backend

Mollakənd Mexaniki Suvarma İdarəsi rəisinin özündən müştəbehliyi Ginnesin rekordlar kitabına düşəcək

Mollakənd Mexaniki Suvarma İdarəsi rəisinin özündən müştəbehliyi Ginnesin rekordlar kitabına düşəcək

Kürdəmirdə Valeh Qaraşovun inanılmaz ambisiyaları












Deyirlər, insanın ən gözəl xüsusiyyətlərindən biri də onun inamıdır. Yəni normalda insanlar bir-birilərinə inanmalı, etibar etməlidirlər. Amma təəssüflər olsun ki, indiki dövrdə daha çox eşitdiyimiz və işlətdiyimiz ifadələrdən biri “eşit, inanma” məsəli olub. Hələ qəzetlərdə dərc olunan məlumatları ümumiyyətlə, tam tərsinə qəbul etmək az qala bir dəbə çevrilib. Sözün düzü, buna görə heç kəsi qınamaq da olmur. Sensasiya arxasınca qaçanlar, reytinqləri qırmaq arzusunda olanlar o qədər cəfəngiyat yazırlar ki, doğrunu yalandan ayırmaq olmur. Hələ sifarişli yazıları demirəm...İndi mən də yazmaq istəyirəm ki, Kürdəmir rayonu Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi Valeh Qaraşovun ambisiyaları, özündən müştəbehliyi Ginnesin rekordlar kitabına düşəcək rekord bir həddə çatıb, amma qorxuram. Qorxuram ki, mənə də inanmayacaqlar. Deyəcəklər ki, adi bir idarə rəisində o boyda ambisiya nə gəzir? Nə olsun ki, Valeh Qaraşov hələ Qış Otaqlarını Suvarma İdarəsinin rəisi vəzifəsində ilşlədiyi vaxt 261 kilometr uzunluğunda R-5 diametrli su borularının, bir ədəd buldozerin və elektrik transformatorunun kənara satışını həyata keçirərək, əldə olunan külli-miqdarda vəsaitləri mənimsəmişdi və buna görə ona gözün üstə qaşın var, deyən də olmamışdı. Və yaxud da, nə olsun ki, Valeh Qaraşov bu gün də Ucarda yerləşən YSM bazasından daha çox yanacaq-sürtkü materiallarının alınması üçün rəhbərlik etdiyi Mollakənd Mexaniki Suvarma İdarəsinin qarajında duran və qətiyyən istismar olunmayan texnikaya da saxta yol vərəqələri yazdırır və artıq alınan dizel yanacağını və digər materialları müxtəlif yanacaq doldurma stansiyalarına satılır. Məgər bu əməllərdən yaranan ambisiyalar rekord vurmağa yetər? Qorxuram desinlər ki, bu gün bizim məmurlarda formalaşmış “normativ mənimsəmə limitləri” nəzərə alınmaqla, hətta Valeh Qaraşovun dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə suvarma idarəsində guya ki, müxtəlif işlərin görülməsi və ya idarəyə mal-materialların alınması üçün uğurla tətbiq etdiyi “nağdlaşma” üsulundan, alınan malların müəyyən hissəsinin bir çox hallarda ümumiyyətlə anbarlara daxil edilmədən kənara satılmasından, idarənin balansında olan texnikanın müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verilməsindən, işçiləri şənbə və bazar günləri qeyri-qanuni işə çıxmağa məcbur edərək, əlavə yazılan əmək haqqlarının mənimsənilməsindən əldə olunan gəlirlər belə, özündən razılığın bu qədər yüksək həddə çatmasına yetməz. Amma mən sizi yenə də inandıra biləcəyəm. Həm də sadəcə ona görə yox ki, bu gün Kürdəmir sakinləri və yerli fermerlər mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmədiyindən, görülən işlərin isə keyfiyyətsiz və az effektli olmasından şikayətlənirlər və Valeh Qaraşov da bunları vecinə almır. Heç mən bunu da nəzərə almayacağam ki, suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür, idarənin əməkdaşları isə yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, bununla da ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar və idarə müdiri də daxil olan şikayətlərə gözünün ucu ilə də baxmır...Təbii ki, bütün bu məqamlar bu gün bizim milli məmurlarımız arasında kifayət qədər yayılmış xüsusiyyətlərdir və onları heç də yüksək ambisiya göstəriciləri kimi qəbul etmək olmaz. Amma insafən demək lazımdır ki, hələ indiyədək şəxsən mən bizim məmurlardan heç birinin öz işinə etinasızlığına haqq qazandırmaq üçün birbaşa dövlət başçısının adını hallandırdığını eşitməmişdim, Valeh Qaraşovdan bunu da eşitdim! Bəli, Valeh müəllim onun barəsində qəzetdə dərc olunan tənqidi materiala münasibətini məhz bu ifadələrlə bildirdi: “Yazsınlar da, prezidentdən də yazırlar, nə olsun ki?...”Bax, beləcə Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi Valeh Qaraşov öz məsuliyyətsizliyini pərdələmək üçün, heç olmazsa, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin də adını çəkmir. İndi mənimlə razılaşırsınız ki, bu məmurun ambisiyaları həqiqətən də SON həddə çatıb?