backend

Rizvan Vahabovun yeni planları...

Rizvan Vahabovun yeni planları...

Keçmiş məmur bu dəfə icra başçısı olmaq həvəsinə düşüb













O, əsas diqqətini Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin postuna yönəldib

Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, Keçmiş Yanacaq Komitəsinin sədri Rizvan Vahabovun adının hallandırıldığı qalmaqallı məsələ hələ də həllini tapmayıb. Xatırladaq ki, bir müddət əvvəl "Volbak-H" MTK-nın bir qrup payçısı Rizvan Vahabovun onların payını saxta sənəd əsasında mənimsəməsi ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər.

Vətəndaşlar bildiriblər ki, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, iş adamı Rizvan Vahabovun özbaşına əməlləri nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulub. Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443-cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində "Günəş" İKF-na təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan "Volbak" MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilib və həmin ərazidə yaşayış binası tikilib. Tikintini aparan "Volbak-H" MTK şikayətçilərlə müqavilə bağlayıb və şikayətçilər tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər. Bildirilir ki, sonradan "Günəş" İKF Rizvan Vahabovun 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirilib. Buna baxmayraq, "Günəş" İKF Rizvan Vahabov tərəfindən idarə olunur və daha əvvəl də "Günəş"şirkəti onun tərəfindən başqa bir sahibkardan başqa yolla əldə edilib. Faktiki olaraq iş adamının "Günəş" İKF-nu ələ keçirərək qayınanasının adına sənədləşdirdiyi iddia olunub: "Milyonçu sabiq məmur sərmayəsinin və mülklərinin böyük bir hissəsini qayınanasının adına rəsmiləşdirərək idarə edir. Belə ki, onun Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qayınanasının adınadır". Qeyd edək ki, bu məsələlər ictimailəşdikdən sonra iş adamı özünü müdafiə etdirməyə başladı. Zaqatala rayonunun sakinləri həmin mətbuat vasitələrinə "müraciət edərək" keçmiş məmurun haqqında yazılanların yalan olduğunu bildirdilər. İş adamının özünü belə bir formada müdafiəyə çalışması uğursuzluqla nəticələndi. Dünən qalmaqallı keçmiş məmurla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatda deyilir ki, Rizvan Vahabovun vəzifə tutqusu hələ də tükənməyib: "O həm Neft Kəmərləri İdarəsində, həm də Yanacaq Komitəsində işləyərkən rəhbərliyin qarşıya qoyduğu tapşırıqları uğurla yerinə yetirə bilmirdi. Elə bu səbəbdən hər iki vəzifəsində fiaskoya düçar oldu. Buna baxmayaraq, o bəzi şəxslərin yardımı sayəsində YAP-ın Səbail rayon təşkilatında yer almağı bacardı. Deyilənə görə, onun hakim partiyada təmsilçiliyi sırf görüntü xətrinədir. Yəni Rizvan Vahabov yenidən yüksək vəzifəyə keçə bilmək üçün özünü iqtidarın və YAP-ın qatı tərəfdarı kimi göstərməyə çalışır. Bir vaxtlar Əli Kərimlinin və İsa Qəmbərin müxalif fikirlərinə müsbət münasibət bəsləyən iş adamı indi qatı iqtidarçı kimi özünü göstərir. Bir müddət əvvəl keçmiş komitə sədri energetika naziri Natiq Əliyevin yerinə keçməyə can atırdı. Buna baxmayaraq, istəyinə çata bilmədi. Daha sonra onun qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyi barədə xəbərlər yayıldı. Bu da bir nəticə vermədi. Əli hər yerdən üzülən sabiq məmur indi də icra başçısı olmaq sevdasına düşüb. Rizvan Vahabov Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş olduğu üçün bəzi əlaqələrini, vəzifədəki köhnə dostlarını işə salıb. Hələlik, ona dəqiq vəd verilməyib. Ona görə ki, bu post uğrunda amansız mübarizə gedir və digər namizədlərlə müqayisədə iş adamının şansı azdır. Bu variant baş tutmayacağı təqdirdə, Rizvan Vahabov Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin yerinə iddialıdır. Deyilənə görə, rayonun indiki başçısı ilə bağlı mətbuata bəzi məlumatları ötürdüyü qeyd edilir". Biz isə hesab edirik ki, adıçəkilən şəxsin bundan sonra yüksək vəzifəyə təyinat alacağı elə də inandırıcı görünmür. Ən azından ona görə ki, bu şəxsə iki dəfə mühüm dövlət postu etibar edilib, amma o heç birində özünü doğrultmağı bacarmayıb. O ki, qaldı "Volbak-H" MTK-nın payçılarının probleminə, bu barədə gələn saylarımızda dəhşətli faktları diqqətinizə çatdıracağıq. Bizi izləməyi unutmayın.


Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.