backend

145 maşın necə girova alınıb?

145 maşın necə girova alınıb?

Bakıda bankirlərin müdhiş dələdüzluğu










Hazırda həbsdə olan "Atrabank”ın Xəzər filialının müdiri və digər əməkdaşlarının sensasion fırıldağının üstü açılıb. Məlum olub ki, filial müdiri və digər bank əməkdaşları birlikdə 145 atılmış, istifadə olunmayan maşını sənədləşdirərək bankdan külli miqdarda pul çıxarıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Atrabank”ın vəzifəli şəxslərinin cinayət işləri ilə bağlı məhkəmə iclası keçirilib.

Məlumatda bildirilir ki, bankın Xəzər filialının rəhbərliyi - Fikrət İbrahimov, Vüqar Əliyev, Tural Mərdanov və İntiqam Fərəcov bankdan yarım milyon manatdan çox krediti mənimsəməkdə təqsirləndirilirlər.

Prosesdə bankın hüquq departamentinin rəhbəri Şahin Nağıyev ifadə verib. Ş.Nağıyev ifadəsində həbs olunan şəxslərin fəaliyyəti ilə bağlı qalmaqallı ifadə verib.

O, bildirib ki, bank tərəfindən keçirilən audit yoxlamalar zamanı pozuntu faktları aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxslər başqasının adına rəsmiləşdirdikləri krediti özləri götürüb.

Ş.Nağıyevin məhkəmədə dediklərindən: "İlk olaraq girovda olan 5 maşının saxta yollarla sənədləşdirildiyi üzə çıxdı. Bundan sonra girov qoyulan bütün maşınlarla bağlı DYP-yə sorğu verdik. Cavabdan bəlli oldu ki, filial rəhbərliyi 145 maşını saxta yollarla sənədləşdiriblər. Yəni, onlar DYP-nin postunda atılıb qalan, vurulmuş, yararsız vəziyyətdə olan maşınları evakuatorla filiala gətiriblər. Tüfeyli həyat tərzi keçirən tanışlarının şəxsiyyət vəsiqələrini hansısa yolla ələ keçiriblər. Həmin adamların adına onların xəbəri olmadan kredit ayırıb özləri götürüblər”.

Bank rəsmisi bildirib ki, araşdırmalar zamanı məlum olub ki, "Mercedes” markalı avtomobildə olduğu qeyd edilən nömrə əslində "Jiquli”nindir. Ş.Nağıyev sonradan vətəndaşların banka müraciət etdiyini və adlarına verilən kreditdən xəbərsiz olduqlarını bildiriblər. Elə bundan sonra da bank əməkdaşlarının yalanı üzə çıxıb.

Ş.Nağıyev hələ də bu cür şikayətlərin gəldiyini bildirib. Bank rəsmisi əlavə edib ki, bu faktlar aşkarlandıqdan sonra 2013-cü ilin aprelində Baş Prokurorluğa müraciət ediblər.

Qeyd edək ki, bu, "Atrabank”la bağlı ilk qalmaqallı hadisə deyil. Bir müddət əvvəl də bankın Nəsimi filialının mühasibi, daha sonra isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu da həbs edilmişdilər. Onlar başqa vətəndaşların adına kreditlər götürməkdə ittiham olunurlar.