backend

Vəfa Qafarovanın əsərləri

Vəfa Qafarovanın əsərləri






























Vəfa Qafarovanın əsərləri

Məndən danışarsan bir gün oğluna.
Söyüd ağacıymış demə bu sevgi,
Bəhrəsi yox imiş, barı yox imiş,
Mənim korun-korun yandığım eşqin,
Tüstüsü var imiş, qoru yox imiş,
Bu qışın içində yaz yaşayırmış,
Ürəkdən sevənlər az yaşayırmış,
Hardasa bir tənha qız yaşayırmış,
Öləndə kəfəni, göru yox imiş.
Bu ruhu bu bədən daşımır desək,
Bir az qəm üyüdüb, bir az qəm yesək,
Sevib ayrılanlar yaşamır desək,
Dünyada bir dənə diri yox imiş.
Payızın bir adı son baharıymış,
Saçıma yağan da dən yox qarıymış,
Dünyada hər şeyin yeri varıymış,
Bircə sevgimizin yeri yox imiş.
Gəl biz bir ad tapaq sevgi nağlına,
Sən düşün, gəlmirki mənim ağlıma,
Məndən danışarsan hər gün oğluna,
Eh, biri var imiş, biri yox imiş.


***
Balaca, alaqaranlıq otağın qapısının ağzında dayanmış qadını bağrına basdı. Bu basırıq, tütün qoxusu, kağız iyi verən otağa elə bil ay parası doğdu. Qadın qollarını onun boynuna dolayıb ömrünün ən böyük, bəlkə də yeganə sevgisini ağuşuna aldı. Küçədə pişiklər cırmaqlaşır, havanın hüznlü sakitliyi otağa dolurdu. Qadın ayaqqabılarını soyunub sakitcə otağa keçdi. O, pişik balası kimi səssizcə yeriyir, sanki səsin otaqdakı sükutu diksindirəcəyindən qorxurdu. Mizin üstündə dünən yediyi yemək qalıqları, siqaret kötükləri, dəstə-dəstə kağız vardı. Tavandan və divarlardan şeir asılmışdı. Qadın elə bil qanad taxmışdı. Ayaqları yerə dəymirdi. Əllərini onun üzündə, boynunda, sinəsində gəzdirə-gəzdirə nəsə danışırdı, pıçıldayırdı. Arabir, görünür, öz danışdıqlarından çəkinib başını onun geniş sinəsində gizlədirdi. Bu qadından bu adamı niyə sevdiyini soruşsaydılar, bəlkə də, düz-əməlli cavab verə bilməzdi. Bircə onu bilirdi ki, bu gözlər, bu təbəssüm, bu dodaqlar, hərəkətlər, adətlər onun üçün çox doğmadır. Ürkək- ürkək sağ tərəfdəki telefona nəzər saldı. Telefon ona elə yaxın, doğma, əziz göründü ki, az qaldı qaçıb telefon dəstəyini qucaqlasın. Bu alaqaranlıq, balaca otaq onun gözlərində cox gözəl idi. Bu otağın divarlarından sözlər asılmışdı. Pıçıltılar etiraflar süzülürdü: Səni sevirəm. Səni nə qədər sevdiyimi heç zaman anlamayacaqsan. Can, ölürəm sənin üçün. Dəlibaş, ayağın dəyən yerə baş qoyaram. Sən mənim meymunumsan. Eşşək, dəli, meymun, sevgilim, əzizim, həyatım. Allah məni sənin qucağında öldürsün.
Otaq başdan-ayağa sözlə bəzənmiş müqəddəs ziyarətgahı xatırladırdı ona. Bütün divarlardan, tavandan sözlər baxırdı. Şirin, həzin, ürəkoxşayan, adamaldadan sözlər. Mələk qadın dünyanın ən igid, ən yaraşıqlı, ən mərd kişisinin ağuşunda idi. O, qollarını sevgilisinin belindən keçirib barmaqlarını kilidlədi.
- Hə, çıx görüm qucağımdan.
Qadın bir-iki nəticəsiz, tənbəl cəhd göstərib süst düşdü. Başını onun sinəsində gizlədib dedi:
- Sənə kim dedi ki, mən bu əsarətdən çıxmaq istəyirəm.
Hər ikisi güldü. Qadının saçlarından səhər, payız, qəm, sevgi qoxusu gəlirdi. Ayaqlarının altında sevgi adlı böyük bir günah, başlarının üstündə sevgi adlı bir təsəlli vardı. Bu qadın ona dünyada ən cox inanan, güvənən insan idi. Payız qapıdan, pəncərələrdən təkidlə evə dolurdu.
Bir azdan üz-üzə oturmuşdular. O, düşüncəli halda siqaret sümürürdü. Külqabı son nəfəsini verib bihal, boynubükük düşüb qalmış siqaret kötükləri ilə dolu idi. Küncdəki çarpayının döşəkağısı qırışmışdı. Balışlar bir küncə atılmışdı. Qadın utancaq gözlərini gah küncdəki çarpayıya, gah da onun üzünə dikib susurdu. Sonra danışmağa başladı. Bayaqdan balaca uşaq kimi danışan qadın elə bil birdən-birə əsl yaşını haqladı, böyüdü. O isə siqaret sümürə-sümürə filosof görünüşü almışdı. Əslində, içərisi ləmhaləm bu qadınla, onun nəvazişi ilə, istiliyi, sevgisi, ülfəti, ağrısı, dərdi, həsrəti ilə dolu idi. İndi və ya bir azdan bu qadın qalxıb gedəcək, otağındakı halə sönəcək və yenə də otaga payız və alatoranlıq hücum çəkəcəkdi. Beynindəki fikirdən əsəbiləşdi. Yarı acıqlı, yarıciddi danışmağa başladı.
