backend

Fəaliyyəti dayandırılan universitetin tələbələrinin yerləşdirildiyi ali məktəblərin adları açıqlandı

Fəaliyyəti dayandırılan universitetin tələbələrinin yerləşdirildiyi ali məktəblərin adları açıqlandı

Bakı Asiya Universitetinin tələbələri harada təhsil alacaq?









Fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin tələbələrinin yerləşdirildiyi ali təhsil müəssisələrinin adları açıqlanıb. Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazir Mikayıl Cabbarovun əmrinə uyğun olaraq Bakı Asiya Universitetində təhsil alan tələbələr digər dörd özəl ali məktəbdə təhsillərini davam etdirəcəklər.

Nazirlikdən bildirilib ki, bağlanan universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Filologiya" (Azərbaycan dili və ədəbiyyatı) və "Xarici dil (ingilis dili) müəllimliyi" ixtisasları üzrə təhsil alan tələbələr "Odlar Yurdu" Universitetinə, "Filologiya" (İngilis dili və ədəbiyyatı) və "Tərcümə" ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinə, Dil və ədəbiyyat müəllimliyi" (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan tələbələr Qərb Universitetinə və "Tarix müəllimliyi" və "Tarix" ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan Universitetinə yerləşdiriliblər.

Qeyd edək ki, Bakı Asiya Universiteti bir müddət əvvəl Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişinı təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.