backend

ASC-nin vitse-prezidenti Marlen Əsgərov milyonluq layihələrin əsas nəzarətçisi olub

ASC-nin vitse-prezidenti Marlen Əsgərov milyonluq layihələrin əsas nəzarətçisi olub

















Onun kürəkəni, "Azenco"da idarə rəisi işləmiş Kamil Mirzəyev Dövlət Bayrağı Meydanındakı tikintidə böyük əyrintilərə yol verib?

Bildiyiniz kimi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səlahiyyətləri azaldılıb. Dünənki sayımızda Etibar Pirverdiyevin rəhbərliyi altında fəaliyyət göstərən cəmiyyətin ləğv edilmə ehtimalının olmasından yazmışdıq. Çünki mövcud şərait bunu tələb edir. Yeni yaradılan "Azərişıq" ASC demək olar ki, bu sahəyə aid olan bütün səlahiyyətləri əlində cəmləşdirib. Etibar Pirverdiyev rəhbəri olduğu qurumun nüfuzunun qorunub saxlanması üçün müəyyən tədbirlər görsə də, heç bir nəticə vermədi.

Qeyd edək ki, yuxarı instansiyalar "Azərenerji"də hökm sürən problemlərdən, yəni ciddi maliyyə pozuntularının meydana çıxmasından və investisiya vəsaitlərinin xərclənməsində şəffaflığın gözlənilməməsindən sonra bu addımı atdılar. Heç kimə sirr deyil ki, ASC-də cərəyan edən qanun pozuntularının əsas günahkarı kimi Etibar Pirverdiyev göstərilir. Amma "Azərenerji"nin "kilid ismi" olan vitse-prezident Marlen Əsgərovun adı nədənsə mətbuatın gündəminə gətirilmir. Halbuki, vitse-prezidentin adı ilə bağlı bəzi xoşagəlməz informasiyalar mövcuddur. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, uzun müddətdir "Azərenerji"də rəhbər vəzifə tutan Marlen Əsgərov ötən illər ərzində özünə şanlı biznes imperiyası yaradıb və maliyyə durumunu ən yüksək səviyyəyə çatdıra bilib. Məlumatlı mənbələrin bildirdiyinə görə, "Azərenerji"nin daxili imkanları hesabına Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birində 10 aqreqat olmaqla, hər birinin gücü 87 meqavat olmaqla, Bakıda isə 12 aqreqatdan ibarət 104 MVt gücündə, ümumilikdə isə qoyuluş gücü 452 MVt təşkil edən 52 aqreqatdan ibarət elektrik stansiyalarının tikintisi birbaşa Əsgərovun nəzarəti altında aparılıb: "Bu layihələrin smeta dəyəri milyonlara bərabər olub. Həmin işlər araşdırılsa, külli miqdarda vəsaitin tikinti adı altında göyə sovrulduğu məlum olar. ASC-nin vitse-prezidenti müəyyən üsul və vasitələrdən yararlanaraq törətdiyi qanunsuzluqları məharətlə ört-basdır etməyi bacarıb. "Azərenerji"nin səlahiyyətləri "Azərişıq"a keçməmişdən əvvəl rayonlarda tez-tez elektrik kəsintiləri meydana çıxırdı. Belə ki, "Azərenerji" rəhbərliyi mərkəzləşdirilmiş qaydada bu işi həyata keçirir, nəticədə külli miqdarda vəsaitin aqibəti qaranlıq qalırdı.

Yəni ASC-nin bəzi məmurları, o cümlədən Marlen müəllim öz marağı naminə vətəndaşlara əziyyət verirdi. Adətən hər rayonun hər bir kəndində 50 dən çox evə sayğac quraşdırılmır. Bu isə hər bir rayonda ümumilikdə 2-3 mindən artıq abunəçinin işıq pulunu dövlətə deyil, ayrı-ayrı məmurlara ödəməsi deməkdir. Sayğacsız evlərin ödəməsi isə bir qayda olaraq əldən-ələ olur və bir evdən minimum 30-35 manat ödəmə alınır. Bunun müqabilində isə həmin evlər elektrik enerjisindən limitsiz istifadə edirlər. Elektrik enerjisindən limitsiz istifadə edənlər daha imkanlı şəxslər olur və onların aylıq elektrik sərfi minimum 150-200 manat arasında, bəzən isə lap çox olur. Bundan başqa, bir çox məişət və özəl obyektlərə də əlavə qanunsuz xətlər çəkilir ki, həmin məişət obyektləri və özəl obyektlər də elektrik enerjisindən limitsiz istifadə edirlər. Bunun müqabilində isə təqribən sərf etdikləri elektrik enerjisinin 30-40 faizi həcmində nəqd ödəniş həyata keçirirlər". Mötəbər mənbənin sözlərinə görə, vitse-prezident bir müddət əvvələ kimi rayonlarda milyon metrlərlə elektrik naqilinin dəyişdirilməsi işindən xeyli qazanc əldə edib: "Elektrik naqillərinin dəyişdirilməsi ilə bağlı qurumun hesabatı var. Orda göstərilən rəqəmlər həqiqəti əks etdirmir. Çünki bölgələrdə naqillərin az hissəsi dəyişdirilib, yaxud təmir olunub.

Bu işlərin görülməsi məqsədilə ayrılan vəsaitlər isə müəyyən adamların cibinə yönəldilib. Elektrik Şəbəkələri müdirlərinin özbaşına əməllərinə nəzarət vitse-prezidentdə olub. Lakin "Azərişıq" ASC yaranandan bəri Marlen Əsgərov qazancından məhrum olub". Başqa bir iddiaya əsasən Etibar Pirverdiyevin sağ əli kimi tanınan vitse-prezident özü ilə yanaşı, yaxın qohumlarına da "gün ağlayıb". Aldığımız məlumatda bildirilir ki, vitse-prezidentin kürəkəni, "Azenco"da idarə rəisi işləmiş Kamil Mirzəyev Dövlət Bayrağı Meydanındakı tikintidə böyük əyrintilərə yol verib: "Bu adam vəzifə öhdəliyini unudub, meydandakı qazıntı zamanı çıxan dəmir, mis və s. kimi metalları topladıb satmaqla da məşğul idi.

Hansı ki, vaxtilə "Sumqayıt TS-2"nin söküntüsündə də eyni işləri görüb. Etibar Pirverdiyev isə bu və digər belə əməllərə qarşı tədbir görmək əvəzinə, həmişəki kimi "struktur islahatları"na əl atdı. "Azərenerjitikinti" MMC-ni ləğv edib, bazasında "Azenco"nu yarartmaqla, tikintinin ilk 6-7 ayındakı problemləri bu yolla "itirmişdi"". Onu da bildirək ki, Marlen Əsgərovla bağlı əlimizdə olan digər faktlarla bağlı artıq araşdırmalara başlamışıq. Yaxın günlərdə vitse-prezidentin əmlakı və biznes səltənəti haqda şok detalları açıqlayacağıq. Bizi izləməyə davam edin.


Qarşı tərəfin də cavab haqqını tanıyırıq.