backend

MMC-nin bəzi əməkdaşları hansı yolla əlavə qazanc əldə edirlər?

MMC-nin bəzi əməkdaşları hansı yolla əlavə qazanc əldə edirlər?



















Qurumun İdarə Heyətinin sədri Liliana Spasoyeviç və onun müavini Samir Cəfərli hara baxır?

1996-cı ildə yaradılan, 2002-ci ildə "VF AzərKredit" MMC kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Milli Bankın lisenziyasını almış kredit təşkilatının adı son zamanlar bir sıra xoşagəlməz olaylarda hallanır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, "VF AzərKredit" müştərilərin bizneslərini dəstəkləmək məqsədi ilə həm fərdi borcalanlara, həm də həmrəy qruplara verilən mikro və kiçik biznes kreditləri, o cümlədən kənd təsərrüfatı kreditləri, qrup biznes və qrup kənd təsərrüfatı kreditləri, fərdi biznes və kənd təsərrüfatı mikrokreditləri, eləcə də məişət əşyaları, mebel və sair ev avadanlıqlarının alınması üçün istehlak kreditləri, təhsil almaq, ev tikmək və ya təmir etmək, turistik səyahətə getmək, tibbi yardım almaq, toy və ya nişan mərasimi keçirmək və s. məqsədlə ailə kreditləri təqdim edir.

"VF AzərKredit"in hazırda ölkənin 40 rayonunda ümumilikdə 46 ofisinin fəaliyyət göstərdiyini bildirən məlumatlı şəxs qeyd edir ki, MMC-nin İdarə Heyətinin sədri Liliana Spasoyeviç, onun müavini isə Samir Cəfərlidir. Mənbə həmçinin, onu da vurğulayır ki, bu ilin yanvar ayında adıçəkilən bank olmayan kredit təşkilatının Gəncə ofisi ilə bu qurumdan girov müqabilində vəsait götürmüş vətəndaşlar arasında böyük qalmaqal yaşanıb: "Belə ki, həmin vaxt borcunu ödəyən müştərilərin qızıl-zinət əşyaları sahiblərinə qaytarılmadığından "VF AzərKredit" MMC ilə müştərilər arasında ciddi narazılıq yaşanmışdı. Hər dəfə müştərilərə bir söz deyib geri qaytarırdılar. Sonuncu dəfə isə dedilər ki, problem "VF AzərKredit"in bütün strukturlarında yaşanır, nə zaman həll olunacağı da bəlli deyil. Məhz bundan sonra müştərilər daha sərt addımlara baş vurmağa məcbur olublar". Məlumatlı şəxsin sözlərinə görə, təxminən eyni vəziyyət bu ilin mart ayında MMC-nin Saatlı filialında da baş verib: "Deyilənlərə görə, həmin vaxt Saatlıda 100-dən artıq insan "VF AzərKredit"in binasına hücum ediblər. Vəziyyətin belə şəkil almasına səbəb MMC ilə müştəriləri arasında ödənişlə bağlı şərtlərin dəyişməsi və faiz dərəcələrinin artırılması olub. Belə ki, kreditlərini ödəmək üçün qeyri-bank qurumuna gələn Saatlı sakinlərinə orada bildirilib ki, dollarla alınmış kreditlər hazırkı kursla geri alınacaq. Üstəlik, manatın dəyərdən düşməsi səbəbindən indiyə qədər götürülmüş kreditlərə əlavə faizlər də tətbiq olunub. Bu da tərəflər arasında narazılığın baş qaldırmasına gətirib çıxarıb. Nəticədə, tərəflər arasında mübahisə yaşanıb".

Mövzu ilə bağlı verilən ən son bilgilərdə isə deyilir ki, ötən aya qədər ödənişləri manatla qəbul edən "VF AzərKredit" MMC son bir ayda strategiyasını dəyişib. Bununla bağlı qaynar.info qeyd edir ki, müştərilər son ayın ödənişlərini ödəmək üçün MMC-nin filiallarına gedərkən xoş olmayan sürprizlərlə üzləşiblər. Belə ki, filiallarda onlara dollarla götürülən kreditləri manatla ödəməyin mümkün olmadığını bildiriblər. Yəni dollarla kredit götürmüsənsə, ödənişləri də yalnız dollarla ödəməlisən. Təbii, bu qərar müştərilərin işini xeyli çətinləşdirib, xüsusən də rayon filiallarından kredit götürənlər ciddi problemlərlə üzləşib. Çünki paytaxtdan fərqli olaraq rayonlarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin sayı o qədər də çox deyil. Əksər rayonlarda isə belə məntəqələr ümumiyyətlə fəaliyyət göstərmir. İnsanlar lazım olanda xarici valyutanı qara bazardan çətinliklə tapır. Bölgələrdə valyuta alveri ilə məşğul olanlar isə kiçik məbləğli əskinasları - 1, 5, 10 dollarlıq əskinaslar satmır. Məsələn, 143 dollar kredit ödəməli olan şəxs bu qədər valyutanı tapmaq üçün bəzən saatlarla axtarış aparmalı olur.

Odur ki, "VF AzərKredit"in bu qərarı bəzi filiallarda işbazların işinə yarayıb. Deyilənlərə görə, MMC-nin bəzi əməkdaşları müştərilərin bu vəziyyətindən yararlanaraq əlavə gəlir əldə etmək qərarına gəlib. Belə ki, onlar hər gün valyutadəyişmə məntəqələrindən dollar alaraq onu Mərkəzi Bankın təyin etdiyi məzənnədən baha qiymətə filiallarda müştərilərə satmağa başlayıblar. Bu isə müştərilərin ciddi narazılığına səbəb olub. Lakin hələ də onların üzləşdiyi problem öz həllini tapmayıb. Ümid edirik ki, MMC-nin İdarə Heyətinin sədri Liliana Spasoyeviç, eləcə də onun müavini Samir Cəfərli "VF AzərKredit"də yaşanan olaylardan xəbər tutduqdan sonra müvafiq tədbirlər görəcəklər…


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.