backend

"Azəriqaz"ın keçmiş rəhbərinin sayəsində vəzifə pillələrində yüksələn məmurun aktiv biznes fəaliyyəti ilə məşğul olduğu deyilir

"Azəriqaz"ın keçmiş rəhbərinin sayəsində vəzifə pillələrində yüksələn məmurun aktiv biznes fəaliyyəti ilə məşğul olduğu deyilir

















Energetika nazirinin müavini Natiq Abbasov Əlixan Məlikova niyə üz çevirib?

Energetika Nazirliyi, nazir Natiq Əliyev və onun müavinləri xeyli müddətdir ki, mətbuatın gündəmindən kənarda qalıblar. Daha doğrusu, bu nazirliyin fəaliyyəti ilə bağlı mətbuat səhifələrində informasiyalar azdır. Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ölkə qanunlarını, prezidentin Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Energetika Nazirliyinin Əsasnaməsini rəhbər tutur. Qeyd edək ki, Energetika Nazirliyi prezidentin 22 oktyabr 2013-cü il 3 saylı sərəncamı ilə yaradılıb. Bundan əvvəl Sənaye və Energetika Nazirliyi prezidentin 6 dekabr 2004-cü il 150 saylı Fərmanı ilə, Yanacaq və Energetika Nazirliyi isə 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə yaradılıb. Sənaye və Energetika Nazirliyi ölkə başçısının 22 oktyabr 2013-cü il 3 saylı sərəncamı ilə ləğv edilib və onun funksiyaları Energetika Nazirliyinə verilib. Bayaq vurğuladığımız kimi, bu nazirliklə bağlı mətbuatda az sayda tənqidi yazı dərc olunub. Amma bu o demək deyil ki, Energetika Nazirliyinin fəaliyyəti bütünlüklə müsbətdir və bu səbəbdən tənqid hədəfinə tuş gəlmir. Yox əsla belə deyil. Sadəcə olaraq, nazirlik mətbuata qapalı olduğundan tənqidi yazıların da sayı azdır. Biz isə apardığımız araşdırmalar nəticəsində nazir Natiq Əliyevin müavini Natiq Abbasovla bağlı bəzi maraqlı məlumatlar əldə etmişik. Mətləbə keçməmişdən öncə qeyd edək ki, Abbasov Natiq Balaş oğlu 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib. Yasamal rayon Qaz İstismar İdarəsində, "Azəriqaz" QSC-nin Dövlət Qaz Nəzarət İdarəsində, Nəsimi rayon Qaz İstismar İdarəsində, Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində rəis müavini vəzifələrində çalışıb. 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində işləyir. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, Natiq Abbasov "Azəriqaz"ın sabiq rəhbəri Əlixan Məlikovun adamı kimi tanınır: "O, Əlixan Məlikovun sayəsində karyera nərdivanlarında sürətlə yüksəlməyi bacarıb. Nazir müavini keçəndən sonra Əlixan Məlikovla münasibətlərini xeyli soyudub. Nazir müavini demək olar ki, keçmiş məmurla bütün əlaqələrini kəsib. Halbuki, onun bu vəzifəyə qədər yüksəlməsinin təməlini Əlixan Məlikov qoymuşdu. Artıq 6 ildir nazir müavini işləyən Natiq Abbasov bu qədər vaxt ərzində özü üçün gözəl şərait yaradıb. Bəzi məmurlar kimi, onun da aktiv biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Deyilənə görə, nazir müavininin Bakıətrafı qəsəbələrdən bir neçəsində yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bundan başqa, Bakı kəndlərində, konkret olaraq Fatmayı və Zirədə istixanalarının olması barədə məlumatlar var". Natiq Abbasovun "Azəriqaz" QSC-nin Dövlət Qaz Nəzarət İdarəsində işləyərkən biznes əlaqələrini genişləndirdiyini deyən mənbə həmçinin onu da bildirdi ki, nazir müavini vəzifəsinə ikinci dərəcəli baxır: "Onun üçün biznes layihələrindən və şəxsi işlərindən daha önəmli heç nə ola bilməz. Natiq müəllim bəzən günlərlə işə çıxmır. Amma ona "gözün üstə qaşın var" deyən yoxdur. Hər yerdə yüksək vəzifəli şəxslərdən birinin adından istifadə edir. Özünün həmin məmurun adamı olduğunu bildirir". Başqa bir iddiaya əsasən Natiq Abbasov nazir Natiq Əliyevin yerinə keçməyə hazırlaşır: "O bu məqsədlə bəzi əlaqələrini işə salıb və bütün imkanlarını səfərbər edib. Energetika nazirinin yaxın vaxtlarda öz istəyi ilə işdən çıxacağı gözlənilir. Bunu fürsət bilən müavini nazirin yerinə keçmək barədə fikirləşir". Yaxın günlərdə Natiq Abbasovun biznesi ilə bağlı geniş araşdırma yazısı dərc edəcəyik. Bizi izləməyi unutmayın.


Qarşı tərəfin də cavab haqqını tanıyırıq.