backend

İstehlakçıların hüquqları kobud şəkildə pozulur, alıcılara qəbz əvəzinə kağız parçası təqdim olunur

İstehlakçıların hüquqları kobud şəkildə pozulur, alıcılara qəbz əvəzinə kağız parçası təqdim olunur






















Müxtəlif qanun pozuntularının qeydə alındığı marketlər şəbəkəsi kimə məxsusdur?

Alıcıların dəyişməkdə olan və artan zövqünü qarşılamaq üçün daha üstün xidmətlər təklif etmək məqsədilə supermarketlər gündəmə gəldi və artıq bu marketlər digərlərini nəinki geridə qoyub, hətta sıradan çıxarıb. Dünyada alıcıların ərzaq məhsullarına olan tələbatının təxminən 50 faizi supermarketlər vasitəsilə ödənir. Bəzi ölkələrdə isə supermarketləri artıq hipermarketlər əvəz etməyə başlayıb ki, hipermarketlərdə isə nəinki ərzaq, bütün məişət cihazları, mebellər, hətta avtomobillər də satılır.

Azərbaycanda da son illər iri supermarketlərin sayı xeyli artıb. Lakin onların hamısının fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Məsələn, bəzi supermarket şəbəkələrinin adı mütəmadi olaraq istehlakçıların hüquqlarının pozulmasında, onların müxtəlif yollarla aldadılmasında çəkilir. Böyük şəbəkəyə malik olan "Neptun" supermarketlərinin də fəaliyyəti istənilən səviyyədə deyil. Mətləbə keçməmişdən öncə qısaca vurğulamaq istəyirik ki, "Neptun" supermarketlər şəbəkəsi 2003-cü ildə fəaliyyətə başlayıb. "Neptun" supermarketlər şəbəkəsinin yaradılması ilə paralel olaraq 2004-cü ildə 3500 m2-ə yaxın ərazidə anbar və ofis yeri tikilərək Azərbaycanda ilk dəfə olaraq supermarketlər vahid mərkəzi sistemlə idarə olunmağa başlayıb.

Şəbəkə həm yerli, həm də xarici məhsulların satışını həyata keçirir. Mətbuat səhifələrində və sosial şəbəkələrdə yayılan bir sıra məlumatlardan şəbəkəyə daxil olan supermarketlərdə keyfiyyətin aşağı səviyyədə olması müəyyənləşir. Bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov supermarketlərin fəaliyyəti barədə bəzi maraqlı məlumatları açıqlayıb. O deyib ki, son zamanlar alıcılar tez-tez supermarketlərdə aldanırlar: "Əsasən kassalarda alıcıların həqiqətdə aldığı məhsulların qiymətindən daha çox faktura çıxarırlar. Supermarketlərdə satış üçün müasir texnologiyalar tətbiq olunan zaman istehlakçının aldadılması amili də əlavə olunur. Fırıldaqçılıqla bağlı bizə daha çox "Neptun" supermarketlər şəbəkəsi ilə bağlı şikayətlər daxil olur. Qeyd etmək istəyirəm ki, istehlakçıların təxminən 20%-i fırıldaqçılıq, çəki, məhsul keyfiyyətinin uyğunsuzluğu və s amillərə görə öz pullarını itirirlər". Ekspertin də dediyi kimi, "Neptun" supermarketlərində istehlakçıların hüquqları kobud şəkildə pozulur. Bizdə olan məlumatlara görə, marketdən alış-veriş edən insanlara təqdim olunan qəbzin üstündə nə VÖEN, nə tarix, nə də alış-verişə xərclənən pul aydın göstərilir: "Vitrindəki malla kassadan verilən kağız parçasının üzərində qeyd olunan qiymətlər bir-biri ilə uyğun gəlmir. Nəyə görə kağız parçası deyirəm, çünki həmin kağızın heç bir qanuni əhəmiyyəti yoxdur. Alıcıların çoxu bu kağızın qəbz olduğunu zənn edir. Amma əslində, şəbəkədən alış-veriş edən vətəndaşlara kassa nəzarət aparatının qəbzi verilmir. Bu isə vergi qanunlarına ziddir. Vergi qanunvericiliyində vətəndaşın qəbz tələb etmək və həmin qəbzdə göstərilənləri aydın şəkildə görmək hüququ var. Təəssüf ki, bu marketlər şəbəkəsinin rəhbərliyi qanunlara məhəl qoymur, özlərinə sərf edən formada iş görürlər. "Neptun"un rəhbərliyi müxtəlif şirnikləndirici vasitələrlə müştərilərin diqqətini cəlb etməyə çalışır. Məsələn, "Neptun" supermarketlər şəbəkəsindən hər 50 azn məbləğində alış-veriş edən alıcıya "Diamond" restaurant lounge-dan 20 % dəyərində endirim kuponu təqdim edilir. Müştərilər isə həmin restorana gedəndə onlara heç bir güzəşt olunmur". Supermarketlər şəbəkəsinin müştəriləri sağlam və keyfiyyətli məhsullarla təmin etmədiyini vurğulayan mənbə həmçinin qeyd etdi ki, istehlakçıların təhlükəsizliyi üçün gigiyenik qaydalara riayət olunmur: "Ərzaq təhlükəsizliyi və gigiyena sahəsində işçilərin biliyi yox dərəcəsindədir. Onlar müştərilərlə necə rəftar edəcəklərini də bilmirlər. Bəzi hallarda müştəriləri acılayıb narazı yola salırlar. Digər tərəfdən, anbarların, soyuducuların və rəflərin temperaturun tələblərə uyğunluğu yoxlanılmır. Burda satılan məhsulların yetərli hissəsi Səhiyyə Nazirliyinin əsasnaməsinə cavab vermir. Aidiyyəti dövlət orqanları "Neptun" supermarketlərinin fəaliyyətini lazımi səviyyədə yoxlamadığı üçün belə problemlər ortalığa çıxır".

Bu arada, qeyd edək ki, bəzi mənbələr bu marketlər şəbəkəsinin yüksək vəzifəli şəxslərdən birinə məxsus olduğunu iddia edir. Digər mənbələr isə bu faktı təkzib edərək "Neptun"un başqa adamların nəzarətində olmasını bildirirlər. Gələn saylarımızda "Neptun"un əsl sahibləri və himayədarı haqda məlumat verməyə çalışacağıq. İnanırıq ki, bu yazıdan sonra müvafiq qurumlar "Neptun" supermarketlərində dərhal yoxlamaya başlayacaq və qanun pozuntuları aradan qaldırılacaq.


Yazı ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc edə bilərik.