". Məsələ ilə bağlı Baba Rzayevin və onun qardaşı Emin Rzayevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Ümid edirik ki, ASC sədri vətəndaşların şikayətinə dərhal reaksiya verəcək və problem müsbət həllini tapacaq.


Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.