- Bilirsənmi, əslində, sevgi deyə bir şey yoxdur. Şəxsən mən sevgiyə inanmıram. Bizim bu yaşadıqlarımız da sevgi deyil. Amma bizə elə gəlir ki, güya sevirik. Məsələn, sən, deyə bilərsənmi sevgi nədir? Yox, deyə bilməzsən, çünki olmayan şey haqda mülahizə yürütmək çətindi. Alışmaq var, darıxmaq var, düşünmək, istəmək, arzulamaq var və bir yığın çalpaşıq, rəngli, çeşidli hisslər... Sevgi isə yoxdu.
Qadının gözləri böyümüşdü, gözünün ucu ilə otağın küncündəki çarpayıya baxırdı. Axı bayaq baş verənlərə haqq vermək üçün onun bircə ümidi var idi. Bütün bunların sevgi olduğunu iddia etmək ümidi. O isə deyir ki, aralarında baş verənlərin adı sevgi deyil. Udqundu, özünü təzədən uşaq kimi aparmamaq üçün məcburən güya başa düşürmüş kimi gülümsündü. Başını tərpətdi, amma sona qədər dözə bilmədi və yenə uşaq tərzində bir sual verdi:
- Axı mən soruşanda ki, məni sevirsən? Sən mənə “çox sevirəm” deyirdin.
O, əlini yellədi, bu səfeh qadına dünyanın ən böyük həqiqətini anladırmış kimi fərəhlə dedi:
- Düzü, səni yola verdiyim vaxtlar olub. Bəs nə deyəydim?
- Mən isə elə bilirdim ki, sən heç zaman yalan deməzsən.
Bu da otuzunu haqlamış qadına görə cox səfeh, uşaqca bir düşüncə idi. Axı necə düşünmək olardı ki, heç zaman yalan danışmayan bir insan mövcuddur. Qadın bu an həqiqətən də böyüdü. Gözləri külqabıdakı siqaret kötüklərinə sataşdı. Özünü onlara bənzətdi. Onlar kimi büzüşmüş, bir neçə yerdən sınmış, ən əsası isə onun dodaqlarından qopub həyatın külqabısına düşmüşdü. Qalxdı, zorla özünü gülümsəməyə məcbur etdi. Dəhşət içində başa düşürdü ki, bu adamı yenə də sevir. Çiyinlərini qısdı, balaca otağın tavanından, divarlarından asılan sözlər, pıçıltılar, etiraflar yerə tökülmüşdü. Zərif kəpənək qanadı kimi toza dönüb əriyirdilər. Sevgi ifadə edən hər şey sanki bu otaqla bərabər can verirdi. Otaqdakı işıq öləziyirdi. Sən demə, otağı nura qərq edən sevgi kölgələri imiş. Qadın qorxa-qorxa qapıya tərəf addımladı. Ayaqlarını yerə asta-asta basırdı. Ayağının altında qalan etiraflar, pıçıltılar quru budaq kimi sınır və sındıqca elə bil ki, şikayət edirdilər. Qadın sanki onların səsini belə duyurdu. Heyfi gəlirdi, yazığı gəlirdi ayaqları altında qalan az öncə onu göylərə yüksəldən kəlmələrə, etiraflara. Hər şey puç imiş, sən demə. Onun qulağına deyilən, beynindən ürəyinə süzülən hər şeyin yarımca saat ömrü varmış. Sözlər fəryad edirdilər, ağlayır, qışqırırdılar. Çılpaq qalmış divarlar, tavan indicə üzərlərindən üzülüb yerə tökülmüş zinətlərinin ardınca lal-mat baxırdılar. Qapıya çatanda çiyninin üstündən geri çevrildi, onun gözlərinə bir daha baxdı. Onun doğru dediyini anlayırdı. Həqiqətin bütün yalanlardan üstün olduğunu da başa düşürdü. Amma buna baxmayaraq, kiçicik bir yalan tapmaq istəyirdi o gözlərdə. Sevdiyi insanın bir daha yalan danışmasını çox istəyirdi.
Qadın gedəndən sonra ətraf səssizləşdi. Onun içinə qəribə bir həsrət doldu və yana-yana otağı süzdü. İçindən əcaib bir istək keçdi. Bağırmaqmı, qaçıb qadına çatmaqmı, susmaqmı, yoxsa dayandığı yerdəcə yerə çöküb hönkürməkmi istədiyini anlamadı. Otağın künçündə nəsə ağarırdı. Diqqətlə baxanda küncə düşüb qalmış bir cüt qanad gördü. Qadın qanadlarını bu evdə qoyub getmişdi. Bayırda ağacların çılpaq budaqları əllərini göylərə açıb aman diləyir, pəncərə şüşələri hönkürtü vurub ağlayırdı. Ona elə gəldi ki, bu gün pəncərədən görünən tanıdığı dörd fəslin heç biri deyil. Bu, heç kimə tanış olmayan alatoran fəsildir.


