backend

Əli Məsimli: “Öhdəliklərinə məsuliyyətlə yanaşmayan sahibkarlara qarşı qanunun gücü işə düşür”

Əli Məsimli: “Öhdəliklərinə məsuliyyətlə yanaşmayan sahibkarlara qarşı qanunun gücü işə düşür”
















Bütün dünyada vergiödəyicilərinin dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməsi vacib şərtdir.

Əks təqdirdə qanunvericiliyə uyğun olaraq, vergi ödəməkdən yayınan, öhdəliyindən boyun qaçıran şəxslər cəzalandırılır, məsuliyyətə cəlb olunurlar. Bu, sadəcə, hüququn deyil, həm də iqtisadiyyatın tələbidir. Bu cür halların qarşısını almaq üçün ABŞ-da antiinhisar qanunvericiliyi, vergi cinayətlərinə görə cəzalar sərtləşdirilib, vergidən yayınma halları haqda məlumat verən şəxslər təşviq edilib. Rusiyada 2000-ci illərin əvvəllərində maliyyə oliqarxiyası əleyhinə sərt ölçülər götürülüb. Dünyanın “ofşor cənnəti” hesab olunan İsveçrədə isə bank-maliyyə sektorunu kataklizmlərdən qorumaq üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atılıb. Azərbaycan dövləti də ölkədə iqtisadi inkişafı stimullaşdıran addımlarla yanaşı, maliyyə maxinasiyalarının araşdırılması, verilmiş kreditlərin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamaq üçün addımlar atır. Yaradılmış şəffaf iqtisadi mühitdən, dövlətin sahibkarlara səxavətindən sui-istifadə edənlərə, ayrılmış kreditləri geri qaytarmayan, həmin vəsaitləri təyinatı üzrə xərcləməyən sahibkarlara qarşı müvafiq hüquqi prosedurlar işə salınır. İri vergiödəyicilərinin məsuliyyətdən qaçma, vergidən yayınma cəhdlərinin qarşısı alınır. Qeyd edilən mövzu ilə bağlı “Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli cavablandırır.

- Əli müəllim, bəzi iş adamlarının öz öhdəliklərini yerinə yetirməməsi, vergidən yayınması, bankdan aldığı krediti zamanında geri qaytarmaması, nəticədə onlara qarşı sərt tədbirlərin görülməsi son günlər diqqət mərkəzində olan əsas məsələlərdəndir. Sizin bu kimi hadisələrə münasibətiniz necədir?
- Obrazlı şəkildə desək, Azərbaycanda hər il sahibkarlara və əhaliyə dövlət büdcəsindəki vəsait həcmində kreditlər verilir. Bu, bir tərəfdən büdcə vasitəsi ilə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələr üçün ayrılan vəsaitlərdir, digər tərəfdən də sahibkarların öz iqtisadi layihələrini reallaşdırmaq üçün bankların ayırdığı vəsaitlərdir. Elə sahibkarlar var ki, özlərinin texniki iqtisadi əsaslandırmalarını reallığa uyğun götürür, qarşılarına qoyduqları məqsədləri həyata keçirmək üçün kreditlər alırlar. Belə sahibkarlar həmin kreditlər vasitəsi ilə həm öz işlərini görür, pul qazanır, xeyir götürürlər, həm də ayrılan krediti, onun faizini və vergini vaxtında ödəyirlər. Lakin elə iş adamları da var ki, nəyəsə, yaxud kiməsə arxayın olub hansısa yollarla kredit əldə edir. Fikir verəndə görürsən ki, həmin kreditləri əldə etmək üçün iqtisadi-texniki əsaslandırma ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Ona görə də alınan kredit təyinatı üzrə deyil, şəxsi məqsədlər üçün xərclənir. Bu cür iş adamlarına elə gəlir ki, hər zaman vəziyyət bu cür olacaq, onları heç kim buna görə sorğu-sual etməyəcək, kreditləri geri tələb etməyəcək. Amma zaman keçdikcə həmin iş adamları borclanır, kreditləri qaytara bilmir, onlara qarşı qanunvericiliyin tələbləri işə salınır. Son günlər həbs olunan sahibkarlar məhz qeyd edilən kateqoriyaya aid olanlardır. Bu adamlar öz işlərini kifayət qədər səliqəli görmədikləri üçün aldıqları kreditləri vaxtlı-vaxtında qaytara bilmirlər. Bu səbəbdən bank onlar barəsində məhkəmələrə şikayət edir, əmlaklarına həbs qoydurur, yaxud hüquq-mühafizə orqanları şikayət əsasında həmin sahibkarları müvəqqəti olaraq saxlayırlar və sair. Bir sözlə, öhdəliklərinə məsuliyyətlə yanaşmayan sahibkarlara qarşı qanunun gücü işə düşür.

