backend

Direktor Firəngiz Həsənova sinif otaqlarını repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərə icarəyə verib

Direktor Firəngiz Həsənova sinif otaqlarını repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərə icarəyə verib
















Məktəb rəhbərinin məsələyə münasibəti isə belə oldu: "Gedin əlinizdən gələni beş qaba çəkin"

Nazir Mikayıl Cabbarov sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla keçirdiyi görüşdə bəzi maraqlı məqamlara toxundu. Nazir bildirdi ki, 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.

"Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsil alanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var. Məktəb şagirdini yalnız ali təhsil almağa deyil, həm də onu həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir. Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır", deyə Mikayıl Cabbarov vurğulayıb. Nazir həmçinin məktəb direktorlarını işlərinə məsuliyyətlə yanaşmağı tapşırıb. Təəssüf ki, bəzi məktəb rəhbərləri nazirin qarşıya qoyduğu tapşırıqları istənilən səviyyədə icra edə bilmirlər. Məsələn, paytaxtın 53 nömrəli orta məktəbində bir sıra problemlər hökm sürür ki, bunun səbəbkarı kimi direktor Firəngiz Həsənova göstərilir. 2005-ci ildən direktor vəzifəsində çalışan Firəngiz xanımın orta təhsil ocağının fəaliyyətini iflic hala saldığı iddia edilir. Xatırladaq ki, bir neçə il əvvəl 53 nömrəli orta məktəbdə hərbi fənni tədris edən Rövşən İsmayılov haqsız yerə işdən çıxarılması barədə şok faktları açıqlamışdı: "Səbəb bircə bu oldu ki, mən səninlə işləmək istəmirəm. Elə başa düşdüm ki, yeni gəlib, kadrları öz adamları ilə əvəz etmək istəyir. Dedim mənim üçün problem deyil, əgər siz işləmək istəmirsinizsə, siz gedin, mən niyə gedim ki? Bu söhbətin üstündən 1 il keçdi, 1 il müddətində məktəbdə ab-hava tamam dəyişdi, özbaşınalıq hökm sürürdü. Bir müddət sonra isə bir də baxdım ki, mənim jurnaldakı səhifələrim cırılır, mənim yazdığım qiymətlər qalır bir kənara, o səhifələri cırırlar, özləri qiymət yazırlar, mən artıq dözə bilmədim, Təhsil Nazirliyinə və prokurorluğa şikayət etdim. 2010-cu ildə "2" alan 11-ci sinif şagirdlərinə, hansı ki, mən onların üzünü məktəbdə görmürdüm, dedi ki, bu uşaqlara qiymət yazacaqsan. Dedim niyə, dedi ki, bunlardan biri filan adamın uşağıdır, o biri filankəsdir, belə bəhanələr gətirdi. Sonra gördüm ki, mənim o uşaqlara yazdığım "2"-lər qalıb kənarda, o uşaqlara kafi qiymətlər yazılıb". Bildirək ki, həmin vaxt Firəngiz Həsənova öz qanunsuz əməllərinə başqa don geyindirməyə nail olmuşdu. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, direktor dövlətin balansında olan təhsil müəssisəsini sanki şəxsi mülkü kimi idarə edir: "Birinci onu deyim ki, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti çox aşağıdır. Dərs ili yenicə başlayıb, amma 10 və 11-ci sinifdə oxuyan şagirdlərin bir hissəsi indidən tədris prosesindən yayınırlar. Bunun səbəbi hər birimizə məlumdur. Çünki həmin şagirdlər repititor yanında ali məktəblərə hazırlaşırlar. Buna görə də direktorla "anlaşıb" həftənin bir neçə gününü dərsə gəlmirlər. Dövlət tərəfindən 53 nömrəli orta məktəbdə yüksək tədris prosesinin təşkil olunması məqsədilə hər cür şərait yaradılıb. Buna rəğmən, direktor məktəbə lazım olan səviyyədə rəhbərlik edə bilmir. Belə ki, o, sinif otaqlarının bir neçəsini repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə verir. Bu, qanunsuzluqdur, özbaşınalıqdır. Direktorun məktəbin sinif otaqlarını kimlərəsə icarəyə verməyə nə haqqı var? Digər tərəfdən, məktəbin açıq futbol meydançası da saatı 60 manata icarəyə verilir. Futbol həvəskarları hər gün burda futbol oynayırlar. Burdan əldə olunan gəlirin birbaşa direktora çatdığı vurğulanır". Məsələyə aydınlıq gətirmək üçün 53 nömrəli orta məktəbin direktoru Firəngiz Həsənova ilə əlaqə saxladıq. Onun cavabı isə qısa oldu: "Gedin əlinizdən gələni beş qaba çəkin". Bu sözləri deyəndən sonra direktor dəstəyi asdı. Bu da sizin vəzifədə saxladığınız məktəb direktoru, Mikayıl müəllim! Hörmətli nazir biz sizə Firəngiz Həsənovanın repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərə icarəyə verdiyi sinif otaqlarının şəkillərini təqdim edirik. Buyurun baxın və nəticəni özünüz çıxarın. Növbəti saylarımızda 53 nömrəli orta məktəbdə müəllimlər gününə hazırlıqla bağlı yazı dərc edəcəyik.

P.S. Firəngiz Həsənovanın bildiklərini bizdə bilirik. /gundelik-baki/