backend

Qurumun büdcəsinə daxil olan vəsaitlər şəxsi maraqlara qurban verilir

Qurumun büdcəsinə daxil olan vəsaitlər şəxsi maraqlara qurban verilir


















Pərviz Quliyev Əhmədli bələdiyyəsinin fəaliyyətini iflic edib

İcra başçısı Razim Məmmədov ayrılan dotasiyaya niyə göz dikir?

Azərbaycanda bələdiyyələr daha çox fəaliyyətsiz qurum kimi tanınır. Buna səbəb yerli özünüidarə orqanlarının səlahiyyətlərinin əsas hissəsinin əlindən alınmasıdır. Hazırda bələdiyyələrin səlahiyyətində az sayda məsələlər var. Buna görə də bir müddət əvvəl yerli özünüidarə orqanlarının ləğvi məsələsi bir neçə dəfə gündəmə gəlib.

"Bələdiyyələrin statusu haqqında" Qanunda göstərilir ki, Azərbaycan respublikasının dövlət orqanları bələdiyyələrə verilmiş səlahiyyətlərin normal yerinə yetirilməsi kifayət edən yerli büdcələrin zəruri xərclərinin ödənilməsi üçün gəlir mənbələrini təsbit etmək yolu ilə bələdiyyələrin büdcələrini formalaşdırırlar. Qanunda göstərilən maddələr isə səhlənkar bələdiyyə sədrləri ucbatından reallıqda öz əksini tapa bilmir. Məsələn, paytaxtın ən geridə qalmış rayonlarından sayılan Xətai rayonunun Əhmədli bələdiyyəsinin fəaliyyəti olduqca bərbad haldadır. Bu barədə redaksiyamıza məlumat verən şəxs bildirir ki, sədr Pərviz Quliyevin işində kifayət qədər nöqsan mövcuddur: "Əhmədli qəsəbəsi kosmetik baxımdan yaman gündədir. Qəsəbə sakinləri bələdiyyənin fəaliyyətindən razı deyillər. Bələdiyyə sədri ancaq öz mənafeyini fikirləşir. Əhmədli bələdiyyəsinin balansındakı küçələr yalnız icra başçısı bura gələndən-gələnə təmizlənir. Başqa vaxt isə küçələr zibil əlindən keçilməz olur. Qəsəbənin əksər küçələri hələ də işıqlandırma sistemi ilə təchiz olunmayıb. Bu qəsəbə rayonun icra başçısı Razim Məmmədovun karyerasında yəqin ki, uzun illər silinməz iz qoyacaq. Belə ki, icra hakimi qəsəbədəki boş torpaq sahələrinin hesabına özünə milyonlar yığmağı bacarıb. İndi isə qəsəbənin ərazisində boş torpaq sahəsi tapmaq müşkül məsələdir. Buna baxmayaraq, bələdiyyə sədri icra hakiminə boş torpaq sahələrinin aşkara çıxarılmasında köməklik göstərir. Məsələn, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, poliklinikaların ərazilərinin bir hissəsinin təyinatı dəyişdirilərək sərfəli qiymətə iş adamlarına təklif olunur. Əhmədli qəsəbəsində neçə-neçə məktəbin, uşaq bağçasının həyətyanı sahəsi bu yolla zəbt edilib və yerində müxtəlif iaşə obyektləri tikilib". Mənbəmizin dediyinə əsasən bələdiyyə tərəfindən toplanan fiziki şəxslərin əmlak vergisinin hesablanmasında da müəyyən əyrintilər var. Belə ki, Məcəllənin 200-cü maddəsinə əsasən, binalar üzrə əmlak vergisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada, binaların inventar dəyərinə əsasən hesablanmalı olduğu halda, sədr özünə məxsus hesablama sistemi yaradıb. Deyilənə görə, illik hesabatlar zamanı bələdiyyəyə daxil olan vəsaitlər və xərclər barədə şişirdilmiş məlumatlar verən sədr bununla göstərmək istəyir ki, guya bələdiyyədə bütün işlər şəffaf şəkildə həyata keçirilir: "Əhmədli bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, prezidentin fərmanları, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununu və digər aktlarla tənzimləyə bilmir. Bələdiyyənin istifadəsində olan torpaqlarda tikilən tikililərdən yığılan əmlak vergisi, torpaqlardan alınan icarə haqqının hansı işlərə sərf edildiyini Pərviz Quliyevdən savayı heç kəs bilmir.

Əhmədli bələdiyyəsi aztəminatlı insanların sosial durumlarının yaxşılaşdırılması, məhəllə və küçələrin abadlaşdırılması istiqamətində demək olar ki, heç bir iş görmür. Əksər küçələrdə kanalizasiya xətləri bərbad haldadır. Qəsəbənin daxili yolları istifadəyə yararsız vəziyyətə düşüb. Bələdiyyə sədri yalnız sənəd üzərində asfaltlama işləri aparır, gerçəklikdə isə heç nə yoxdur. Maraqlıdır ki, bələdiyyənin inzibati binası hər il cari təmir olunur. Burda əsas məqsəd bələdiyyənin büdcəsinə yığılan vəsaitləri dağıtmaqdır. Hər il qəsəbədən külli miqdarda torpaq və əmlak vergisi yığılır. Bələdiyyə sədri isə deyir ki, yığım zəifdir. Digər tərəfdən, dövlətdən ayrılan dotasiya da təyinatı üzrə xərclənmir. Daha doğrusu, icra başçısı Razim Məmmədov ayrılan dotasiyanın bələdiyyənin işlərinə sərf edilməsinə imkan vermir. Bu səbəbdən Əhmədli qəsəbə bələdiyyəsinin fəaliyyəti qeyri-qənaətbəxşdir". Yəqin ki, əlaqədar dövlət orqanları qanun pozuntularının genişləndiyi bələdiyyənin fəaliyyəti ilə maraqlanıb lazımi tədbirləri görəcəklər.


Yazı ilə bağlı qarşı tərəfləri də dinləyə bilərik.