backend

Evi sökülən vətəndaş haray çəkir

Evi sökülən vətəndaş haray çəkir

Xaləddin İsgəndərovun rayonunda daha bir özbaşınalıq...












SSRİ vaxtında mənzil problemi ən ağrılı məsələlərdən biri idi. Sovet vətəndaşları on illərlə mənzil növbəsində gözləyirdilər. Həmin illərdə SSRİ-də qanunsuz tikilən “gecəqondu”lar peyda oldu və beləcə qanunsuz “şəhərcik”lər yarandı. Müstəqil Azərbaycanda da mənzil məsələsi ən aktual problemlərdən biri olaraq qalır. Və mənzil almağa imkanı olmayan vətəndaşlar məcbur olaraq şəhər kənarında “gecəqondu”lar tikirlər. Bu qanunsuz “gecəqondu”lar bələdiyyələrə, icra nümayəndələrinə verilən rüşvət hesabına tikilir. Bakı şəhər sakini Elçin Əliyev qafqaznews.org-a bildirib ki: “ 14 sentyabrda şöbə müdiri Mirpaşa Hüseynov başda olmaqla Xocahəsən bələdiyyəsinin bir qrup işçisi polislə birgə mənim Sulutəpədə yerləşən evimi dağıtdılar. Mənim həyat yoldaşım və uşaqlarım döyüldü”. Müxbirimizin “ Evin tikilməsinə icazə verilmişdi?” sualına zərərçəkən belə cavab verdi: “ Yox. Sulutəpədə tikilən evlərin hamısı icazəsiz tikilib. Bu evlərin tikilməsi üçün bələdiyyəyə rüşvət vermək bəs edər. Mənim evimi qanunsuz söküblər. Çünki mən 2000-ci ildən 2014-cü ilədək evim tikilən torpaq üçün bələdiyyəyə vergi ödəmişəm. Bələdiyyənin mənim evimi sökməyə səlahiyyəti çatmır. Mənim evimi ancaq məhkəmə qərarından sonra sökə bilərlər. Mən Xocahəsən bələdiyyəsini məhkəməyə verməyə hazırlaşıram”. Məsələ ilə bağlı Xocahəsən bələdiyyəsinin şöbə müdiri Mirpaşa Hüseynov qafqaznews.org-a bildirdi ki, Elçin Əliyevin evinin sökülməsində nə mən, nə də bələdiyyə işçiləri iştrak edib: “ Elçin Əliyevin 14 il vergi ödəməsi ilə bağlı onu deyə bilərəm ki, hər bir vətəndaş torpaqdan istifadəyə görə bələdiyyənin hesabına pul keçirmək olar. Məgər kimsə bələdiyyənin hesabına hər dəfə pul keçiriləndə onu yoxlamalıyıq?”. Elçin Əliyev isə bildirdi ki, Mirpaşa Hüseynov yalan danışır: “ Yüzlərlə adam gördü ki, mənim evimin sökülməyinə o rəhbərlik etdi. Mən pulu banka deyil, bələdiyyənin işçilərinə vermişəm. Aldığım çekləri isə məhkəməyə təqdim edəcəm”. Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qafqaznews.org –a bildirdi ki, əgər evin sökülməsi ilə bağlı məhkəmə qərarı yoxdursa, bələdiyyənin hərəkəti qanunsuzdur: “ Hətta məhkəmənin qərarı olarsa, bələdiyyə deyil, məhkəmə icraçıları bunu etməlidir”.