backend

İcra başçısının sahibkarlara 3 milyondan artıq borcunun olduğu deyilir

İcra başçısının sahibkarlara 3 milyondan artıq borcunun olduğu deyilir














Vilyam Hacıyevdən prezidentə şikayət edildi

İmişlinin icra başçısı Vilyam Hacıyevin hərəkətləri rayonda böyük narazılıqlara səbəb olub. Bu barədə İmişli sakinləri bildirib.Şikayətçilər bildirib ki, rayonda məmur özbaşınalığı tüğyan edir. Vəziyyət o yerə çatıb ki, İmişlinin heç bir dövlət idarəsində baxım-görümsüz hər hansı bir işi görmək, hətta adi arayışı belə almaq mümkün deyil.

Dövlət büdcəsindən bu günə qədər İmişliyə kifayət qədər pul ayrılsa da, bu vəsait hesabına Vilyam Hacıyev rayonda heç bir abadlıq işi aparmayıb. Əvəzində müəyyən kosmetik işlər görülüb. Amma bunu da yerli sahibkarların vasitəsi ilə ediblər. Vilyam Hacıyev iş gördürdüyü sahibkarlara və idarə rəhbərlərinə sözün əsl mənasında "nömrə" gəlib. Onlara gördükləri işin qarşılığında ödəniş ediləcəyi bildirilsə də, bəzi iş adamları illərdir pulunu ala bilmir. İddiaya görə, icra başçısının sahibkarlara 3 milyon manatdan artıq borcu var.

Sakinlər bildirir ki, İmişlinin kəndlərində böyük torpaq sahələrini qeyri-qanuni yollarla yaxın adamlarının adına özəlləşdirən icra baçısı rayonda demək olar ki, bütün gəlir sahələrini öz nəzarətinə keçirib. Onun icazəsi olmadan İmişlidə heç kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Məşğul olanlar isə hər ay onlara külli miqdarda "haqq" verməyə məcbur edilir.

Artıq sakinlər və sahibkarlar Vilyam Hacıyevin əməllərindən bezib. Bunun nəticəsidir ki, son aylarda onununla bağlı prezidentə və dövlət orqanlarına yüzlərlə şikayət edilib. Hələlik icra başçısı ilə bağlı heç bir tədbir görülməyib. Amma parlament seçkilərindən sonra onun işdən azad olunması gözlənilir.

Vilyam Hacıyev qanunsuz əməllərini yaşıllıqlara qarşı da davam etdirir. Sakinlər bildirir ki, bu günə qədər rayonun mərkəzində yüzlərlə ağac icra başçısının tapşırığı ilə kəsilib. Həmin ərazilərdə inşa olunan obyektlər isə onun yaxınlarının adına rəsmiləşdirilib.

Vilyam Hacıyevin özü ilə yanaşı, oğlu Məhəmməd Hacıyevin də əməlləri imişlililəri bezdirib. Polis Akademiyasından uzaqlaşdırılan bu şəxs rayon sakinlərinə sözün əsl mənasında qan uddurur. İddiaya görə, "Bentley", "Land Rover" və "Mercedes S class" kimi avtomobillərə sahib olan bu şəxsin adına Bakıda 25 milyon manat dəyəri olan villa var. İstədiyi şəxsi həbs etdirmək gücündə olan icra başçısının oğlu ilə bağlı atasına dəfələrlə şikayət ediblib. Vilyam Hacıyev tədbir görmək əvəzinə oğlundan şikayət edənləri təhqir edir, həbs etdirməklə hədələyir.

Qeyd edək ki, Vilyam Hacıyevdən narazı olan təkcə imişlililər deyil. Onun bəzi ailə üzvləri ilə də münasibətləri pisdir. Onun qardaşı Eldar Hacıyevlə düşmən münasibətdə olduğu deyilir. Buna səbəb qardaşlar arasındakı pul məsələsi olub. Vilyam Hacıyev Göygöldə icra başçısı olduğu vaxt qardaşına müəyyən işlər gördürüb, amma pulunu verməyib. Hətta icra başçısı Eldar Hacıyevi bank müdiri vəzifəsindən çıxartdırıb.

Həmçinin Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur. Amma onunla da münasibətləri az qala düşmənçilik həddindədr. Hətta Hafiz Hacıyev bir dəfə mətbuatda qohumunu ağır şəkildə tənqid etmiş, icra başçısının nəslinin adına xələl gətirdiyini bildirmişdi. Partiya sədri onu əhalini prezident İlham Əliyevdən narazı salmaqda günahlandırmışdı: "Vilyam əmim oğlu olsa da onun vəzifəyə təyin olunmasına səbəb olmağımdan peşmanam. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldu. İlham Əliyevə ən böyük zərbəni Vilyam Hacıyev kimi məmurlar vurur. Vaxtilə mənim xahişimlə vəzifəyə qoyulmuş onun indi işdən çıxarılmasını ən çox mən istəyirəm. Belə bir adamın vəzifəyə qoyulmasında rolum olduğu üçün utanıram, özümü günahkar sayıram. O, adi biletsatan idi, acından günorta dururdu. Düşündüm ki, normal adamdır, bəlkə vəzifəyə getməsinə kömək edək. Haradan biləydim ki, vəzifəyə gedəndən sonra özünü bu vəziyyətə salacaq?! Bu adam o dərəcədə eroziyaya uğradı ki, doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxardı. Vilyam kimi əmim oğlu olmağından və ona vaxtilə kömək göstərməyimdən utanıram. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq".


Yazıda adı çəkilən şəxslərin münasibətini dərc etməyə hazırıq.