backend

Müştərilərə keyfiyyətsiz məhsullar təklif edirlər

Müştərilərə keyfiyyətsiz məhsullar təklif edirlər
























Bu gün paytaxtın bir çox yerində bazarlar fəaliyyət göstərir.

Paytaxtdakı bazarların əksəriyyətinin fəaliyyəti paytaxt sakinləri tərəfindən narazılıqla qarşılanır. Bu səbəbdən də bu gün bazarlara gedənlərin sayında azalmalar müşahidə olunmaqdadır. Belə ki, bazarlarda mövcud şərait vətəndaşları narahat edir. Alıcılar satıcılar tərəfindən çəkidə aldadılır, bazarlarda natəmizlik baş alıb gedir. Qiymətlərin bahalığı da bir yandan vətəndaşların qınağına çevrilir.

Qeyd edək ki, belə bazarlardan biri də "Yaşıl bazar"dır. Bu bazardan alış-veriş edənlərin çoxu qiymətlərin yüksək olmasından şikayət edirlər. Təəssüf ki, adını çəkdiyimiz bazarda satılan məhsulların qiymətində günbəgün artım olur. Bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Bundan savayı bizə verilən məlumatlarda qeyd olunur ki, "Yaşıl bazar"da çalışanların heç biri vaxtlı-vaxtında həkim müayinəsindən keçmir. Xüsusilə də kənd təsərrüfatı məhsulları satan şəxslərin bu müayinədən yayındığı deyilir. Əksəriyyəti mənşəyi bəlli olmayan ətlərin satışıyla məşğuldur. Çox zaman camaata köhnə ət və ət məhsulları satırlar. Bu da bazara daxil olan müştərilərdə şübhə yaradır. Çox zaman ucuz qiymətə satılan ətlərin yanından üfunətli iyin əlindən keçmək mümkün olmur.

Əlbəttə, hər hansı yerdə lazımi nəzarət olmayanda nəinki orda keyfiyyətsiz ət satılacaq, hətta mənşəyi bilinməyən ətləri bu cür yerlərdə satmaq istəyənlər daha da çox olacaq. Qeyd edək ki, "Yaşıl" bazarda həkim nəzarəti həddindən artıq zəifdir. Ət satanlardan şirinlik alandan sonra ətin üzərinə möhür vururlar. Bu gün "Yaşıl" bazarda satılan keyfiyyətsiz ət və ət məhsullarını adi vətəndaşlar deyil, kafe və restoran sahibləri gəlib alırlar. Odur ki, son zamanlar restoran və şadlıq evlərində zəhərlənmə halları artmaqdadır. Bütün bunlar keyfiyyətsiz məhsulların süfrəyə verilməsinin nəticəsidir. Təəssüf ki, sahibkarlar istehlakçıları düşünmürlər. Ancaq və ancaq öz ciblərini düşünürlər. Ona görə də insanların sağlamlığı əlindən gedir. Xəstəliklərin sayı durmadan artır.

Bundan başqa piştaxtaların çirkli olması, meyvə-tərəvəzin yeşiklərlə yerdə satılması və digər bu kimi hallara rast gəlməmək mümkün deyil. Normalara cavab vermirlər. Aparılan müşahidələr göstərir ki, "Yaşıl" bazar heç bazara oxşamır. Bazarda səliqə-sahmanın yaradılmasına nəzarət yoxdur.

Bazarda ərzaq məhsullarının satışı necə gəldi həyata keçirilir. Ərzaq məhsullarının saxlanılması üçün bazarda xüsusi soyuducu kameralar yoxdur. Ümumiyyətlə, satış yeri sanitariya yerlərinə uyğun olmalıdır. Nəinki piştaxta, hətta ərazinin döşəməsi də təmiz olmalıdır. Ət və balıq satılan ərazidə ev heyvanlarının gəzişməsi yolverilməzdir. Ev heyvanları həmin bazar ərazisindən kənarlaşdırılmalıdır.

Bundan başqa bazarlarda təmizlik və dezinfeksiya işlər aparılmalı olduğu halda "Yaşıl" bazar bundan kənarda qalıb. Ərzaqları çox zaman yerə düzürlər. Piştaxtalar heç vaxt təmizlənib dezinfeksiya olunmur. Piştaxtaların da çoxu köhnə, 20 ildən qalanlardır. Bu işə cavabdeh olan müvafiq dövlət qurumları öz işlərində tələbkar olsa, proses tənzimlənər. Sanepidemstansiya və baytarlıq idarələri bazarlara nəzarət etməlidirlər. Müvafiq qurumlar bazarlardakı antisanitariya vəziyyətlərinə göz yumur.