**
AXŞAM DÜŞÜNCƏLƏRİ
Gecənin birində ölüb gedəsən,
Paxıllar özünə bir iş tapmaya,
Səni islatmağa yağış tapmaya,
Səni yandırmağa günəş tapmaya.
Öləsən yetişə çoxu murada,
Altı müşkülünün beşi düzələ,
Tənha arvadların əri qayıda,
Qarımış qızların işi düzələ.
Gecəni sübhəcən əsə doymaya,
Küləklər saçını yola dincələ,
Ayrılıq səbrini kəsə doymaya
Hamı hayıfını ala dincələ.
Heç kim bilməyə ki, necə olurmuş,
Bu namərd dünyanı gizlicə sevmək,
Sən demə bir dənə günahın varmış,
Doğuşdan- ölümə,sadəcə sevmək.
Təki əl çəkələr qalsın onlara,
İşin də, aşın da , yoxun, varın da,
Səndən nəsə uman kişilərin də,
Ərini qısqanan qadınlarında.
Düşüb acığına ölüb gedəsən,
Hamını sakitcə əhf eyləyəsən,
Yerdə təzə qurban gəzsin adamlar,
Cənnətdə oturub kef eyləyəsən.


***
Üç nöqtə.....
Sevmədi yerdəki adamlar məni,
Mən küsüb gələcəm göyə, ilahi!
Üzümə boyayla gülüş çəkirəm,
Bir az gülümsəyim deyə, ilahi!
Bir az rəhmin gəlsin qu adamlara,
Ürəyi daş, gözü su adamlara,
İnanma, inanma bu adamlara,
Güya xoşbəxtdilər, güya, ilahi!
Yıxmısan evimi yıxdığın qədər,
Baxmadın üzümə, baxdığım qədər,
Bir quşa, böcəyə çıxdığın qədər
Sən mənə çıxmadın yiyə, ilahi!


