backend

Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb

Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb


























Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb; rəsmi qurumlar sakinlərin səsini eşidəcəkmi: “Pəncərəni aça bilmirik, havadan leş iyi gəlir”

Bir zamanlar “Kərpic zavodu”nun ərazisi kimi tanınan, Xətai və Suraxanı rayonlarının kəsişməsində yerləşən, hektarlarla sahəni əhatə edən ərazi indi başdan-ayağa zibilxanaya çevrilib. Bu barədə müsavat.com-a adının çəkilməsini istəməyən sakinlər məlumat verib.

Yerli əhalinin sözlərinə görə, 80-ci illərdə buralar Bakının ucqarlarından sayıldığı və yaşayış obyektləri az olduğu üçün bu ünvanda kərpic zavodunun fəaliyyət göstərməsi ciddi problem yaratmayıb.

Lakin sonradan “Yeni Günəşli” və “Köhnə Günəşli” qəsəbələrində kütləvi tikinti işlərinin aparılması, bu əraziyə on minlərlə sakinin köçməsi şəraitində fəaliyyət göstərən kərpic zavodu ciddi narazılıqlar doğurub. Zavodun bir hissəsi hazırda fəaliyyətini dayandırsa da, bəzi sexlər işləyir.

Lakin sexlərin köhnə avadanlıqlarla fəaliyyətini davam etdirməsi səbəbindən ətraf mühit ciddi şəkildə çirklənir. “Evimizin pəncərəsini açıq qoya bilmirik, pəncərəni açan kimi toz-torpaq evə dolur, külək zavoddan çıxan bütün tozu-hisi başımıza ələyir”-deyə, sakinlərdən biri şikayətlənir. Sakinlər iddia edir ki, zavodun ətrafa yaydığı toz-torpaq astma, xərçəng kimi xəstəliklərə də səbəb olur. Ona görə də əhali əlaqədar qurumlardan bu zavodun ya birdəfəlik qapadılmasını, ya da başqa əraziyə köçürülməsini xahiş edir.

Yeni və Köhnə Günəşli sakinləri zavoddan əvvəlki illərdə də mətbuata şikayətçi olub. Lakin bəzi qurumların reydlərindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişlərinin müdiriyyəti cərimələməsindən başqa hər hansı təsirli tədbirlər görülməyib. Üstəlik, bu şikayətlərin “cavabı” olaraq yaxınlıqda əlavə iki zavod da istifadəyə verilib. Asfalt istehsalı ilə məşğul olan bu zavodlar həm havanı çikləndirməsi, həm də gecəli-gündüzlü səs-küyü ilə də sakinlərin rahatlığını əməlli-başlı pozub. Sakinlərdən biri zarafatla “biz şikayət edib dedik dərdimizə dəva gətirin, demədik ki, dəvə gətirin” söyləyir. Suraxanı sakinlərindən biri əlavə edir ki, kərpic zavodunun his-pasından, üstəlik, yaxınlıqdakı qum, daş bazarının toz-torpağından çarə umduqları halda, onlara daha bir asfaltzavod “hədiyyə etdilər”. Bundan sonra isə bəzi sakinlər evlərini dəyər-dəyməzə satıb bu ərazidən köçmək fikrinə düşüblər. “Hələ biz şükürlüyük, küləkli havada bütün toz-torpaq ”Zığ" sakinlərinin başına tökülür"-başqa birisi əlavə edir.

“Köhnə Günəşli”nin sakinlərindən biri, adının çəkilməsini istəməyən taksi sürücüsü isə deyir ki, onların işi lap çətindir: “Qardaş, yazmağın xeyri yoxdur. Buraları Balaxanı zibilliyinə döndəriblər. Gecə-gündüz bu əraziyə torpaq, daş, zibil dolu maşınlar gəlir, uçurumdan üzüaşağı zibili boşaldıb gedirlər. Bura artıq məşhur zibilxana kimi tanınır. Deyilənə görə, bu ərazini doldurub sonra satmaq qərarı verilib. Bütün günü zibil maşınlarının ətrafa səpələdiyi toz-torpağı uduruq. Təkcə toz olsaydı dərd yarı idi. Elə bugünlərdə Qurban bayramı münasibətilə kəsilən mal-qoyunun bütün içalatını yığıb bu əraziyə töküblər. İy-qoxudan evimizdə də otura bilmirik, pəncərəni açıq qoymaq mümkün deyil. Vaxt vardı Əhmədli ekoloji təmizliyinə görə nümunə çəkilirdi, buranın havası adla deyilirdi. Hətta rəhmətlik Heydər Əliyev özü demişdi ki, Əhmədlidə evinin olmasını istəyirmiş. İndi işbazlar elə vəziyyət yaradıblar ki, adam nəfəs ala bilmir. Pəncərəni aça bilmirik, havadan leş iyi gəlir. İnanmırsınızsa, bir az qabağa gedin, orda özünüz vəziyyətin şahidi olacaqsınız”.
Ağsaqqalın dediyi istiqamətdə bir neçə yüz metr irəlilədikdən sonra doğrudan da fəlakətli vəziyyətin hökm sürdüyünün şahidi olduq. Maşın-maşın zibil qalaqlarından, söküntü materiallarından təpələr yaradılıb, bəzi qalaqlara isə od vurulub, tüstülənir, ətrafa pis qoxu yayılır. Leş iyi ətrafı bürüyüb. Təpənin üstündən isə uçurumun aşağısı hissəsinə zibil daşıyan yük maşınlarının intensiv hərəkəti aydın görünür. Ətrafı toz dumanı bürüyüb...

Söhbət əsnasında məlum oldu ki, sakinlər vəziyyət barədə əlaqədar qurumlara bir neçə dəfə şikayət etsələr də, faydası olmayıb. Onlara deyilib ki, Xətai və Suraxanının icra hakimiyyətləri vəziyyətdən nəinki xəbərdardırlar, hətta onlara böyük bir ərazinin doldurulub sonra başqa məqsədlər üçün istifadə olunması barədə tapşırıq da veriblər. Bəzi doldurulub-hamarlanmış ərazilər isə artıq müştərilərə baha qiymətə satılıb. Lakin sakinlər ərazinin faydalı məqsədlər üçün istismar olunmasının əleyhinə deyillər, sadəcə, xəstəlik mənbəyi olan zir-zibilin, üfunət qoxuyan əşyaların, qəssabxana qalıqlarının bu əraziyə daşınmasına etiraz edirlər.
Növbəti saylarımızda adıçəkilən icra hakimiyyətlərinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də vəziyyətlə əlaqədar mövqeyini öyrənməyə çalışacağıq

Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb
Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb
Balaxanı zibilliyi Köhnə və Yeni Günəşli arasındakı əraziyə köçürülüb