backend

Mingəçevirin icra başçısı ona tapşırılan işlərə niyə məsuliyyətlə yanaşmır?

Mingəçevirin icra başçısı ona tapşırılan işlərə niyə məsuliyyətlə yanaşmır?
















Nazir Azad Rəhimovla quda olması məmura bəzi özbaşına əməllərini asanlıqla həyata keçirməyə imkan yaradıb

Mingəçevir Azərbaycanın ən böyük şəhərlərindən biri sayılır. Qeyd etmək lazımdır ki, ölkə prezidenti İlham Əliyev bütün bölgələri olduğu kimi, Mingəçeviri də daim diqqət mərkəzində saxlayır və şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncamlar imzalayır. Bunun nəticəsidir ki, son illər Mingəçevirdə xeyli iş yeri açılıb, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Həyata keçirilən bu kimi tədbirlərə baxmayaraq, "nur şəhəri"ndə bəzi problemlər də mövcuddur.

Belə ki, yerli məmurlardan bir neçəsinin vəzifəsinə soyuq münasibət göstərməsi əhali tərəfindən narazılıqla qarşılanır. Digər tərəfdən, şəhər rəhbərliyinin qol qoyduğu bəzi xoşagəlməz işlər Mingəçevirin sosial-iqtisadi inkişafını ləngidir. Məlumatı olmayanlar üçün vurğulayaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğludur. O 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib. 2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib. 2012-ci ildən isə Mingəçevir şəhərinə rəhbərlik edir. Apardığımız araşdırmalar göstərir ki, icra başçısının adı indiyə kimi bir sıra neqativ işlərdə çəkilib və onun Mingəçevirə lazımi səviyyədə rəhbərlik edə bilməməsi vurğulanıb. Onun fəaliyyətindən narazı qalan insanların isə sayı-hesabı yoxdur. Məsələn, bir müddət əvvəl Mingəçevir şəhəri İsmət Qayıbov küçəsi ev 4, mənzil 26 ünvanında yaşayan "Vətən-A" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Azər Tofiq oğlu Qasımov mətbuata müraciət edib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs bildirib ki, Niyazi Bayramov tərəfindən ona böyük haqsızlıq edilib: "Nəzərinizə çatdırıram ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 18 fevral 1991-ci il tarixli 52 saylı qərarı ilə "Vətən" kooperativinə su anbarı istismarı idarəsi nəzdindən çıxıb müstəqil fəaliyyət göstərməsinə icazə verilməsi, kooperativin müstəqil fəaliyyət göstərməsi üçün Kür çayının sağ sahilində təcrübi sınaq zavodunun yaxınlığındakı istifadəsiz yerdən 0,87 hektar torpaq sahəsi ayrılması qərara alınıb. 1995-ci ilə qədər həmin qərarla ayrılmış torpaq sahəsində "Vətən" kooperativi fəaliyyət göstərib. 06 noyabr 2008-ci il tarixdə "Vətən" kooperativinin bazasında "Vətən-A" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Prezidentin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınıb. 1993-cü ildə erməni qəsbkarlarının Qarabağı işğal etməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Söhbət Daşdəmir oğlu və onun beş nəfər ailə üzvü "Vətən" kooperativinin ərazisində məskunlaşıb. Hazıradək həmin ərazidə yaşayırlar, hətta orada özləri üçün 2 mərtəbəli ev inşa ediblər. Məcburi köçkünlərin həmin ərazidə məskunlaşması və qoyunçuluqla məşğul olmaları nəticəsində "Vətən" kooperativinin fəaliyyəti qeyri-mümkün olub. 2013-cü ilin noyabr ayında növbəti nəzarət məqsədi ilə kooperativin sahəsində olduğum zaman gördüm ki, yük maşınları ilə sahəyə torpaq daşınır. İşçilərin dediklərlərindən müəyyən etdim ki, istifadəmizdə olan torpaq sahəsi təsisçiliyim və rəhbərliyim nəzərə alınmadan Niyazi Bayramov tərəfindən qanunsuz olaraq digər şəxslərə satılıb. Sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətindən mənə məlumat verildi ki, icra başçısının 01 noyabr 2013-çü il tarixli 143 saylı sərəncamı ilə Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarı ilə Kür çayının sağ sahilində təcrübi sınaq zavodunun yaxınlığındakı ərazidən ayrılmış 0,87 ha torpaq sahəsindən "Vətən" kooperativinin istifadə hüququna xitam verilib. Sərəncamda qeyd edilib ki, ötən vaxt kəsiyində "Vətən" kooperativi ayrılmış torpaq sahəsindən istifadə etməyib, həmin torpaq sahəsində heç bir fəaliyyətlə məşğul olmayıb. Guya bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsi tərəfindən müvafiq akt tərtib edilib, qanunvericiliyə uyğun tədbir görülməsi üçün Şəhər İcra Hakimiyyətinə məlumat ünvanlanıb. Nəzərinizə çatdırıram ki, akt mənim iştirakım olmadan və mənə xəbərdarlıq edilmədən tərtib olunub. İstifadə hüququna xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin birinci abzası götürülüb. Nəticədə Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilən müvafiq aktın və qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə göndərilmiş məktubun surətlərini almaq üçün yazılı müracət etsəm də, mənim sorğuma cavab verilməyib, heç olmasa aktı və məktubu belə mənə göstərməyiblər".

