backend

ŞOK FAKTLAR

ŞOK FAKTLAR

Aldadılan vətəndaşların pulu keçmiş deputatla bankın arasında “buxarlanıb”












Bir neçə aydır ki, mətbuatın gündəmində olan “7 Hills”-Beynəlxalq Bank qalmaqalında yeni detallar ortaya çıxıb.

Belə ki, məsələ Beynəlxalq Bankla “7 Hills” MTK-nın təsisçiləri olan keçmiş deputat Dünyamin Xəlilov və onun himayədarı, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev arasında olan və “ödənilməyən kredit borcları”nın başındadır.

Virtualaz.org saytı xəbər verir ki, Beynəlxalq Bank Dünyamin Xəlilovun bank qarşısında olan yüz milyonlarla borcunun qaytarılması üçün sıravi vətəndaşların MTK-ya pay kimi yerləşdirdiyi vəsaitləri qanunsuz olaraq dondurub. Buna görə də “7 Hills” nə tikinti apara, nə də pullarını geri tələb edən vətəndaşlara ödəniş edə bilmir. Nəticədə sıravi vətəndaşlar Dünyamin Xəlilovun Beynəlxalq Bank qarşısında olan borcunun qurbanına çevrilmiş olur.

Beynəlxalq Bankın yeni rəhbərliyinin bu addımının nə dərəcədə qanuni olması məsələsi suallar yaradır. Çünki sadə vətəndaş faktiki olaraq bankla onun borclusu arasında yaranmış mübahisənin qurbanına çevrilmiş olur.

MTK-dan bildirilir ki, onlar tərəfindən dəfələrlə banka müraciət edilsə də bankdan heç bir məsələyə münasibət bildirilmir. Hətta MTK ilə müqavilədən imtina etmiş müştərilərin vəsaitlərinin kredit hesablarına geri ödənilməsi ilə bağlı MTK-nın məktubları da cavabsız qalır. Nəticədə işin bitdiyini düşünən vətəndaşa haqsız olaraq faizlərin hesablanması davam etdirilir.

MTK-dan həmçinin bildirilir ki, “Beynəlxalq Bank” ASC ilə “7 Hills” MTK arasında 2014-cü ilin dekabr ayında bağlanmış müqavilənin şərtlərinə görə, müştərilər tərəfindən ödənişlər 2 aydan artıq icra edilməzsə, həmin kredit “7 Hills”in Beynəlxalq Bankda olan vəsaitləri hesabına ödənilməlidir.

Lakin indiki halda bank həmin vəsaitləri qanunsuz olaraq Dünyamin Xəlilovun girovu qismində saxladığından hansısa ödənişlərdən söhbət belə getmir.

Bu da azmış kimi bu günlərdə “7 Hills”in bütün işçi heyətinin işdən çıxmaqla bağlı öz rəhbərliklərinə müraciət etdikləri müəyyən olunub. Belə çıxır ki, bir müddətdən sonra vətəndaşların müraciət etmək üçün heç bir ünvanı belə qalmayacaq.

Bu halla rastlaşmış bir çox vətəndaşlar ümidsiz vəziyyətdə qaldığından banka da ödənişlərini dayandırıb - onlar faktiki olaraq havaya pul ödəmək niyyətində deyillər.

Beynəlxalq Bank isə heç nə olmamış kimi, məsələnin onlardan qaynaqlanmadığını bəyan edir və vəsaitlərin geri qaytarılması üçün müxtəlif variantları nəzərdən keçirəcəklərini bildirir.

Lakin hələ ki, bu, yalnız quru söz olaraq qalır. Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlinin məsələyə aydınlıq gətiriləcəyi barədə bəyanatından artıq iki həftədən çox vaxt keçsə də heç bir açıqlama verilməyib.

Həmçinin Beynəlxalq Bankın baş direktoru Elmar Həbibullayev ötən gün müştərilərlə görüşündə bu gündən etibarən onlara pullarının faizi ilə birlikdə geri qaytarılmasına başlanacağını söz versə də müştərilərdən aldığımız məlumata görə, hələ heç kimə zəng edilməyib.

Aldadılan vətəndaşlar son ümid kimi prezidentdən yardım istəməyə məcbur qaldıqlarını deyirlər.