backend

"Hara baxırsan saqqallı adamları görürsən, axırı gəlib məktəblərə də yol tapıblar"

"Hara baxırsan saqqallı adamları görürsən, axırı gəlib məktəblərə də yol tapıblar"




















Təhsil - hər bir dövlətin zəka aynasıdır.

Hər bir cəmiyyətin təhsili- onun vətəndaş cəmiyyətinin idrak və təfəkkürünün formalaşmasına xidmət edir.
Lakin təhsilimizi nurlu sabahımıza doğru deyil, dünənin cahilliyinə doğru sürükləyənlər belə düşünmürlər.. Belələri təhsili ambisioz maraqlarına xidmət etdirərək dövlətçilik prinsiplərinə xələl gətirirlər. Şirvan şəhər 9 saylı orta məktəbin direktoru Əlizadə Hüseynov da məhz belə maraqlara xidmət edir. Direktor olduğu məktəbi özü üçün "diniləşdirərək" mədrəsəyə döndərən Əlizadə Hüseynov təhsil müəssisəsini primitiv qaydalar əsasında idarə edir. Məktəbə azyaşlı övladlarını aparıb- gətirən anaların şalvar geyindikləri təqdirdə məktəbin həyətinə buraxılmamaları barədə tapşırıq verən Əlizadə Hüseynov, malik olduğu dini-ekstremist sektorun sifarişi əsasında məktəbi sanki orta əsr mədrəsəsinə döndərib. Şirvan şəhər 9 saylı orta məktəbdə təhsil alan şagirdlərin valideynləri redaksiyamıza üz tutaraq sözügedən məktəbdə baş verənlərdən narahat olduqlarını bildirərək bizdən kömək istəyirlər. Onların sözlərinə görə azyaşlı uşaqlarını aparıb sinif otaqlarına belə təhvil verməyə icazə vermirlər. Kimisini şalvar geyindiyinə görə, kimisini də qısa yubka geyindiyinə görə məktəbin kandarına belə buraxmırlar. Bu üzdən uşaqlarımız əziyyət çəkir: "Biz başa düşmürük bura İsfahandır yoxsa Azərbaycan?! Bu nə rüsvayçılıqdır, belə bir qanun maddəsi yoxdur ki, valideynin geyimi əsasında məktəbə giriş qadağan olunsun" - deyə etiraz səslərini ucaldan valideynlər, bu özbaşınalığı direktorun malik olduğu hansısa cərəyan qrupunda olması ilə izah edirlər; "Hara baxırsan saqqallı görürsən, axırı məktəblərə də yol tapıblar". Əlizadə Hüseynovun şəxsi tapşırığına əsasən məktəbə daxil olan valideynlər primitiv standartlar əsasında görünməlidirlər. Şalvar, mini yubka və s. modern üslublu geyimlə bu məktəbin həyətinə belə buraxılması Əlizadə Hüseynov tərəfindən yasaqlanıb. Əlizadə Hüseynov məktəbi anlaşılmaz strategiya əsasında idarə edərək məktəbdə qeyri -qanuni şəkildə nizam- intizam yaratmağa cəhd edir. Müasirlik baxımından deyil, cəhalətə üstünlük verərək hətta azyaşlı övladlarını məktəbdən götürməyə gələn müasir geyimli vətəndaşları belə məktəbin həyətinə buraxmır. Maraqlıdır, görəsən Əlizadə Hüseynov hansı cərəyana aiddir ki ölkə təhsilində "inqilab" edərək keçmişin qalığı sayılan üsul -rejim əsasında fəaliyyət göstərir?! Hətta bizə verilən məlumatlara görə, Əlizadə Hüseynov, mənsub olduğu yerli dini qruplaşmaların maliyyələşməsinə belə yaxından köməklik göstərir. 9 saylı orta məktəbi mollaxanaya döndərərək sərt islam qanunlarına üstünlük verən Əlizadə Hüseynov, görünür ki, coğrafiya fənnindən heç də yaxsı qiymətlər almayıb. Əks halda, Azərbaycanı qonşu İranla səhv salmazdı. Ölkədə Əlizadə Hüseynov kimilərinin ideoloji kökünü kəsmək və həmçinin əcaib cərəyanların zərərsizləşməsi yönündə ciddi mübarizə tədbirlərinin aparılmasına baxmayaraq dövlətin müasirləşən təhsil müəssisəsini orta əsr ciddi rejimli kaloniyaya döndərib. Əlizadə Hüseynov kimi məktəb direktorunun fəaliyyəti, ölkənin təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülməli və bu kimi xoşagəlməz halların gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlər planı həyata keçirilməlidir. Şəhidlik zirvəsinə ucalmış milli qəhrəman Nofəl Quliyevin adını daşıyan məktəbə Əlizadə Hüseynov kimisi deyil, müasir vətəndaş cəmiyyətinin tələblərinə cavab verən ölkə ziyalısı lazımdır. Bizsə sonda üzümüzü Əlizadə Hüseynova tutub deyirik; Təhsil bizim bugünümüzün nurlu sabahına xidmət etməlidir Əlizadə müəllim, şirvanlıları incitmək yox, maarifləndirmək lazımdır!