Vətəndaş bu məsələ ilə bağlı müxtəlif instansiyalara rəsmi müraciətlər ünvanlasa da, bir xeyri olmayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı növbəti şok məlumatlar bir neçə ay öncə ictimailəşdirilib. Bildirilib ki, N.Bayramov icra hakimiyyətinin arxasında yerləşən və tikintisinə 1,97 milyon manat ayrılan "Dostluq" parkının 400 kvadratmetrdən çox ərazisini qanunsuz olaraq sahibkarlara həvalə edib: "Həmin ərazidə 30-dan artıq çoxillik ağac olub və onların hamısı kəsilib.

İcra hakiminin ən gəlirli sahəsi şəhərdə çəkilən su və kanalizasiya xətlərinin üzərinə asfalt döşənməsidir. Su və kanalizasiya xətlərinin çəkilişini həyata keçirən şirkətə 1 kvadrat asfaltın döşənməsi üçün 18 manat veriləcəyi sənədləşdirilsə də, şəhər rəhbərliyi bu işi görəcək şirkətlə hər kvadratmetrə görə 10 manat veriləcəyini razılaşdırıb. Bu əməliyyatdan milyonlar əldə edilir. Mingəçevirdə hər il təmir, tikinti, yaşıllaşdırma, yolların təmiri, yeni binaların tikintisi və təmiri, parkların, xiyabanların salınması, təmiri və sair işlər adı altında külli miqdarda büdcə vəsaiti yox edilir". Digər iddialara əsasən, Niyazi Bayramov böyük məbləğdə dövlət vəsaitlərini yaxınlarına məxsus "Lider Monolit" MMC, "İşıqlandırma" MMC, həmçinin dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, "Fərdi Yaşayış Sahələrinə Xidmət" İdarəsi vasitəsilə havaya sovurur. Görünür, gənclər və idman naziri Azad Rəhimovla quda olması icra başçısına bu tip əməlləri heç nədən çəkinməyərək həyata keçirməsinə şərait yaradıb. Niyazi Bayramov bilməlidir ki, qudasının nazir olması ona dövlətin vəsaitini hara gəldi xərcləməyə əsas vermir. Nə vaxtsa ondan həmin pulların hesabatı tələb edilə bilər. Odur ki, icra başçısı tezliklə işindəki nöqsanları aradan qaldırmalı və Mingəçevir camaatının sosial rifahının yüksəldilməsi istiqamətində işlər görməlidir.


Qarşı tərəfi də dinləyə bilərik.