backend

İki deputatdan biri mandatını itirəcək

İki deputatdan biri mandatını itirəcək












KLANLARIN İLK CİDDİ SEÇKİ TOQQUŞMASI
72 saylı Yardımlı-Masallı seçki dairəsində maraqlı vəziyyət yaranıb – hazırda deputat mandatını daşıyan iki siyasətçi məhz bu dairədən namizəd olmaq üçün sənədlərini təqdim ediblər. Belə ki, həm uzun illərdir bu dairəni təmsil edən VHP sədri Sabir Rüstəmxanlı, həm də digər deputat, tarixçi alim Musa Qasımlı yenidən mandat əldə etmək üçün 72 saylı dairəni seçiblər. Hər iki şəxs artıq sənədlərini DSK-ya təqdim edərək, imza vərəqələrini əldə edib.

Ötən seçkidə 42 saylı Sumqayıt seçki dairəsindən mandat qazanan Musa Qasımlı, bu il 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürməsi məsələsinə aydınlıq gətirib. Deputat Azadinform-a açıqlamasında bunu bir neçə səbəblə izah edib:“Namizədliyimi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürməyimin bir sıra səbəbləri var. Birincisi, Azərbaycan Respublikasının Konstitusiyasına görə, parlamentə seçilmək üçün namizədliyini vermək hüququ olan hər bir şəxs ölkəmizdəki istənilən seçki dairəsindən namizədliyini irəli sürə bilər. Bu, həmin şəxsin konstitusiya hüququdur”.

M.Qasımlı ikinci səbəb kimi “Yardımlıya yaxından xidmət etmək” istəyini göstərib:“Yardımlı mənim doğma yurdumdur. Bu rayonda doğulmuşam, orta məktəbi bitirmişəm, boya-başa çatmışam. Universiteti bitirdikdən sonra Yardımlıda təyinatla bir neçə il tarix müəllimi işləmişəm. Adamları çox yaxşı tanıyıram. Bütün kəndlərdə olmuşam. İmkanım daxilində rayonun xeyir-şərində uzun illərdir iştirak edirəm. Demək olar ki, hər ay Yardımlıya gedirəm. İnsanlarla ünsiyyətdə oluram”.

Deputat qeyd edib ki, ötən beş ildə Sumqayıt şəhərinin deputatlarından biri olsa da, Yardımlının bir çox sakini ona məktublarla, telefon zəngləri ilə müraciət ediblər:“İmkanlarım daxilində yardımçı olmuşam. Narazı qalan olmayıb”.

“Əvvəlcə 72 saylı Yardımlı-Masallı dairəsindən Sabir Rüstəmxanlı namizədliyini irəli sürürdü. Sabir bəylə söhbətiniz olubmu bu barədə?” – sualına cavabında M.Qasımlı bunları deyib: “Namizədliyimi irəli sürərkən heç kimlə söhbətim olmayıb”.

Qeyd edək ki, Sabir Rüstəmxanlı da artıq bu dairədən namizədliyini irəli sürüb.
72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən lent.az-a verilən məlumata görə, partiya sədrinin sənədləri artıq DSK-ya təqdim olunub. DSK-dan bildirilib ki, S.Rüstəmxanlının sənədləri təqdim olunsa da, namizədliyi hələ təsdiq olunmayıb.

Beləliklə, görünən budur ki, əgər tərəflərdən hansısa biri qərarını dəyişdirməsə, parlamentin yeni tərkibində, ya Azərbaycan müstəqil olandan cibində deputat mandatını daşıyan Sabir Rüstəmxanlını, ya da hökumətin əsas təbliğatçılarından biri olan tarixçi-professor Musa Qasımlını görməyəcəyik.

Maraqlıdır, Musa Qasımlını Sabir Rüstəmxanlının qarşısına göndərən qüvvə kimdir? Bu o deməkdirmi ki, hakimiyyət artıq Sabir Rüstəmxanlıdan imtina edib?

Fikrimizcə, 72 saylı dairədə yaranmış bu vəziyyət həm də hakimiyyətdaxili qruplaşmaların, klanların toqquşmasının təzahürüdür. Məlum olduğu kimi, Musa Qasımlı Kəmaləddin Heydərovun himayəsi altında olan deputatlardan biridir. Sabir Rüstəmxanlının isə uzun illərdir Bəylər Əyyubov tərəfindən dəstəkləndiyi bildirilir. /AzPolitika.info/