backend

ŞİKAYƏT VAR

ŞİKAYƏT VAR

Körpələrin həyatını necə risqə ata bilərsən ki...


















Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında yer almış bir sıra özbaşınalıqlar və qanun pozuntularına dair dəfələrlə tənqidi materiallar dərc etmişik. Əlbəttə ki, həmin materialların böyük əksəriyyəti redaksiyamıza daxil olmuş çoxsaylı şikayət məktubları əsasında hazırlanıb. Etiraf etmək lazımdır ki, daxil lan məlumatlarda öz əksini tapmış nöqsanlar əslində bu gün ölkədə fəaliyyət göstərən əksər məktəbəqədər uşaq tədris müəssisələrində bu və ya digər formada öz təzahürünü tapır. Biz hər dəfə belə bir fikri də vurğulamışıq ki, bu problemlərin həlli üçün mütləq, uşaq müəssisələrində əsaslı kadr islahatları aparılmalı, həmin müəssisələrə rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı və korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar ciddi şəkildə cəzalandırılmalıdırlar.Elə fəaliyyəti növbəti materiallarımızdan birində araşdırmaya məruz qoyulmuş, Bakının Nəsimi rayonunda, A.Məhərrəmov küçəsi 96 ünvanında yerləşən (5-ci mikrorayon) 96 saylı uşaq bağçasının fəaliyyətində yer almış bir sıra neqativ hallar da, analoji müəssisələrdə təkrarlanması ilə diqqəti cəlb edir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda qeyd olunmuşdu ki, Ruhəngiz Qurbanovanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün artıq son dərəcə yüksək həddə çatmışdır. Bildirilir ki, övladlarını həmin bağçaya yazdırmaq istəyən valideynlərdən 300 manat məbləğində pul ödəmək tələb olunur. Bundan sonra isə ilkin ödənişi həyata keçirmiş valideynlər mütəmadi olaraq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərcləri ödəmək məcburiyyətinə qoyulurlar. Həmçinin məlumatlarda vurğulanır ki, 96 saylı bağçada "bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 60-70 manat pul yığılır. Daha sonra məlumatlarda vurğulanır ki, bu müəssisənin fəaliyyəti ilə bağlı pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Belə ki, iddialara görə 96 saylı bağçada uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, bəzi tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi hallar da mövcuddur. Artıq dəfələrlə qeyd olunduğu kimi uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Belə ki, bəzi bağça müdirələri bu yenilikdən də öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə məharətlə yararlana bilirlər. Bu məqsədlə bir çox bağça müdirələri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara "aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdikləri müəssisələrdə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar. Redaksiyamıza daxil olan məlumatlarda 96 saylı uşaq bağçasında da məhz bu xüsusda çeşidli qanun pozuntularının müşahidə olunduğu bildirilir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, istənilən uşaq bağçasında valideynlərə qarşı hər hansı pul tələbi irəli sürülərsə, bu halda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Elə biz də 96 saylı bağçada baş verənlərə dair aldığımız məlumatlar qəzetimizdə dərc etməklə, problemi ilk növbədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun diqqətinə çatdırmaq istəmişik. Lakin, hələlik idarə rəhbərliyi tərəfindən məsələyə münasibət bildirilməmişdir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.