***
GƏLMƏDİ
Gözlərin demişdi nə lazımdısa,
Dilə gətirməyə dilin gəlmədi,
Vüsalın yolunu bilmirdi deyə,
O qız evinizə gəlin gəlmədi.
Yaralı arzular döyüş yerində,
Taleyin qismətin dönüş yerində,
Sən özün ölmüşdün görüş yerində,
Niyə evinizə ölün gəlmədi?
Bir az xoş günləri ələ başıma,
Qoyma çəkdiklərim gələ başıma,
Allah, od yağdırdın elə başıma,
Xoşbəxtlik səpməyə əlin gəlmədi


***
LAP SƏNİ ATMAĞIM GƏLİR.
Əllərim elə darıxıb,
Əlindən tutmağım gəlir,
Çıxıb dinimdən, donumdan,
Günaha batmağım gəlir.
Göyün yedinci qatında,
Günün ən xoş saatında,
Ayaqlarının altında,
Yıxılıb yatmağım gəlir.
Qurban olum gəlişinə,
Qaçım gəlim görüşünə,
Sənin bircə gülüşünə,
Dünyanı satmağım gəlir.
Ürəyi qan günlərimi,
Qəlbi viran günlərimi,
Bütün yaman günlərimi,
Sənlə unutmağım gəlir.
Həsrətə bişib getməyim,
Yolumu çaşıb getməyim,
Dalınca düşüb getməyim,
Aləmi qatmağım gəlir
Dərdimin üzünə gülüb,
Allahın yoluna gəlib,
Elə sevirəm ki, ölüb,
Lap səni atmağım gəlir.


***
BAĞIŞLA...
Bu sevginin günahını,
Telimdə dənə bağışla,
Hər dəfə bağışlayırsan,
Bu dəfə yenə bağışla!
Yetmədikcə vüsalına,
Çarəm qaldı xəyalına,
Qibləm dedim camalına,
İmana dinə , bağışla!
Arzular çox, ömür gödək,
Sən zalım, mən qəlbi kövrək,
Ən qiymətli hədiyyə tək,
Özünü mənə bağışla!

***
Yerişimdə yolların gözü var Və qadın doqquz aydan bəri yolunu gözlədiyi körpəsini bağrına basdı. Körpə isə var səsi ilə ağladı. Çünki doqquz aylıq ömründə ilk dəfə yola çıxdı. Hər şey bu yaranışdan başladı. Tanrı insanın dərin səbrini və gözləmək bacarığını həmişə mükafatlandırır. Bu dünyada bizə biçilən bütün ömür boyu yol gözləyirik. Doğuluşun yolunu, ölümün yolunu, uğurun yolunu, sevginin yolunu, baharın yolunu. Bir də içimizdən bir yol keçir, özümüzə uzanan yol. Qırılmış küçə fanarları ilə süslənmiş, alaqaranlıq yol. O yol ki, orda bizim kölgələrimiz özümüzdən böyükdür, qorxularımız divarlara höpub. Həyatın özü də yoldur. Doğuluruq, yaşayırıq, ölürük. Yol gedirik bir ömür böyü. Hamar da olur, kələkötür də, rahat da olur, narahat da…

Tanrı deyib “Ol!”, olmuşam,
Sağ olmuşam, sol olmuşam,
Gecə-gündüz yol olmuşam.
Elə səndən sənə kimi.

Biz həm yol gedirik, həm yol oluruq. Neçə-neçə insan keçir ömrümüzdən. Kimisi bizi, daxılimizdəki duyğuları gül bağçası kimi əzizləyir, kimi də palçıqlı ayaqları ilə taptalayır. Ədəbiyyatda yol obrazı kifayət qədər geniş yayılmışdır. Hələ zamanında Sivaslı Aşıq Veysəl Satıroğlu insan ömrünü uzun bir yola bənzətmişdir:

Uzun ince bir yoldayım,
Gidiyorum gündüz gecə,
Bilmiyorum ne haldeyim,
Gediyorum gündüz gecə.

Dünyaya gəldiyim andan,
Yurudum aynı zamanda,
İki kapılı, bir handa,
Gidiyorum gündüz gecə.

Faiq Hüseynbəylinin də yaradıcılığında yol məhfumu geniş rakursda özünü göstərir. Faiqin sənətdən keçən yolu onun həyat yolu ilə paralel uzanıb hər zaman. Faiq üçün yol nədir? Hər gün keçib getdiyi landşaftın bir fraqmentimi, yoxsa nəsə dünyəvi, əbədi, əsrarəngiz bir şeymi? Yollar Faiq üçün canlıdır, ondan keçən və onun keçdiyi zaman tunelidir. Şair Faiq yolunu əlinə götürə bilir, yolunu çiyninə ata bilir, yolunu ikicə addımda bitirə bilir.

Beş-on addım atmışam,
Bitirmişəm yolumu,
Mənə bir yol göstərin,
İtirmişəm yolumu,

Yerdən uzanır aya,
Sağı solu sal qaya,
Mən özüm bu dünyaya,
Gətirmişəm yolumu.

