backend

Vətəndaşlar qurumun fəaliyyətindən narazıdır

Vətəndaşlar qurumun fəaliyyətindən narazıdır











Havalar soyuyar-soyumaz ölkədə bir sıra qurumların fəaliyyəti dərhal gözə çarpır.

Yəni ki, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmədikləri aşkar olunur. Bu cür qurumlardan biri də "Azəriqaz" İstehsalat Birliyidir. Son günlər xüsusilə də Qurban bayramı ərəfəsində "Azəriqaz" İB-nin fəaliyyəti qənaətbəxş olmayıb. Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinə verilən qazın həcmi həddindən artıq aşağı olur. Vətəndaşlar bildirirlər ki, kartda kifayət qədər vəsait olsa da, qazın həcmi həddindən artıq aşağı olur. Hələ qış gəlməyib, indidən qazın verilməsində problemlər yaşanır. Vətəndaşlar hər il bu problemlərlə üz-üzə qaldıqlarını bildirirlər: "Evə qonaq gələndə üzümüz qara olur. Çox zaman elektrik sobasında yemək hazırlayırıq. Nə yayda, nə də qışda normal qazla təmin olunmuruq. Maraqlıdır, aidiyyəti qurumlar hara baxır? Niyə bayram günlərində camaatı qaz üzünə həsrət qoyurlar? Bu işə bir əncam çəksinlər".

Sakinlər dəfələrlə qaz təminatındakı nöqsanlarla bağlı "Azəriqaz" İstehsalat Birliyinin Suraxanı Qaz İdarəsinə müraciət etsələr də, müraciəti araşdıran olmayıb. Deyilənə görə Suraxanı Qaz İdarəsinin fəaliyyətində kifayət qədər çatışmazlıqlar var. Orada çalışanların əksəriyyəti işinin öhdəsindən layiqincə gələ bilmir və işinə qarşı laqeyd münasibət göstərir. Vətəndaşları nə qəbul edirlər, nə də şikayətlərinə baxan tapılmır. Ona görə də vətəndaşlar hara və kimə müraciət edəcəklərini bilmirlər. Mətbuatda müraciət edərək problemlərinin işıqlandırılmasını istəyən sakinlər lazımi yerlərdən kömək gözləyirlər.

Əldə etdiyimiz məlumata görə Suraxanı Qaz İstismar Sahəsinin rəisi də "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin yaxın adamıdır.

Bütün bunlar onu göstərir ki, Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacıyevə arxalandığından üzərinə düşən öhdəliklərin lazımi qaydada yerinə yetirməkdən qaçır.

Vətəndaşları narahat edən digər məsələ isə verilən qazdan xoşagəlməz qoxunun gəlməsidir. Sakinlər deyirlər ki, çox zaman qazdan qəribə iy gəlir. Bu məsələ sakinləri narahat etməyə başlayıb.

Bütün yaşananlar, baş verən hadisələr bir daha göstərmiş olur ki, "Azəriqaz" bu gün öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Həmçinin qeyd olunan nöqsanlarla bağlı vətəndaşlar quruma şikayət etdikdə də, edilən müraciət və şikayətlərə baxılmır. Və hansısa şikayətə heç bir reaksiya verilmir.

Əksinə, "Azəriqaz"dakı problemlər günü-gündən daha da artaraq, daha geniş vüsət almış olur. Tez-tez qaz kəsilmələri, qaz sızmaları, qazın fasilələrlə verilməsi demək olar ki, hər gün daxil olan şikayətlərdəndir. Bakıətrafı qəsəbələrdə vəziyyət daha acınacaqlıdır. Media qurumu olaraq bu kimi məsələləri işıqlandırsaq da, heç bir irəliləyiş hiss olunmur.

Mütəxəssislərin sözlərinə görə, indi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Yanmayan zəhərli qaz sızması mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir.

Qeyd edək ki, "Qaz təchizatı" Haqqında Qanuna görə, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir. Yeni qazlaşma sahəsində vəziyyət çox ağırdır. Əvvəllər əhaliyə verilən təbii qaz təmizlənib, ziyanlı, yanmayan qazlardan, tərkibindəki toz, qum qatışığından ayrılaraq verilirdi. O vaxt istehsal edən ayrı təşkilat (ARDNŞ), istismar edən (Azəriqaz QSC) ayrı təşkilat idi.