backend

"Global Edu.az" xaricdə təhsil şirkətinin adı fırıldaqçılıqda hallanır

"Global Edu.az" xaricdə təhsil şirkətinin adı fırıldaqçılıqda hallanır


Şirkət rəhbəri 100 nəfərə pul "atıb" yoxa çıxdı
























Bakı şəhər sakini Mahirə Qurbanova "Global Edu.az" xaricdə təhsil şirkətinin fırıldaqçılığına məruz qaldığını bildirir. Bu barədə qafqazinfo-ya şikayət edən M.Qurbanova bildirib ki, iyun ayının 23-də Londonda on günlük təhsil və səyahət kurslarında iştirak etmək üçün şirkətə müraciət edib:

"Şirkət rəhbəri ilə danışıqlardan sonra iyunun 25-də iki nəfər üçün 2800 manat pul ödəyərək müqavilə bağladım. Qeyd edim ki, müqavilələrdə 1400 manat yazılsa da, mənə verilən mədaxil qəbzində məbləğ 1100 manat göstərilib. İyulun 20-də şirkət uşaqları Londona aparmalı idi. Ancaq məlum oldu ki, uşaqlara viza açılmayıb, səbəb də odur ki, pullar ödənilməyib. Bundan sonra şirkət rəhbəri Tərlan Yusubovla görüşdüm. O, mənə dedi ki, yanlışlıq olub, məktub yazıb problemi yaxın günlərdə həll edəcək. Bundan sonra T.Yusubov yoxa çıxdı. Telefonlarına zəng çatmadı". M.Qurbanova məsələ ilə bağlı polisə də müraciət edib. "Məlum oldu ki, şirkət məndən əlavə, daha 99 nəfəri də aldadıbmış. Mən şikayət edən 100-cü adam idim. Əgər polis məsələni həll edə bilməsə, şirkət mənim ödədiyim 2800 manatı geri qaytarmasa, yuxarı orqanlara müraciət edəcəm". Qafqazinfo problemlə bağlı sözügedən şirkətin rəhbəri ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, T.Yusubovun nömrəsinə zəng çatmayıb.

Qeyd edək ki, sözügedən şirkətin fırıldaqçılığı ilə bağlı iki il əvvəl də mediada şikayət dərc olunub. Həmin şikayət əsasında iki ay bundan əvvəl Tərlan Yusubov aeroportda saxlanılaraq Yasamal rayon Prokurorluğuna gətirilib. T.Yusubov şikayətçinin pulunu ödəyib və bir sutka saxlanıldıqdan sonra buraxılıb.