backend

Artıq yuxarılar parlament seçkilərindən sonra onu yeni kadrla əvəzləməyi düşünür

Artıq yuxarılar parlament seçkilərindən sonra onu yeni kadrla əvəzləməyi düşünür

Ziya Məmmədov tezliklə nəqliyyat naziri postu ilə vidalaşmalı olacaq















Son vaxtlar mətbuatın gündəmini zəbt edən mövzulardan biri də nəqliyyat naziri Ziya Məmmədovla bağlı məqamlardır. Daha doğrusu, əksər kütləvi informasiya vasitələri iddia edirlər ki, nəqliyyat naziri tezliklə tutduğu vəzifə ilə vidalaşmalı olacaq. Biz də öz növbəmizdə bununla bağlı kifayət qədər ilginc bilgilər əldə etmişik. Belə ki, artıq yuxarıların Ziya Məmmədova etimadının tükənmək üzrə olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, əgər belə davam edərsə, o zaman parlament seçkilərindən dərhal sonra ölkənin nəqliyyat naziri postunda yeni sima əyləşə bilər.

Ölkə başçısının Bakı Dəmir Yolu Vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində bu günlərdə istifadəyə veriləcək Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olduğunu və daha sonra açılış mərasimi keçirildiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Ziya Məmmədov həmin açılış mərasiminə dəvət olunmayıb: "Bu isə özlüyündə kifayət qədər ciddi məqamlardan xəbər verir. Xatırlayırsınızsa, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin olunandan sonra dəmiryolçularla bağlı keçirilən tədbirdə Ziya Məmmədov da iştirak etmişdi. O, bəzi dəmiryolçuları şəxsən mükafatlandırmışdı. O zaman bəziləri bunu Ziya Məmmədovun Cavid Qurbanova əzələ nümayişi kimi qiymətləndirmişdi. Bu baxımdan Ziya Məmmədovun açılış mərasiminə dəvət olunmaması nəqliyyat nazirinin "vurulmaq" üzrə olması kimi qəbul oluna bilər. Görünür, artıq yuxarılar Ziya Məmmədovla işləməkdə maraqlı görünmədiyindən onu yeni kadrla əvəzləməyi düşünürlər".

Ümumiyyətlə, son günlər Ziya Məmmədovun işdən çıxarılma ərəfəsində olduğu haqda müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Əslində, bir neçə gün əvvəl nazir və oğluna məxsus "Rixos Quba" otelinin Məmmədovların əlindən alınması, eyni zamanda paytaxtda sərnişin daşınmasını həyata keçirən əsas şirkət, Ziya Məmmədova məxsus "Transqeyt"in avtobuslarının xətdən çıxarılması onu deməyə əsas verir ki, tezliklə nəqliyyat naziri postuna yeni təyinat reallaşacaq. Ölkə başçısının bir neçə gün əvvəl 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə səsləndirdiyi fikirlər də məhz bu qənaətə gəlməyə əsas verir. Belə ki, həmin müşavirədə ölkə başçısı nəqliyyat sektorunda ciddi pozuntuların olduğunu, insanların incidildiklərini bildirib: "İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "Asan xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "Asan xidmət"in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir". Nəzərinizə çatdıraq ki, ölkə başçısının nəqliyyat sektorunda ciddi problemlərin olduğunu xüsusi vurğulamasına əsaslanan bir qrup ekspertlər Ziya Məmmədovun qarşıdan gələn parlament seçkilərindən sonra vəzifədən uzaqlaşdırılacağı barədə iddiaların təsadüfi olmadığının göstəricisi hesab edirlər…

Bu arada, əldə etdiyimiz digər informasiyada isə deyilir ki, nəqliyyat nazirinin prezidenti olduğu Voleybol Federasiyasının 300-400 nəfərə yaxın işçisi artıq 4 aydır ki, maaş ala bilmir. Bununla bağlı bilgilərini redaksiyamızla bölüşən məlumatlı şəxsin iddiasına görə, "Bakı 2015" İlk Avropa Oyunları zamanı heç bir yer tuta bilməyən Voleybol Federasiyasının işçilərinə həmin vaxtdan indiyədək əməkhaqları verilmir: "Deyilənlərə görə, işçilər federasiya prezidenti Ziya Məmmədovdan məsələ ilə bağlı müsbət cavab ala bilməyiblər. Odur ki, artıq legioner oyunçular Voleybol Federasiyasını məhkəməyə veriblər. Artıq legioner qızların qaldığı kirayə evlərdən də xəbərdarlıq gəlib. Çünki 4 aydır ki, legioner qızların kirayə haqları da verilmir və ev sahiblərindən xəbər göndərilib ki, əgər tezliklə kirayə pulları verilməsə, qızları əşyaları ilə birgə evdən çıxaracaqlar. Deyilənlərə görə, nazir oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı da bugünlərdə fəaliyyətini dayandırıb. Alyansın Vaşinqtondakı mərkəzi ofisini bağlayaraq bunu "maddi vəziyyətlərinin ağır olması" ilə əlaqələndiriblər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ziya Məmmədov tezliklə nəqliyyat naziri postu ilə vidalaşmalı olacaq. Proseslər məhz bu istiqamətdə cərəyan edir…"

Ötən ilin oktyabr ayının 3-dən 4-nə keçən gecə, saat 2 radələrində Koroğlu metrosunun yaxınlığındakı körpüyə 1 saylı avtobusda işləyən sürücünün çıxaraq intihara cəhd etdiyini deyən mənbə bildirir ki, həmin vaxt gənc avtobus sürücüsü körpüdən qışqıraraq nəqliyyat nazirinin bacısı oğlu Davud Əfəndizadəyə görə intihar etmək istədiyini qeyd edib: "O vaxt intihara cəhd edən şəxs deyirdi ki, "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin rəis müavini Davud Əfəndizadə onlara işləməyə imkan vermir. Lakin nədənsə həmin vaxt bu məsələni lazımi səviyyədə araşdıran olmadı. Bu arada, onu da nəzərinizə çatdırım ki, Ziya Məmmədova məxsus olduğu iddia edilən şirkətlər nəqliyyat sektoru ilə bağlı layihələri tendersiz qazanır. Belə ki, ölkə qanunlarına görə, dəyəri 50 min manatı ötən bütün dövlət əsaslı layihələr tender vasitəsi ilə reallaşdırılmalıdır. Amma təcrübədə bu qaydaya əməl olunmaması ilə bağlı bəlkə də yüzlərlə fakt var. İnkişaf etmiş ölkələrdə büdcə vəsaitlərinin ən azı yarısı açıq tenderlər vasitəsi ilə xərclənir. Bəzi məmurlar isə öz "proxy", yəni arxasında real sahibi başqa şəxslər olan şirkətlərini tender prosesinə qoşur, süni rəqabət yaradırlar. Sonda isə qalib məhz bilavasitə onlara məxsus müəssisələr olur. Qeyd edim ki, 2005-ci ildən 2013-cü ilədək Nəqliyyat Nazirliyinin, yəni Ziya Məmmədovun dövlət büdcəsi vasitəsi ilə həyata keçirdiyi layihələrin ümumi dəyəri 7,3 milyard manatdır. Maraqlı məqam ondadır ki, həmin layihələrlə bağlı keçirilən tenderlərin böyük əksəriyyətini məhz nəqliyyat nazirinə yaxın şirkətlər qazanıb. Müvafiq qurumlar bununla bağlı geniş miqyaslı və obyektiv araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gətirilə bilər…"


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.