backend

Marketin fəaliyyətində kifayət qədər nöqsanlar var

Marketin fəaliyyətində kifayət qədər nöqsanlar var

Paytaxtda fəaliyyət göstərən marketlərin demək olar ki, əksəriyyəti vətəndaşlara normal xidmət göstərmir















Paytaxtda fəaliyyət göstərən marketlərin demək olar ki, əksəriyyəti vətəndaşlara normal xidmət göstərmir. Son zamanlar tez-tez vətəndaşların marketlərdə aldadıldığının şahidi oluruq. Hazırda Zabrat qəsəbəsində yerləşən Siqma MMC-yə məxsus "Gross" marketlə bağlı neqativ xəbərlər gəlməkdədir. Bir sıra marketlər şəbəkəsi kimi "Gross" market də istehlakçıları aldatmaqla məşğuldur. Birincisi, qiymət kələkbazlığıyla məşğul olurlar. Məhsullara vitrində başqa qiymət vururlar. Müştərilər kassaya yaxınlaşdıqda isə başqa qiymətlərlə rastlaşırlar. Bu əməlli başlı istehlakçıların hüquqlarının pozulmasıdır. Bu yolla market rəhbərliyi yüksək gəlir əldə etməyə çalışsa da, digər tərəfdən marketdən müştərilərin qaçmasına səbəb olur. Qaş düzəltdiyi yerdə göz çıxartdı buna deyirlər. Rəhbərlik anlamır ki, özgəyə quyu qazan özü düşər. Ona görə də bu gün sözügedən ticarət obyektində müştəri qıtlığı yaşanır. Müştərilərin "Gross" marketə getməməsinə səbəb hüquqlarının pozulmasıdır. Manatın devalvasiyasından bəri sözügedən ticarət obyektində satılan məhsullarda hər gün artımın müşahidə edildiyi deyilir. Baxmayaraq ki, məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixindən gücləndirilmiş nəzarət tədbirlərinə başlayıb, lakin süni qiymət artıranların sayı durmadan artır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsində bildirilir ki, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə bu, az miqdarda olduqda - fiziki şəxslər 600 manat miqdarında, vəzifəli şəxslər 1000 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilirlər.

Əslində, bir az məntiqlə fikirləşən sahibkar istehlakçıları aldatmağa çalışmaz. Niyə? -Çünki cərimənin məbləği kifayət qədər yüksəkdir və hər dəfə cərimələndikcə qazandığından çox itirir. İkincisi, istehlakçıları çaşdıran, aldadan hər bir mağazanın adı ictimaiyyətə açıqlanır ki, bununla da həmin mağaza istehlakçıların "qara siyahı"sına düşür.

Paytaxt marketlərində insanlara keyfiyyətsiz məhsullar satılır. Market sahibləri firmalardan aldıqları məhsul keyfiyyətsiz olduqda həmin firmaları ittiham edir, məsələni üzərlərindən atırlar.

Meyvə-tərəvəzin keyfiyyətinə gəldikdə isə buradakı qüsurları kiminsə boynuna atmaq olmur. Bu məhsulların vaxtının ötdüyü, keyfiyyətini itirdiyi baxan kimi hiss olunur.

Redaksiyamıza edilən müraciətdə o da bildirilir ki, "Gross" market don vurmuş məhsulların satılması ilə məşğuldur. Vətəndaşlar məhsulları alıb evə aparandan sonra aşkar olunub ki, məhsulları don vurub. Təəssüf ki, müştəri məhsulu geri qaytarmaq istədikdə isə market rəhbərliyinin kobud münasibətiylə qarşılaşır. Məhsulların həmin marketdən alınmadığı deyilir. Təəssüf ki, bu kimi halların sayı artmaqda davam edir. Ona görə də paytaxtda fəaliyyət göstərən marketlərin işi araşdırılmalı və lazımi ölçü götürülməlidir. Əks təqdirdə hər gün minlərlə istehlakçının hüququ pozulmaqda davam edəcək.



Qarşı tərəfə də cavab haqqı tanıyırıq