backend

Samir Şərifov: "Manatın devalvasiyası qaçılmaz idi"

Samir Şərifov: "Manatın devalvasiyası qaçılmaz idi"















Maliyyə naziri bədbin proqnoz verdi

Neftin ucuzlaşması və geosiyasi gərginlik Azərbaycanın beynəlxalq kredit reytinqinin aşağı salınmasına səbəb ola bilər.

Bunu "Azərbaycan Televiziyasının" (AzTV) efirində maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov deyib ki, bu, bir ehtimaldır və hər şeyi gələcəkdə cərəyan edən proseslər göstərəcək: "Neftin ucuzlaşmasına baxmayaraq dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyi olan "Standard&Poor`s", "Fitch" və "Moody`s" Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəlki, yəni "B-" səviyyəsində saxlayıb. Bildiyiniz kimi, bu üç agentlik öz reytinqlərini tam müstəqil qaydada tərtib edir. Nəzərinizə çatdırım ki, reytinq tərtib olunarkən neftin ucuzlaşması ilə yanaşı hökumətin atdığı addımlar da nəzərə alınır.

Enerji daşıyıcılarının ucuzlaşmasına baxmayaraq bizim hökumət zəruri tədbirlər görüb ki, bu amil bizim beynəlxalq kredit reytinqimizin qorunmasına səbəb olub. Lakin danılmaz faktdır ki, neft ucuzlaşır və təbii olaraq bu hal bizim gəlirlərimizə təsir edir. Bununla yanaşı geosiyasi gərginlik müşahidə olunmaqdadır ki, bu iki amil bizim reytinqimizə mənfi təsir edə biləcək amildir".

Maliyyə naziri Samir Şərifov manatın devalvasiyasına da münasibət bildirib: "Cari ilin fevral ayında baş verən manatın devalvasiyası qaçılmaz bir tədbir idi".

Nazir qeyd edib ki, bu hadisə yalnız Azərbaycanda deyil, bütün region ölkələrində baş verib: "Mən xüsusilə bizim əsas ticarət tərəfdaşlarımızı qeyd etmək istərdim. Bu isə bizim iqtisadiyyatımıza, milli şirkətlərimizin maraqlarına bilavasitə mənfi təsir edir. Biz də milli istehsalçılarımızı idxaldan qorumaq üçün manatın məzənnəsini korreksiya etdik. Maraqlı məqam ondan ibarətdir ki, neft idxal edən ölkələrdə devalvasiya baş verməməli idi. Amma fikir verin həmin ölkələrdə nələr baş verir... Həmin ölkələrin də milli valyutası devalvasiyaya uğradı. Halbuki, onlar neftin qiymətinin azalmasından udmalı idilər. Bir sözlə, proseslər göründüyü kimi sadə deyil".

Neftin qiymətinin düşməsinə münasibət bildirən maliyyə naziri qeyd edib ki, iqtisadi məntiqə zidd olan siyasi oyunların aparılması neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olub.

Nazir qeyd edib ki, ötən illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb: "Söhbət təxminən 60%-lik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, təəccüblü görünsə də, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Bildiyimiz kimi, neftin ucuzlaşması neftin hasilatının kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Və bu ilin sonuna gözlənilir ki, bu göstərici 13 milyon barrel səviyyəsinə qaldırılsın. Bununla yanaşı, OPEC-ə daxil olan ölkələr hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Bunun nəticəsində bazarda tələb təklifi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub. Eyni zamanda, burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da biz istisna etmirik. Lakin reallıq budur ki, neftin qiyməti kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq".

S. Şərifov bildirib ki, "çox güman ki, neftin hazırkı qiyməti bir neçə il bu səviyyədə qalacaq, bundan sonra isə qiymətlər artacaq".