- İqtisadiyyat və sənaye nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu və banklardan kreditlər alan sahibkarların əsas öhdəliyi, məsuliyyəti nədən ibarətdir?
- Sahibkarlar istər dövlətdən güzəştli şərtlərlə kredit alanda, istərsə də özəl banklardan kredit götürəndə tərəflər arasında müqavilə imzalanır. Müqavilənin hər bir bəndi üzrə kredit verənin və kredit götürənin öhdəlikləri açıq-aydın göstərilir. Kredit götürən öz üzərində məsuliyyət hiss edərək, əvvəlcədən razılaşdırılmış şəkildə aldığı krediti və onun faizini hər ay hissə-hissə geri qaytarmalıdır. Tərəflərdən hansısa biri müqavilədə qeyd edilən şərtləri pozduqda, digər tərəf hüquqi yolla bunu tənzimləməyə can atır. Son dövrlər mediada yer alan xəbərlərdən də aydın olur ki, bəzi iş adamları kredit götürərkən əvvəlcədən işlərini düzgün qura bilməyiblər. Təbii ki, bu da müəyyən problemlərə səbəb olub. Misal üçün, alınan kredit hesabına şəxsi mülk, bahalı avtomobillər əldə ediblər, yaxud elə məbləğdə kredit götürüblər ki, bunu qaytarmaq qeyri-mümkündür.

- Bəzi sahibkarlar məsuliyyətdən və öhdəliklərdən yayınmaq üçün iddia edirlər ki, kreditləri qaytara bilməmələrinə səbəb devolvasiyanın olması, dolların qiymətinin bahalaşması və sair amillərdir. Bir qədər əvvəl Sizin də qeyd etdiyiniz kimi, əgər tərəflər arasında razılaşma varsa, müqavilə imzalanıbsa, sahibkarların indiki şəraitdə gətirdikləri arqument əsaslı sayıla bilərmi?
- Əgər kifayət qədər əsaslandırılmış məqamlar ortaya çıxarsa, təbii ki, dövlətin və bankların iş adamlarına müəyyən dəstəyi olmalı, tərəflər ortaq məxrəci tapmağa çalışmalıdırlar. Adətən belə mübahisələrdə hər zaman sahibkarların, xalqın tərəfində olmuşam. Ancaq Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər, anlaşılmazlıqlar məhz hüquqi yolla həllini tapır. Devolvasiyadan sonra da banklar məhkəmələrin qərarları əsasında addımlar atırlar.

- Verilmiş güzəştlər özəl sektoru, investorları, xüsusən də iri məbləğdə kreditlər götürmüş şəxsləri vergi və bank öhdəliklərindən hər hansı formada azad edə bilərmi?
- Əlbəttə ki, xeyr! Bu, yalnız kommunizm dövründə mövcud idi. İndiki şəraitdə bu cür yanaşma iqtisadiyyatı çökdürər. Əgər özəl sektor davamlı şəkildə dövlətdən kreditlər alsa, sonra da bunu qaytara bilməsə, son nəticədə həmin kreditlər bağışlansa banklara, büdcəyə gəlir haradan gələcək? Bu ilk növbədə bankları çökdürər, sıradan çıxarar. Çünki bankların kredit kimi sahibkarlara verdiyi vəsaitin cüzi hissəsi özünə aiddir, digər hissəsi əhalidən yığılan pullar, üçüncü hissəsi isə xaricdən əldə etdiyi kredit resurslarıdır. Tutaq ki, bank öz vəsaitini sahibkara güzəştə getdi, batırdı. Bəs, əhalidən aldığı pulu yüksək faizlə onların özünə necə qaytaracaq? Bankın xaricdən aşağı faizlə aldığı pulu kim geri qaytaracaq? Bu kimi reallıqlar şəraitində bankın hansısa sahibkara verdiyi krediti bağışlaması qeyri-mümkündür. Yenə də bir qədər əvvəl söylədiyim fikirlərə qayıdıram. Bank və sahibkar arasında imzalanan müqavilə hər iki tərəfin üzərinə müəyyən öhdəliklər qoyur. Həm bank, həm də sahibkar bu öhdəlikləri yerinə yetirməyə məcburdurlar. Hər iki tərəf qayda-qanuna əməl etməlidir.

- Öhdəliklərini yerinə yetirməyən sahibkarlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülsə də, cəmiyyətdə bəziləri bu addımları doğru saymırlar. Siz bu barədə necə düşünürsünüz?
- Bu məsələ tək Azərbaycanda belə deyil. Misal üçün, Qərb dövlətlərində fiziki və hüquqi şəxslər vergi müfəttişlərindən daha çox qorxurlar. Əgər kimsə vergini vaxtlı-vaxtında verməsə, onun barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür. Hətta qanunvericilikdə nəzərdə tutulmuş cəzaları ən sərt şəkildə tətbiq edirlər. Amma Azərbaycan vaxtilə sovetlər birliyində təmsil olunduğundan bəzi insanlarımız hələ də sovet təfəkküründən yaxa qurtara bilmirlər. Onlara elə gəlir ki, vergini ödəməyə güc çatmırsa, deməli, dövlət bunu onlara bağışlamalıdır. Həmin adamlar bazar iqtisadiyyatına keçdiyimizin fərqinə varmırlar. Bu gün ABŞ-da da vergidən yayınanlara qarşı münasibət çox sərtdir.

- Sahibkarların, iri vergi ödəyicilərinin məsuliyyətdən yayınması, vergini ödəməkdən boyun qaçırması nələrə yol açır?
- Hər bir ölkə üçün bu, xoşagəlməz nəticələrə səbəb ola bilər. Belə davranış kölgə iqtisadiyyatının bir formasıdır. Bu cür davam etdikdə kölgə iqtisadiyyatı daha da artar, başqaları üçün də pis nümunə yaranar. Eyni zamanda bu, büdcə daxilolmalarını zəiflədər, ölkə iqtisadiyyatına böyük zərbə vurular.