backend

Elman Bünyadovun məsuliyyət məsələsi haçan qoyulacaq?

Elman Bünyadovun məsuliyyət məsələsi haçan qoyulacaq?















Elman Bünyadovun məsuliyyət məsələsi haçan qoyulacaq?

Məktəb direktorları ilə "delovoy" münasibətlər qurmağa öyrəşmiş Sabirabad rayon təhsil şöbəsinin müdiri nədənsə, valideyn-məktəb münasibətlərinin düzgün formalaşdırılmasının qayğısına qalmağı heç yada salmır
Sabirabad rayon təhsil şöbəsinni müdiri Elman Bünyadovun məktəb direktorları ilə münasibətlərinin qarşılıqlı etimad və etibar üzərində qurulduğunu eşidəndə, elə bildik ki, bütün bunlar rayon təhsilinin xeyrinə işləyir. Çox sevindik. Necə olmasa, rayon mərkəzindən xeyli uzaq məsafədə yerləşən məktəblərdə hansı proseslərin getdiyini bilmək, ümumilikdə təhsilin vəziyyətinə nəzarəti əldə saxlamaq baxımından bunun əhəmiyyəti böyükdür.

Həm də əsasən kənd yerlərində məktəblilərin təhsildən yayınması hallarının durmadan artdığı bir zamanda Elman Bünyadovun məktəb direktorları ilə işgüzar əlaqələrin genişləndirilməsinə önəm verdiyini güman etdik. Sən demə, bu düşündüklərimiz güman içində sadəcə bir yanlış təsəvvürdən savayı bir şey deyilmiş.Bilirsiniz niyə? Ona görə ki, bu gün təhsilə laqeyd münasibətin formalaşdığı regionlar arasında Sabirabad rayonu ilk sıralarda dayanır. Belə çıxır ki, rayon təhsil şöbəsi müdirinin məktəb direktorları ilə qurduğu sıcaq əlaqələrin təhsilə aidiyyəti yoxdur. Əgər vəziyyət belədirsə, bəs onda şöbə müdiri ilə onun tabeliyində olan bəzi direktorlarını hansı ortaq maraq birləşdirir? Nə isə, keçək mətləbə. Ötən saylarımızda Sabirabad rayonunun Çöl Beşdəli kənd məktəbinin şagirdi Gülnar Bədirovanın acı taleyi ilə bağlı yazısı qəzetimizdə dərc edilmiş müəllif yazısında çox ciddi bir məsələyə toxunmuşduq. Qeyd etmişdik ki, Çöl Beşdəli kənd icra nümayəndəsi və tam orta məktəbin direktoru ortaq maraqları xatirinə azyaşlı məktəbli qız Gülnarın yaşını artıraraq ona saxta sənəd verilməsini təşkil ediblər. Nəticədə saxta sənədlər əsasında azyaşlı qız türmədə yatan məhkuma kəbinlə ərə verilib. Beləliklə, azyaşlı qızın bakirəliyi faktiki olaraq türmədə pozulub ki, bu da qanunlara tamamilə ziddir.Əlbəttə, məktəb direktoru bu məsələyə necə deyərlər, qol qoymasaydı, çətin ki, kənd icra nümayəndəsi saxta sənədləri hazırlatdıra bilərdi.Digər tərəfdən, heç bir məktəb direktoru belə məsələləri öz rəhbəri ilə razılaşdırmamış saxtakarlıqlara rəvac verməyə ürək eləməzdi.Buradan da belə bir nəticə çıxarmaq olar ki, Sabirabad rayon təhsil şöbəsinin adı azyaşlı Gülnarın sənədlərinin saxtalaşdırılmasına belə deyək, "dobro" verən səlahiyyətlilər sırasında hallanır. İndi Elman müəllim ha and-aman eləsin ki, vallah-billah bu biabırçılıqlardan xəbəri yoxdur, inanan kimdi? Fakt göz qabağındadır. Güman edirik ki, Çöl Beşdəli kənd məktəbi direktorunun rayon təhsil şöbəsinin müdiri Elman Bünyadovla işgüzar əlaqələrinin konkret hansı amillər üzərində qurulduğuna edilən işarələrimiz oxucuların diqqətini cəlb edə bildi. Başqa sözlə desək, təhsilin müdiri ilə məktəb direktoru arasında "sınanmış" qarşılıqlı etibar olmasaydı, Gülnar Bədirovanın da taleyi belə acılıqlarla bizləri üzgün etməzdi. Elə bilirsiniz, Elman müəllimin rəhbərlik etdiyi Sabirabad təhsilində bunlar müstəsna hallardır? Əlbəttə ki, yox. Rayon təhsil şöbəsinin müdiri əsasən kənd məktəblərində təhsildən yayındırılan şagirdlərin, xüsusən də azyaşlı qızların yaşadığı problemlərə görə ən azı mənəvi məsuliyyət daşıyır.Müdirin birbaşa məsuliyyətinə dair kifayət qədər faktlar da gətirmək mümkündür. Belə neqativlər Elman müəllimin ovqatına mənfi təsir edirsə də, bunda günahkar elə təhsil şöbəsinin müdiridir. Elman Bünyadov uzun illərdir ki, Sabirabad təhsilinə rəhbərlik edir.Əvvəllər yoxlamalarla bağlı belə kritik situasiyalardan asanlıqla qurtulmağı bacarmış müdirin dəfələrlə çətin suallar qarşısında icra başçısı Nazim İsmayılova pənah apardığını rayonda bilməyən yoxdur. Lakin Nazim İsmayılovun da cəbrini tükəndirən məqamlar var. Odur ki, mövcud vəziyyət təhsil şöbəsi müdirinin karyerasına toxunulası xətəri sovuşdura bilməyəcək.Onsuz da hər il rayon məktəblərində aparılan yoxlamaların səsi-sədası deyilənə görə, artıq paytaxtdan gəlir. Belə ki, Bakının müxtəlif ticarət mərkəzlərində çalışan, adları isə Sabirabadda şagird kimi qeydiyyatda gedən "məktəbliləri" dərslərə qaytarmaq müşkülə çevrilib. Yeni tədris ilinin astanasında da bu vacib məsələ təhsil şöbəsi müdirinin yadına həmişə olduğu kimi düşməyib. Sabirabadda orta təhsili ictimaiyyətin gözündən salan amillər ucqar kənd məktəblərinin fəaliyyətinə ictimai nəzarətin olmamasından irəli gəlir. Məktəb direktorları ilə münasibətlər qurmağa öyrəşmiş təhsil şöbəsi müdiri nədənsə təhsil ocaqlarında valideyn-məktəb münasibətlərinin düzgün formalaşdırılması qayğısına qalmağı heç yada da salmır. Digər tərəfdən, əksər müəllimlər savadsız olduğundan fənlərin tədris prosesi, onun metod və aşılama fəndləri barədə ən adi təsəvvürlərə belə malik deyil. Bəzi pedaqoqlar isə dərs planının nə olduğunu bilmir. Bir sıra rayon məktəblərində isə fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunmaı faktları var. Bu barədə növbəti yazılarda konkret məlumat verməyə çalışacağıq.