backend

Sərnişinlərdən 20 qəpikli məsafə üçün 50 qəpik tələb edirlər

Sərnişinlərdən 20 qəpikli məsafə üçün 50 qəpik tələb edirlər
















Bu gün paytaxtda qanunsuz sərnişin daşıyan avtobuslar peyda olub.

Hətta bəziləri avtobusun üzərinə nömrə də qoyurlar. Lakin avtobusda hardan gəlib, hara getməsi barədə məlumatı əks etdirən lövhə də olmur. Sürücüdən soruşduqda avtobusun hansı istiqamətə hərəkət etdiyini bilmək mümkündür. Sərnişinlərin verdiyi məlumata görə, bu cür mikroavtobusların sürücüləri sürət həddini keçirlər.

Bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Təəssüf ki, sərnişin sıxlığından digər avtobuslara minə bilməyən sərnişinlər nömrəsiz avtobusların xidmətindən istifadə etməyə məcbur olurlar. Xüsusilə də şəhərətrafı qəsəbələr üzrə hərəkət edirlər. Bizə verilən məlumata görə, bu avtobuslar sərnişinlərdən 20 qəpik əvəzinə 50 qəpik alır. Biz bu qiymətə aparırıq deyərək sərnişinlərdən artıq pul alırlar. Hətta bu cür rahat kondisionerli avtobusda oturmusunuz deyərək sərnişinlərdən artıq pulu ona görə aldıqlarını nəzərə çatdırmağa çalışırlar. Verilən məlumatlara görə, Nəqliyyat Nazirliyinin əməkdaşları çox zaman belə avtobusları saxlayıb sürücünü cərimələyirlər. Ancaq buna baxmayaraq, bu cür avtobusların sayı artmaqdadır. Ən çox mikroavtobuslar sərnişindaşımayla məşğul olur. Həm yük, həm də sərnişin daşıyan bu mikroavtobuslar sərnişinlərin həyatını təhlükə altına salır. Təəssüf ki, bu işdə sürücülər qədər sərnişinlər də günahkardır. Bu cür mikroavtobuslardan istifadə etməsələr, həmin mikroavtobuslar qanunsuz olaraq sərnişin daşıya bilməzlər. Sərnişinlər nəzərdə tutulan dayanacaqlardan istifadə etməlidirlər. Çünki qanunsuz fəaliyyət göstərən mikroavtobuslar çox zaman dayanacaqdan kənarda saxlayaraq sərnişin götürürlər. Xüsusilə də axşam vaxtlarında avtobusun işıqlarını söndürürlər. Bu da mikroavtobusun içərisində olan sərnişinlərin görünməməsi üçün edilir. Lakin sərnişinlər bu məsələdə diqqətli olmalıdırlar. Xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobusların xidmətindən istifadə etməməlidirlər.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurmuş.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 8 saylı regional ərazi idarəsinin böyük məsləhətçisi Vüqar Nuriyev bildirib ki, Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı nazirlik heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda qəzaya düşən mikroavtobusun Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur: "Qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurmuş. Mən Sumqayıt sakinlərinə səslənirəm ki, xətdənkənar, qanunsuz fəaliyyət göstərən mikroavtobuslara minməsinlər. Çünki onlar lisenziya almadan, sənədsiz, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Nəticədə də bu kimi qəza halları baş verir, insanlar həyatını itirir, yaralanır".