backend

Ramidə İbrahimovanın rəhbərlik etdiyi bu müəssisədə vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsi çox aşağıdır

Ramidə İbrahimovanın rəhbərlik etdiyi bu müəssisədə vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsi çox aşağıdır



















Məlum olduğu kimi, iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpan ümumi inkişaf ayrı-ayrılıqda götürülmüş hər hansı sahədə neqativ halları qətiyyən istisna etmir.

O cümlədən, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi səhiyyə müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlər hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Ötən saylarımızda bu mövzuya toxunaraq biz belə bir fikir irəli sürmüşdük ki, səhiyyə, təhsil və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrdə mövcud olan vəziyyətə görə rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyırlar. Digər tərəfdən isə hər bir konkret müəssisəyə rəhbər təyin olunmuş, müəyyən vəzifə imtiyazları ilə səlahiyyətləndirilmiş və bu sahənin mütəxəssisi sayılan konkret rəhbər şəxslər vardır ki, onların məsuliyyətləri də müvafiq olmalıdır. Lakin bir çox hallarda biz bunun tam əksi ilə rastlaşırıq. Elə son vaxtlar redaksiyamıza ardıcıl daxil olan məlumatlarda da paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə baş həkim Ramidə İbrahimovanın rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. İlk növbədə açıqlamalarda qeyd olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin ödənişsiz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 36 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Əldə etdiyimiz digər bir məlumatda isə həmin tibb müəssisəsinin rəhbərliyi həm də saxta arayışların verilməsində ittiham edilir. Vurğulanır ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Bu barədə məlumatlarda deyilir: "Poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür”. Həmçinin təqdim olunan açıqlamalarda Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə "xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Başqa bir məlumatda isə 36 saylı poliklinikada tətbiq olunan "ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Təəssüflə də olsa qeyd etməliyik ki, bütün bu neqativ hallar barədə aldığımız məlumatları artıq bir neçə qəzetimizdə dərc etsək də, indiyədək nə Səhiyyə Nazirliyinin, nə də digər aidiyyatı olan qurumların diqqətini problemə cəlb edə bilməmişik. Bu isə öz növbəsində bir tərəfdən Pirşağı sakinlərinin narazılıqlarına, digər tərəfdən də 36 saylı poliklinikada yol verilən özbaşınalıqların getdikcə daha da artmasına yol açır.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.