backend

Aylıq vəzifə maaşı 400 manatdan yuxarı olmayan icra nümayəndəsi bahalı"Audi Q5" markalı avtomobili hansı yolla alıb?

Aylıq vəzifə maaşı 400 manatdan yuxarı olmayan icra nümayəndəsi bahalı"Audi Q5" markalı avtomobili hansı yolla alıb?

Adil Vəliyevin etimadını doğrultmayan icra nümayəndəsi












Ramin Əliyev Pirşağıdakı özbaşınalıqlarını Sabunçu qəsəbəsində davam etdirir

Məlum olduğu kimi, ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində Bakı və şəhərətrafı qəsəbələrdə abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Bu məqsədlə hər il dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır. Təəssüf ki, bəzi səlahiyyətli şəxslər büdcə vəsaitlərini təyinatı üzrə xərcləmir və əhali arasında narazılıq meyllərinin güclənməsinə səbəb olurlar. Paytaxtın bəzi qəsəbələrində vəziyyət acınacaqlı olaraq qalır. Buna misal olaraq Sabunçu qəsəbəsini göstərə bilərik. İnsaf naminə qeyd etmək lazımdır ki, rayonun icra başçısı Adil Vəliyev vəzifəyə keçəndən sonra Sabunçunun abadlaşması istiqamətində mühüm işlər gördü. Buna baxmayaraq, Sabunçu qəsəbəsində problemlər azalmaq əvəzinə, hər gün daha da artır.

Qeyd edək ki, icra başçısı Adil Vəliyev bir neçə ay əvvəl Sabunçu qəsəbəsi üzrə icra nümayəndəliyinin rəhbərini dəyişib. İcra hakimi bu vəzifəyə Pirşağı qəsəbəsinin köhnə icra nümayəndəsi Ramin Əliyevi təyin edib. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, gənc kadr hesab edilən Ramin Əliyev vəzifəyə təyin olunduğu müddət ərzində hələ ki, özünü müsbət tərəfdən göstərə bilməyib: "Onun Pirşağıda hansı özbaşınalıqları törətməsini çoxları yaxşı bilir. Aidiyyəti qurumlar tərəfindən yoxlama aparılsa, onun Pirşağıdakı qanunsuz işlərinin üstü açıla bilər. Deyilənlərə görə, o, Pirşağıda icra nümayəndəsi işləyərkən boş torpaq sahələrini ucdantutma verdi. Ramin Əliyev bir müddət əvvəl Sumqayıt-Aeropart yolunu birləşdirəcək və hazırda tikilməkdə olan dairəvi yolun yaxınlığındakı torpaqları hasarlatdıraraq satmaqda ittiham olunurdu. Həmin ərazi əvvəllər taxılçılığa aid ərazi olub. Camaat arasında gəzən söz-söhbətlərdən aydın olur ki, ərazinin bir hissəsi vətəndaşlara məxsus olsa da, Ramin Əliyev sakinlərin əlində olan torpaq sənədlərinin qanunsuz olduğunu iddia edərək torpaqları yeni şəxslərə verib. İcra nümayəndəsi bütün bu işləri Pirşağıda fəaliyyət göstərən "Ləvəngi" restoranında həyata keçirirmiş. Ramin Əliyev Sabunçu icra nümayəndəliyində də köhnə işlərini davam etdirməklə məşğuldur. Hazırda qəsəbə camaatı müxtəlif prolemlərdən əziyyət çəkir. Sabunçu qəsəbəsinin daxili yolları yaman gündədir. İcra nümayəndəsi yolların təmiri və əhalini narahat edən digər problemlərin həll olunması üçün heç bir təşəbbüs göstərmir. Rayonda abadlıq işlərinin görülməsi üçün dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Lakin Sabunçu qəsəbəsində hələ də xoşa gəlməyən mənzərələr mövcuddur. Əsas problemlərdən biri isə zibil qutularının vaxtında təmizlənməməsi ilə bağlıdır. İcra nümayəndəsi işinə istənilən səviyyədə diqqət ayırmır və buna görə də qəsəbə problemlərin içində itib-batır. Gənc icra nümayəndəsi hazırda Sabunçu qəsəbəsinin ərazisindəki boş torpaq sahələrini nəzərdən keçirir. Ramin Əliyev Pirşağıda bu sahə ilə bağlı kifayət qədər "təcrübə" toplayıb. Artıq qəsəbə nümayəndəsinin fəaliyyətsizliyi barədə icra başçısı Adil Vəliyevə bir neçə dəfə şikayət olunub. Müəyyən səbəblərə görə icra nümayəndəsinin haqqında heç bir tədbir görülmür".

Bizə çatan məlumatlarda həmçinin icra nümayəndəsinin Sabunçu qəsəbəsində yerləşən ticarət obyektlərinin sahiblərinə qənim kəsildiyi bildirilir: "İcra nümayəndəsi qəsəbədəki bütün sahibkarlara hər ay onun qəbuluna gəlməsini tapşırıb. Bundan imtina edən iş adamlarını isə cəzalandıracağı ilə hədələyib. Axı icra nümayəndəsinin sahibkarlığın inkişafına maneçilik yaratmağa nə ixtiyarı var? Bir halda ki, cənab prezident sahibkarları dəstəkləyir, onlara köməklik göstərir, icra nümayəndəsi nə karədir ki, nəysə problem yaratsın?". Bu arada, Ramin Əliyevlə bağlı daha bir maraqlı məlumat əldə etmişik. Məlumatlı şəxsin bildirdiyinə görə, aylıq vəzifə maaşı 400 manatdan çox olmayan məmur 90-KJ-666 nömrə nişanlı "Audi Q 5" markalı avtomobil sürür. Bu avtomobilin qiymətinin 50 min manatdan yuxarı olduğu vurğulanır. Sual yaranır: icra nümayəndəsi "zerkal"nı nömrəli bahalı maşını hansı yollarla alıb? Ramin Əliyevlə bağlı əlimizdə başqa məlumatlar da var. Yaxın günlərdə gənc icra nümayəndəsinin fəaliyyəti barədə geniş araşdırma yazısı dərc edəcəyik. Bizi izləməyə davam edin. İnanırıq ki, hörmətli Adil Vəliyev etimad göstərib vəzifəyə qoyduğu icra nümayəndəsinin fəaliyyətinə nəzarəti gücləndirib onu ciddi şəkildə tənbeh edəcək.


Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.