backend

Abşeron tikinti meydanını xatırladır

Abşeron tikinti meydanını xatırladır




















Dinamik inkişaf edən Azərbaycanın qazandığı bütün uğurlarda Abşeron rayonunun da öz payı var

Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində ötən 11 ildə Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Başqa sözlə, ölkənin hər yerində yaşanan inkişaf Abşeron rayonunun simasında aydın müşahidə olunur. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə rayon ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm də yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.
Bütün bunlar bir daha göstərir ki, Abşeron rayonunda regionların sosial-iqtisadi inkişafına dair 1-ci və 2-ci dövlət proqramları uğurla icra olunmuşdur. O cümlədən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş Abşeronun qəsəbə və kəndlərində qaz kəmərlərinin yenidən qurulması, yeni yaşayış massivlərinin qazlaşdırılması, daşıyıcı qaz kəmərlərinin polietilen borularla çəkilməsi, su təchizatının və kanalizasiya sisteminin, əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması kimi vəzifələr uğurla yerinə yetirilmişdir.
Hazırda icra olunan yeni proqramda da Abşeronla bağlı mühüm bəndlər yer almışdır. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, rayonda kimya, yeyinti və yüngül sənayenin, heyvandarlıq, zeytunçuluq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun inzibati binasının, laboratoriyasının, anbar və qarajının əsaslı təmiri və mini emal sexinin yenidən qurulması qarşıya qoyulub. Proqrama əsasən, yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri, şəhərdaxili və qəsəbədaxili yolların asfaltlaşdırılması davam etdiriləcək. Həmçinin rayonda elektrik enerjisi, su və istilik təchizatının, rabitə, meliorasiya və irriqasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulub.
Bu günlər Abşeron rayonunda olarkən dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsinin şahidi olduq. Rayon icra hakimiyyətinin baş memarı Akif Əliyev rayonda görülən işlər barədə həvəslə söhbət açdı. Öyrəndik ki, hazırda Xırdalan şəhəri başda olmaqla Abşeronun hər guşəsində dinamik quruculuq və abadlıq işləri həyata keçirilir. Artıq bəzi işlər başa çatdırılıb. Bunlardan biri Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisidir. Üç iri yaşayış massivini birləşdirən bu avtomobil yolu beynəlxalq standartlara uyğun yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, Xırdalan şəhərində 6 qrupluq uşaq bağçası, Fatmayı kəndində həkim məntəqəsi tikilərək istfadəyə verilmişdir.
Xırdalandan söz düşmüşkən, qeyd etməliyik ki, şəhər son illərdə sürətlə inkişaf edib. Xüsusən şəhər statusu alandan sonra Xırdalan xeyli dəyişib, modernləşib. Cəmi bir neçə ilin ərzində burada onlarca yeni inzibati və çoxmərtəbəli yaşayış binaları inşa olunub, parklar salınıb. Şəhərin küçələrində dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi şəhərin ümumi mənzərəsinə xüsusi gözəllik verir. İnzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.
İndi Xırdalana yolu düşən hər kəs şəhərin gözəlliyi ilə yanaşı, həm də iri tikinti meydanını xatırlatmasının şahidi ola bilər. Çünki hazırda şəhərin mədəniyyət və istirahət parkında möhtəşəm Heydər Əliyev Mərkəzinin, musiqi və şahmat məktəblərinin tikintisi başa çatdırılıb. Eləcə də parkın özü büsbütün yenidən qurulub. Yaxın aylarda bu işlərin başa çatdırılması Xırdalan şəhərinin simasını daha da gözəlləşdirəcək.
Hazırda Dövlət Proqramında nəzərdə tutulan Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.
Hazırda rayonda aparılan əsaslı abadlıq və quruculuq işlərinin bir istiqamətini də Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfi boyunca tikililərin fasadlarının zövqlə üzlənməsi, yolların mühafizə zonasında qazon örtüklər salınmaqla dekorativ ağac və kolların əkilməsi, ərazilərdə aparılan təmizlik işləridir. Bu gün Bakıdan Qubaya və Şamaxıya, eləcə də əks istiqamətdə hərəkət edənlər özlərini Abşeron rayonunun ərazisində ürəkaçan, gözoxşayan yaşıllıqların əhatəsində görür və bu gözəllikdən zövq ala bilirlər.
Abşeronun sosial-iqtisadi həyatındakı yüksəliş digər sahələrdə qazanılan uğurların məntiqi davamıdır. Belə ki, müasir, yaraşıqlı görkəmə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da davamlı olaraq genişləndirir.
Ümumiyyətlə, bu gün Abşeron rayonunda iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən istehsalçılar region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər.
Bütün bunlar təsdiq edir ki, dinamik inkişaf edən Azərbaycanın qazandığı bütün uğurlarda Abşeron rayonunun da öz payı var. Ən əsası odur ki, rayonun inkişafı davamlıdır. Bu o deməkdir ki, Abşeronun ölkəmizin ümumi inkişafına verdiyi töhfələr ildən-ilə artır. Abşeronlular əminliklə deməyə əsas verir ki, bu inkişafı və quruculuğu bundan sonra da uğurla davam etdirəcək, miqyasını daha da genişləndirəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.