Qatlaşıb hər zülümə,
Bağlamışam dilimə,
Ayaq altdan əlimə,
Götürmüşəm yolumu.
Azərbaycan dilində yolla bağlı bir çox ifadələr, atalar sözləri var. Əslində yol Azərbaycan mentalitetində böyüklük, ağsaqqallıq rəmzi kimi də göstərilir. Böyük yolgöstərəndir, yola verəndir. Su kiçiyin, yol böyüyündür, deyib atalar. Əslində “Yol böyüyün, su kiçiyindir” zərb məsəli XV-XVI-cı əsrlərdə “Oğuznamə”də işlədilmişdir, lakin “Yol böyüyün SUÇ kiçiyin” şəklində! Demək, böyük yol göstərən, kiçik isə suç işlədə biləndir. Faiqin etibarlı, vəfalı yol yoldaşı isə həmişə söz olub. Söz gözəl yol yoldaşıdır, illah da ki, öz sözün ola. Başqasını təkrarlamayasan, başqasının dediyini çeynəməyəsən. Yolun bir böyük özəlliyi də onun bizi gözəgörünməz məqamlara ucaltmasıdır. Bu məqamın ən alisi isə Tanrıdır. Faiq sözü ilə Tanrıya gedən yolun başlanğıcındadır.
Salam, Babadağ,
Hüzuruna gətirmişəm.
Içimdəki dağları
Ey ulu dağ,
Ey ali dağ.

Yaşadığım dümyanın
Bir üzü qara,
Bir üzü ağdı.

Bir udumluq xoş ömür
Dağların özü qədər
Dəniz səviyyəsindən uzaqdır.

Tanrıya gedən yol
ətəyindən sallanıb sürüşür.
Tanrıya gedən yol
əllərimdən ayaqlarıma düşür.
(“Tanrıya gedən yol” şeirindən)

Bu şeirdə bir çox gizli məqamlar var. Hələ qədim zamanlardan insanlar Allaha dualar etmək üçün yüksəkliklərə üz tutarmışlar. Musaya peyğəmbərlik Tur dağında verilib. Musa Allahla Tur dağında ixtilata girərmiş. ”Kitabi Dədə Qorqud”da Qazılıq dağına Qazanxan nəslindəki bütün xatunların qaynatası deyirlər və yaşmaqsız dağa nəzər qılmırlar. Adamların dua üçün məhz yüksək məqam seçmələri belə yerlərin insanlardan və hər cür natəmizlikdən uzaq olması ilə bağlıdır. Faiq də dua üçün məhz dağ başını seçir. Üzünü Baba dağına tutub dua edir. Yolun əlindən sürüşüb ayağına düşməsi təmizlənmə və paklanmadır. Çünki insan bütün böyük günahlarını əlinin yardımı ilə edir. Yolu əlindən ayaqlarına salmaq isə özünü Tanrıya təslin etməkdir. Kanfutsi yol haqda deyirdi: “İnsanı kamilliyə üç yol aparır: İdrak etmək -ən vacib yol, Kiməsə bənzəmək - ən asan yol. Təcrübə - ən ağrılı yol”.
Yol haqdakı başqa bir şeirində Faiq yolun həyat yolu olub, insanı ölümə apardığını yazır.

Gəzir düzü-dünyanı,
Əvvəli-sonu hanı?
Addımlayır insanı,
Ölümə ötürən yollar.

Burda qəribə bir söz öyünü verilib, həqiqətdə insanlar yolla addımlayır. Burda isə insanı addımlayan, onun içini gəzən və nəhayətində əlindən tutub onu ölümə ötürən yol obrazı var.

İçimdən keçib gedir,
Məni bitirən yollar.

Eyni tərs ifadəyə başqa bir şeirdə də rast gəlinir.

Bircə addım at irəli,
Bir addım at, bitir yolu,
Bu dağların o üzünə,
Yola salıb ötür yolu.

Bir soraq ver marağından,
Yaxınından, uzağından,
Tut bu yolun ayağından,
Düz başacan gətir yolu.

Əslində hamımız yolçuyuq. Hamımız yol gedirik. Kimi başqasının yolunu, kimi də öz yolunu və bütün yollar bizi əbədiyyətə qovuşacağımız sona aparır. Faiq öz yolunu gedir, sözlə qol-qola, sözlə nəfəs-nəfəsə. Faiqin yerişində yolların gözü var.